Azərbaycan və Ermənistan arasında kommunikasiyaların açılması Naxçıvana çıxış üçün maneəsiz keçidin verilməsi ilə məqbul hesab oluna bilər. Azərbaycanın bu tələbi dəyişmir.
Bu sözləri Teleqraf.com-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.
Onun fikrincə həll yolu bu iki variantla mümkündür:
“Ya 10 noyabr razılaşmasına uyğun olaraq Zəngəzur dəhlizi məsələsi həll ediləcək. Bu zaman da bu proseslərin təhlükəsizliyi Rusiya tərəfindən qorunacaq. Bunu da İrəvanı dəstəkləyən Qərb qüvvələr istəmirlər.
İkinci variant isə Ermənistan Azərbaycana Naxçıvana maneəsiz çıxış imkanını özü verməlidir. Yəni Ermənistan 10 noyabr razılaşmasını bir kənara qoyacaq. Mehridən yola açıb, o yoldan istifadə edəcək başqa ölkələr normal qaydada gömrük sərhəd yoxlanışından keçəcək. Amma Azərbaycandan Naxçıvana gedən sərnişinlər və daşınan yüklərə maneəsiz keçid prinsipi tətbiq ediləcək.
Bunu biz vaxtilə də gündəm etmişdik - yəni Kalininqrad dəmir yolu variantı. Bu məsələ Avropa danışığında Brüsseldə də müzakirə olunub”.
Asif Nərimanlı bildirib ki, yeganə məqbul variant Ermənistanın 10 noyabr bəyanatına uyğun dəhlizin açılması ilə razılaşmadığı təqdirdə alternativ variant kimi Naxçıvana maneəsiz keçidin təmin edilməsi ola bilər:
“Burada təhlükəsizliyin qorunması məsələsi var. Burada Ermənistan tərəfi xarici şirkətlərdən də bəhs edir. Amma bu, əsas mübahisəli mövzulardan biridir. Ermənistan özəl şirkət kimi NATO qüvvələrini gətirib orada birləşdirmək istəyir. Bunu biz maraqlı deyilik. Bu, təhlükəsizliyin təmin olunması Ermənistan və Azərbaycan arasında normallaşma prosesi baş verdikdən sonra iki ölkə arasında da həll edilə bilər. Yaxud da ki, Ermənistan tərəfi Azərbaycanın yüklərinə və sərnişinlərinin təhlükəsizliyini qorumaq üçün əlavə imkanlar yarada bilər. Bununla bağlı variantlar müxtəlif ola bilər ki, bunların hər biri də müzakirə mövzusunda ortaya çıxacaq”.
O qeyd edib ki, dekabrda başlaya biləcək danışıqların qısa müddətdə nəticə vermə ehtimalı zəifdir:
“Çünki ortada ziddiyyətli məqamlar var. Xüsusilə Ermənistanın mövqeyi onu göstərir ki, o ziddiyyətli məqamlardan geri çəkilmək niyyətində deyil. Sülh danışıqlarının başlamasında Azərbaycan və Ermənistan arasında iki əsas ziddiyyətli məqamlardan biri sərhədin delimitasiyası və kommunikasiyanın açılmasıdır. Hər iki məsələ, sülh sazişi layihəsindən kənara qoyulub.
Kommunikasiyanın açılması ayrıca müzakirə olunur. Sərhədin delimitasiya məsələsi sonraya saxlanılır. Bu kontekstdə dekabrda aparılacaq sülh danışıqlarında daha çox Ermənistanın konstitusiya və digər hüquqi aktlarının dəyişdirilməsi, o cümlədən sülh sazişi layihəsində razılaşdırılmayan məsələlər (Ermənistan ordusunun məhdud sayda hərbiləşməsi, Azərbaycana qarşı beynəlxalq səviyyədə irəli sürdükləri iddialarından geri çəkilməsi, müharibə dövründə Azərbaycana vurulmuş zərərin təzminatı) müzakirə edilə bilər”.