AZ

Avropanın müxtəlif ölkələrində 6 milyondan çox türk yaşayır...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən "MÜSİAD EXPO" XX Beynəlxalq Ticarət Sərgisini ziyarət edib. SİA xəbər verir ki, dörd gün davam edən sərgidə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə Azərbaycanın 10-a yaxın yerli sahibkarının məhsul və xidmətləri nümayiş olunub.

KOBİA-nın tədbirdə açılan stendində qida, sənaye, tikinti, bərpaolunan enerji, parfümeriya sahələrində məhsullar və xidmətlər sərgilənib. Stenddə, eyni zamanda, KOBİA və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO tərəfindən Azərbaycanın investisiya və ixrac imkanlarına, sahibkarlara göstərilən dəstək və xidmətlərə dair məlumat verilib.

Tədbirdə çıxış edən Prezident Ərdoğan hazırda dünyadakı ən böyük problemlərdən olan qeyri-qanuni miqrasiyaya diqqət çəkib.

Bildirilib ki, bu gün Türkiyə əksəriyyəti suriyalı olmaqla təxminən 3,5 milyon miqranta ev sahibliyi edir. Həmçinin hazırda əksəriyyəti Almaniyada olmaqla, Avropanın müxtəlif ölkələrində 6 milyondan çox türk yaşayır və bu ölkənin iqtisadiyyatına mühüm töhfələr verir.

Bu ilin sonunadək Türkiyənin milli gəlirinin 1 trilyon 331 milyard dollara çatacağının gözlənildiyini deyən ölkə başçısı zəlzələ bölgəsinin bərpası və yenidən qurulması üçün indiyədək təxminən 72 milyard dollar məbləğində vəsaitin xərcləndiyini bildirib.

Qeyd edək ki, bu il "Qlobal ticarət burada" devizi altında keçirilən sərgidə 19 ölkə 300-dən çox şirkət tərəfindən təmsil olunub. Tədbirdə toxuculuq, maşınqayırma, inşaat, enerji, qida, müdafiə sənayesi və qabaqcıl texnologiya firmaları başda olmaqla, 24 müxtəlif sahə üzrə məhsul nümayiş edilib.

Ümumilikdə 115 ölkədən 2150 iştirakçının qatıldığı tədbirdə 88 ölkədən 650-dən artıq satınalma heyəti iştirak edib.

Tədbirin bu il üçün nəzərdə tutulan əsas hədəfi iştirakçı ölkələr arasında ticarət həcminin 1 milyard ABŞ dollarına çatmasıdır.

Seçilən
31
1
sesqazeti.az

2Mənbələr