AZ

ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələ: İrəvan təlaş içində

Rəsmi Bakı ilə Ağ Evin yeni rəhbərliyi arasında ilk təmas artıq reallaşıb. Prezident İlham Əliyev noyabrın 25-də Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa zəng edib. Donald Trampı yenidən Prezident seçilməsi münasibətilə təbrik edən dövlət başçısı qeyd edib ki, seçkilərdə inamlı qələbə Amerika xalqının onun yürütdüyü siyasi xəttə böyük dəstək və etimadının aşkar ifadəsidir. İlham Əliyev vurğulayıb ki, Prezident Donald Trampın fəaliyyəti dünyada təhlükəsizliyin təmin olunmasında daha da önəmli rol oynayacaq. Birinci prezidentlik dövründə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında dostluq və əməkdaşlığın möhkəmlənməsinə Donald Trampın xüsusi diqqət ayırdığını deyən dövlət başçısı ikitərəfli əlaqələrimizin irəli aparılması üçün birgə səylər göstəriləcəyinə ümidvarlığını bildirib.
Prezident Donald Tramp öz növbəsində səmimi təbriklərə görə Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirib. Donald Tramp ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə birgə səylərlə çalışmağın vacibliyini qeyd edib.

İlkin təmas artıq reallaşıb

Göründüyü kimi, artıq Ağ Evə qayıdışa hazırlaşan Tramp və onun administrasiyası qarşıdakı dörd ildə dünya siyasətində hansı rol oynayacağının, müxtəlif bölgələr, o cümlədən Cənubi Qafqazla bağlı hansı mövqenin sərgilənəcəyinin planlarını cızmaqdadır. Bu baxımdan ilkin təmasların bu siyasətin formalaşdırılmasına təsiri və rolu mühüm əhəmiyyət daşıyır. Xatırladaq ki, Prezident İlham Əliyev hələ bir müddət əvvəl - Şuşa mediaforumunda Azərbaycan üçün ən uyğun seçimin məhz Donald Tramp olduğunu demişdi. "Prezident Trampın prezidentliyi dövründə bizim çox səmərəli əməkdaşlığımız olub. Bu əməkdaşlıq qarşılıqlı hörmət üzərində qurulmuşdur və qarşılıqlı dəstəyin yüksək qiymətləndirilməsindən ibarət idi", - Prezident İlham Əliyev bildirib.

Azərbaycanın ali rəhbərliyinin bu açıqlaması rəsmi Bakının qarşıdakı dörd ildə ikitərəfli münasibətlərin yenidən məhz bu prinsiplər - qarşılıqlı hörmət və dəstək üzərində qurulacağına ümid etdiyini göstərir.

Güclü dövlət konsepsiyası

Əslində, Donald Trampın əvvəlki siyasi kursunu davam etdirəcəyi onun seçkiqabağı kampaniya müddətində verdiyi bəyanatlarla da təsdiqlənir. Proqnozlar ondan ibarətdir ki, Tramp ilk prezidentliyi dövründə olduğu kimi, bu dəfə də Vaşinqtonun xarici siyasət kursunu ənənəvi Amerika modelindən çıxararaq özünəməxsus şəkildə davam etdirəcək. Bunun ilkin işartıları da görünməkdədir.
Trampın da siyasi doktrinasının əsasını güclü dövlət konsepsiyası təşkil edir. Hansı ki, bu konsepsiya Azərbaycanın ali rəhbərliyi tərəfindən illəridir reallaşdırılmaqdadır. Məhz bu konsepsiyanın uğurla reallaşdırılması Azərbaycanın beynəlxalq səviyyədə müstəqil xarici siyasət yürütməsinə, milli maraqların güclü şəkildə müdafiə olunmasına şərait yaradır. Yeni reallıqlar dünya güclərinin Bakı ilə hesablaşmaq məcburiyyətində qalmasını zəruri edir.

Güclü lider məfhumu

Təbii ki, bu siyasətin digər mühüm bir faktoru həm də güclü lider məfhumudur. Hansı ki, Prezident İlham Əliyev dörd il öncə Vətən müharibəsində bütün təzyiqlərə baxmayaraq dövlətimizin ərazi bütövlüyü və suverenliyini təmin etməklə xalqının, dövlətinin əsl Lideri olduğunu bütün dünyaya nümayiş etdirib. Bu amil dünyada ədalətin, ənənəvi dəyərlərin qorunması istiqamətində Azərbaycan modelinin nümunə kimi göstərilməsini şərtləndirir.

Seçilən
20
1
publika.az

2Mənbələr