AZ

Azərbaycan gələn il karate üzrə iki beynəlxalq yarışa ev sahibliyi edəcək

Azərbaycan 2025-ci ildə karate üzrə iki beynəlxalq yarışa ev sahibliyi edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyev jurnalistlərə açıqlamasında deyib.

O, həmin turnirlərdə 10-dək ölkənin idmançılarının iştirak edəcəyini diqqətə çatdırıb: "Bu ölkələr ənənəvi olaraq həmişə həmin yarışlarda təmsil olunurlar. Hazırda gələn il üçün bu iki turnirin təşkilinə fokuslanmışıq".

Bakıda bu gün açılış mərasimi keçirilən uşaq, yeniyetmə və gənclər arasında 29-cu ölkə birinciliyi, böyüklər və parakarateçilər arasında 32-ci ölkə çempionatından da söz açan federasiya rəhbəri yarışlarda 600-dən çox idmançının mübarizə apardığını qeyd edib: "Çempionatda Azərbaycanın demək olar ki, bütün regionlarından karateçilər təmsil olunur. Əsas məqsədimiz milli komandanı formalaşdırmaqdır. Mükafatçılar sırasına düşən idmançılarımız gələn il keçiriləcək beynəlxalq turnirlərdə yığmamızın heyətində yer alaraq, ölkəmizi təmsil edəcəklər. Bizi gələn il Avropa çempionatı, İslam Həmrəylik Oyunları və Müstəqil Dövlətlər Birliyinin (MDB) Oyunları kimi vacib turnirlər gözləyir. Milli komanda formalaşdıqdan sonra təlim-məşq toplanışlarına start verəcək və gələn il üçün bütün yaş kateqoriyaları üzrə yarışlara hazırlaşacağıq. Ümid edirəm ki, ötən illərdə olduğu kimi, bu dəfə də idmançılarımız bizləri yaxşı nəticələrlə sevindirəcəklər".

Qeyd edək ki, ötən gün start götürən ölkə birinciliyi və çempionatına dekabrın 1-də yekun vurulacaq.

Seçilən
13
1
yeniazerbaycan.com

2Mənbələr