AZ

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Bu gün görkəmli irland şair və yazıçı Oskar Uayldın anım günüdür.

Kulis.az Aygün Qurbanlının "Oskar Uayld - sadəcə dahi" yazısını təqdim edir.

"Hər zaman düşmənlərinizi bağışlayın, heç nə onları bundan daha çox narahat edə bilməz.” ( Oskar Uayld)

Heç bilmirəm məqaləni haqqında yazacağım yazıçının bu sentimental cümləsilə başlamaq düzgündürmü ya yox. Əslində düzgündür desəm yanılmaram, Oskar Uayld 19-cu əsrdə yaşamış olsa da 21-ci əsr insanını öz zəkasına valeh edən müəllifdir. Onun haqqında yazmaq istəyəndə məqaləni xarici müəlliflərdən sadəcə tərcümələrlə başlayaraq kifayətlənəcəkdim, ancaq onun yaradıcılığını, xüsusilə həyatını araşdırdıqdan sonra heç bir müəllifin tərcüməsi demək istədiklərimi oxucuya çatdıra bilməz deyə düşündüm.

Yazıçının həyatını araşdırarkən müxtəlif hisslərə qapılırsan, gah müsbət, gah mənfi obrazın içində itib-batırsan. Bu dahi adamın ağlını başdan ala bilirdi, yazılarının üstündən illər keçir, ancaq onlar bədii gözəlliyini, dəyərini ən başlıcası isə dərin psixaloji mənasını itirməyib. Oskar Uayld yazmaq üçün yaşamayıb, o elə yaşadığını yazıb, onun yazılarında nə yalan var nə şişirtmə. Hər halda nəyi necə düşünürdüsə elə də yaşayırdı və elə onları da qələmə alırdı. Başqa sözlə desəm, Oskar Uayld uydurmaçı- nağılpərəst deyildi. Düşündüklərini çılpaqlığı ilə dilə gətirən,buna görə də iti zəkalı və kəskin dilli bir insan obrazı yaratmış bu yazıçı, məhşurlar içində həm də ən paradoksal şəxsiyyət idi. Bizim hamımızın içində həm Cənnət həm Cəhənnəm var deyən dahi, bir insanın hər iki xüsusiyətlərə malik ola biləcəyini danmırdı və həyatı boyunca da bunun əksinə gedəcək şəkildə yaşamadı. Bu yazıçıda bir ananın öz balasına göstərdiyi qayğıdan doğan lətafət və sevgidən tutmuş, cəmiyyətin əxlaqsız həyat tərzi adlandırdığı ziyankar vərdişlərə qədər vardı. Bütün bunlara baxmayaraq, Oskar Uayld sevimli yazçıdır, təmiz insandır, hər halda riyakar şəxsiyyət deyildi.

Oskarın Uayldın nağılları haqda danışarkən ədəbiyyatşünaslar "onlar təkcə uşaqlar üçün deyil, həm də böyüklər üçün idi" deyirlər, çünki Oskarın nağılları dərin mənəvi problemlərlə – dini və sevgiyə aid suallarla dolu olurdu. Bu kədərli və düşündürücü nağıllarda müəllifin iti ağlının imzasını görürük - ana ördək balalarına dərs verərkən söyləyir, "Siz gərgin əmək göstərməyənə qədər heç vaxt yaxşı cəmiyyətdə yaşamayacaqsınız!" Oskar Uayldı məhz buna görə sevimli yazıçı adlandırıram, o, uşaqlar üçün heç bir ananın övladına düzüb-qoşa bilmədiyi şəkildə humanist, əməksevər fikirlər aşılayaraq nağıllar yazırdı.

Onu qısaca belə təqdim etmək olar: Oskar Uayld (ing. Oscar Wilde), bütöv adı Oskar Finqal O`Flaerti Uillis Uayld. 1854-cü il Oktyabrın 16-sında Dublində doğulub, 1900-cu il Noyabrın 30-unda Parisdə vəfat edib. İrland filosofu, yazıçısı, şairi, Viktoriya dövrünün sonlarının ən məhşur dramarurqlarından biri, London dendisi (dəblə geyinəni) və bir–birinə zidd aforizmlərin müəllifi.

Yazıçının həyat və yaradıcılığı haqda müxtəlif mənbələrdə deyilənlər...

