AZ

Gecikən qələbə

“Sabah” Azərbaycan Premyer Liqasında 7 oyunluq qələbəsizlik seriyasını bitirib. “Bayquş”lar “Bank Respublika Arena”da “Səbail”i minimal hesabla üstələyib – 1:0.

Bu, həm də “Sabah”ın yeni baş məşqçisi Vasili Berezutskinin çempionatdakı debütü idi. Bir neçə gün əvvəl komandaya baş məşqçi təyin edilən mütəxəssisin ciddi bir işi görünmədi. Yeganə maraq və təəccüblə qarşılanan məqam kapitanlıq sarğısının slovakiyalı hücumçu Pavol Şafrankoya verilməsi oldu. Rusiyalı məşqçi matçdan sonra qərarını forvarda psixoloji dəstək verməklə bağlı olduğunu ifadə etdi.

Havaların soyumasının da təsiri ilə arenada azsaylı azarkeş var idi. Bir az “Sabah”ın, bir az isə “Səbail”in dəstəkçiləri ara-sıra şüarlarla komandalarına enerji ötürürdü. Buna baxmayaraq, daha çox meydandakı səslərin aydın eşidildiyi oyunlardan idi. Xüsusilə, qonaq komandanın baş məşqçisi Cavid Hüseynovun oyunçuları demək olar, bir-bir yönləndirməsi, kənardan tapşırıqları verməsi maraqlı anlar yaradırdı. Hüseynov, xüsusilə, oyunun sonlarına yaxın daha emosional olmuşdu.

Qol epizodlarını az olduğu görüş “Sabah”ın qələbəsiylə başa çatdı. Bunu yeni baş məşqçinin ayağına yazmaq olarmı? Təbii ki, xeyr. Fərdi keyfiyyətləri hesabına fərqlənməyi bacaran “bayquşlar”da indiki məqamda yeni bir oyun üslubu sezilmədi. Berezutskinin işi haqda daha dolğun danışa bilməkçün qışı gözləmək lazımdır.

“Səbail”də isə heyət çatışmazlığı üzündən eniş davam edir. Hücum xəttində aktivlik göstərə bilməyən “dənizçilər” rəqib cərimə meydançasına rahat gəlsə də, davamını gətirmək alınmır. Mərkəz hücumçusunun yoxluğu fonunda əsas yük cinah oyunçularına düşmüşdü. Lakin onlar da “Sabah” səfərində fərq yarada bilmədi.

“Sabah” qələbə sayəsində müvəqqəti 4-cü sıraya yüksəldi. “Səbail” isə 9-cu pillədə qərar qaldı.

Şahin Cəfərov

Seçilən
85
futbolpress.az

1Mənbələr