AZ

Şoltsla Zelenskinin telefon danışığı oldu

Almaniya kansleri Olaf Şolts Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb.

"Unikal" xəbər verir ki, Şolts bu barədə X sosial şəbəkəsindəki hesabında bildirib. 

"Biz Avropa və beynəlxalq tərəfdaşlarımızla sıx koordinasiyada Ukraynaya hərbi dəstəyimizi davam etdirəcəyik", - Almaniya kansleri yazıb.

Onun sözlərinə görə, o, Zelenski ilə razılaşıb ki, tərəflər ədalətli sülhə aparan mümkün yolları müzakirə etmək məqsədilə təmasları davam etdirəcəklər.

Ukrayna prezidenti də Almaniya kansleri ilə telefon danışıqları barədə məlumat verib.

“Mən kansler Olaf Şoltsla danışdım və Almaniyanın Ukraynanı dəstəkləməkdə liderliyinə, xüsusən də artıq minlərlə insanın həyatını xilas edən Patriot və IRIS-T sistemləri ilə hava hücumundan müdafiə imkanlarımızı gücləndirdiyinə görə ona təşəkkür etdim”, - deyə o, sosial mediada yazıb.

Zelenskinin sözlərinə görə, tərəflər “həm ikitərəfli, həm də tərəfdaşlarla Ukraynanın özünü müdafiə qabiliyyətini daha da gücləndirə biləcək həlledici birgə addımları” müzakirə ediblər.

“Rusiyaya təzyiqin artırılması və Ukraynanın bütün cəbhələrdə mövqeyinin gücləndirilməsi təcavüzkarı real sülhə məcbur etmək üçün çox vacibdir. Kansler Şolts da Putinlə söhbətinin təfərrüatlarını bölüşüb. Aydındır ki, yalnız silah və diplomatiyanın birləşmiş gücü bu müharibədə kimin məsuliyyət daşıyırsa, onu dayandırmağa məcbur edə bilər. Əsl sülhə ancaq güc yolu ilə nail olmaq olar”, - deyə Zelenski əlavə edib.

Xatırladaq ki, noyabrın ortalarında Şolts Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.

Putinlə danışıqlardan sonra Şolts bildirib ki, Kremlin Ukraynadakı müharibə ilə bağlı mövqeyi dəyişməyib.

Öz növbəsində Moskva Ukrayna ilə bağlı danışıqlara açıq olduğunu bildirib.

Seçilən
36
43
unikal.az

10Mənbələr