Oskar gözünü mədəni ailədə açmışdı, valideynləri ziyalı insanlar idilər, atası Uilyam Uayld İrlandiyanın aparıcı qulaq və göz xürurqu idi və ona 1864-cü ildə İrlandiya əhalisi, mədəni, ədəbi, siyasi irsinin qeydə alınmasında köməkçi komissioner və məsləhətçi xidmətlərinə görə cəngavər nişanı verilmişdi. Anası Ceyn Uayld "Speranza" (p.s. italyanca ümid mənasını verir) təxəllüsü ilə Gənc İrlandlar inqilabçı təşkilatına şeirlər yazırdı və bu şeirlərdəki sevgini oğullarına da aşılayırdı. Anası Oskarı millətçi ruhda böyütməsinə baxmayaraq, Oskar heç vaxt millətçi olmadı. Ceyn Uayld evində ədəbi məclislər təşkil edirdi və Oskar Uayld körpəliyindən bu məclislərin içində böyümüşdü. Dayələri ona erkən yaşlarından Fransızca və Almanca səlis danışmağı öyrətmişdilər. O, əvvəlcə Dublində Triniti Kollecini daha sonra Oksford Universitetini bitirir. Oksfordda təmiz ingilis aksenti öyrənir: "Mənim İrland aksentim Oksfordda unutduğum çox şeylərdən biridir" deyirdi. Məhz Oksfordda onun incəsənət fəlsəfəsi yaranır. Onun adı artıq müxtəlif şaiyə tipli hekayələrdə yayılırdı, belə hekayətlərin birində deyilirdi ki, guya onu sevməyən və qəbul etməyən tələbə yoldaşları və bir qrup idmançılar ona dərs vermək üçün yüksəkliyə sürüyüb oradan da üzü aşağı atırlar. O, ayağa qalxır, üst-başının tozunu çırpıb belə deyir: "Yüksəklikdən bu mənzərə həqiqətən çox gözəldir!" Məhz elə bu da Oskarın ehtiyac duyduğu bir şey idi, hansı ki, sonralar etiraf edirdi: "İnsanın həyatındakı həqiqət onun etdikləri deyil, onun haqda deyilənlərdir ki, onu əhatə edir. Heç vaxt rəvayətləri məhv etməyin. Onların vasitəsilə biz insanın əsl üzünü dumanlı da olsa görə bilərik".

Oksfordda Uayld incəsənət nəzəriyyəsindən Con Raskinin və Uolter Peyterin mühazirələrini dinləyirdi. Hər ikisi gözəlliyi vəsf edirdilər, lakin Raskin gözəlliyi xeyirxahlıqla sintezdə görürdüsə də, Peyter gözəlliyə bir qədər də bəd xasiyyət, ziyankarlıq qatmağın da tərəfdarı idi. Oskar bütün Oksford dövrünü Raskinə məftunluqla keçirdi. Və daha sonra məktubunda yazırdı: "Sizdə peyğəmbərlikdən, ruhanilikdən, şairlikdən nəsə var; bundan əlavə allahlar sizi elə gözəl bəlağətli nitqlə yaradıblar ki, başqa heç kimi belə yaratmamışdılar, Sizin ehtiras dolu və gözəl ahəngli sözləriniz aramızdakı karları eşitməyə, korları görməyə vadar edir".

Oskar Uayld adı yuxarıda çəkilən müəllimlərinin başçılığı ilə qalxmaqda olan Estetizm fəlsəfəsinə bağlılığı ilə məhşurluq qazanır. (p.s. Estetizm fəlsəfəsi (və ya Estetizm Hərəkatı da adlandırırlar) bir incəsənət hərəkatıdır ki, ədəbiyyatda, rəsm əsərləri, musiqi və digər incəsənət əsərləri üçün sosial-siyasi mövzulardan daha çox estetik dəyərlərin vurğulanmasını dəstəkləyir. Bu hərəkat 19-cu əsrdə xüsusilə məhşur idi, lakin müasir tənqidçilərdən də bu fikri dəstəkləyənlər var. Müasirimiz Harold Blum son zamanlarda sosial-siyasi idealogiyaların ədəbi əsərlərə daşınmasına etiraz edərək bunu ötən əsrdə humanizm dəyərlərinin inkişafında ciddi problem kimi gördüyünü qeyd edir).

Universiteti bitirdikdən sonra Oskar Londona köçür. İstedadı, iti zəkası və diqqəti cəlb edə bilmə qabiliyyətinə görə Uayld Londonun sosial həyatına tezliklə qoşula bilir. Zalları onun haqda belə deyərək doldururdular: "Mütləq gəlin, bugün burada İrlandiyalı Zəka olacaq! O, İngiltərə cəmiyyəti üçün ən mühüm işi görür—Dəbdə inqilab edir!" Bundan sonra o, cəmiyyət arasında özünəməxsus təəccübləndirici geyimlərdə çıxmağa başladı. Bugün kyulot (qısa şalvar) və ipək corab geyinirdisə, sabah güllü jilet, birisigün limon sarısı əlcəklə iri krujevalı jabo (boğazından krujevalı köynəklər) geynirdi. Geyimin əvəzedilməz aksesuarı düymə yerinə pərçimlənmiş qərənfil sancağı olurdu. Bunda heç bir klounluq əlaməti yox idi, Oskarın gözəl zövqü uyğun olmayanı uyğunlaşdıra bilirdi. Zanbaq gülü ilə yanaşı qərənfil və günəbaxan gülləri pre-rafaelit rəssamlarının (ingiliscə: Pre-Raphaelites) üstünlük verdikləri ən mükəmməl güllər idi. (p.s. 19-cu əsrin ikinci yarısından başlayaraq, Viktoriya dövründə əsası qoyulmuş akademik ənənələrə və klassik modellərə kor-koranə aşiqliyə qarşı İngiltərə poeziyasında və rəssamlığında Prerafaelit cərəyan yarandı. Cərəyanın adı Rafaelə qədərki mənasını verir, cərəyanın rəssamları özlərini Rafaelin ardıcıllarına qədərki florenasiyalı rəssamlarla mənəvi yaxın hiss edirdilər. Öncə ciddi tənqidlərlə üz-üzə qalsalar da sonralar bu cərəyan həqiqi mənada uğur qazanmağa və kütlə arasında sevilməyə başlandı.) Oskar Uayld da mədəniyyətdə baş verən inqilabdan kənarda deyildi və hətta onun yaradıcılarından idi, dendi tərzində geyimi və danışıq tərzi ilə diqqət mərkəzində idi. (p.s. 19-cu əsrin soasial-mədəni tipi - dendi tərzi - estetik xarici görünüşlü, davranışlı və gözəl nitq qabiliyyətli kişiləri özündə birləşdirirdi).

Bu illər ərzində Oskar Uayld dinlə, Katoliklik cərəyanı ilə maraqlanır, lakin onun bu həvəsi qısa müddət sürür, çünki onun dünyaya azad baxışı dinə bağlılığına mane olurdu. 1881-ci ildə ilk şeirlər kitabını çap etdirir. Atasının ölümü və ailənin yığılıb qalmış borcları onu 1882-ci ildə Birləşmiş Ştatlara mühazirə deyib, pul almağa vadar edir. Gömürüyə çatarkən məhşur ifadəsini işlədir: "Mənim savadımdan başqa bəyan etməyə bir şeyim yoxdur". Səyahət boyu yenə də özünəməxsus geyim tərzində görünür, parlaq geyimlər tərzində. O, estetika fəlsəfini müdafiə edirdi: "incəsənət yalnız incəsənət xatirinə mövcud olmalıdır, əks halda o lazımsız bir şeydir" deyirdi. 1884-cü ildə o, ismətli və zəngin İrland qadın Konstante Lyold ilə evlənir və iki oğlu olur. Bu müddətdə Qadın Dünyası adlı jurnal dərc etdirir və həmçinin sehirli nağıllar toplusunu və bir sıra esselər yazır, hansı ki, onun Estetizmə qarşı təkraredilməz münasibətini formalaşdırır. Uayld sosial və profisional cəhətdən Maks Biərborn, Artur Simons və Oubri Biədsli kimi əsaslı estetiklərlə əlaqələri olsa da, o, Sarı Kitab (The Yellow Book) adlanan məhşur jurnalda əks etdirilən reduktiv estetik fəlsəfəyə qarşı açıq-aydın tənqidçi idi. (p.s. reduktiv estetik fəlsəfə dedikdə Reductive Art nəzərdə tutulur, bu termin incəsənət hərəkatından daha çox incəsənət üslubunu və ya estetik tərzi təsvir etmək üçün istifadə olunurdu. Reduktiv incəsənətlə əlaqəli digər hərəkatlar və ya terminlər Minimal incəsənət, ABC incəsənət, anti-illuziyanizm, soyuq rənglər incəsənəti və s). Oskar Uayldın bu fəlsəfəyə qarşı çıxması təbii idi. O, geyimində və yaradıcılığında rəngarəngliyə üstünlük verən bir yazıçı kimi əlbəttə ki, bunu tənqid edəcəkdi! Bir vaxtlar İngiltərənin də sosial həyatında solğun rənglər üstünlük təşkil edirdi, onu Oskar Uayld və bəzi müasiri gənclər dəyişdilər (p.s. məsələn, rəssamlıqda Pre-rafaelitlər meydana gəldilər, 20 yaşlı gənclər cəmiyyətdəki al-əlvan rənglərə olan münasibəti yaxşıya doğru dəyişə bildilər).

Platona, Şekspirə və çağdaş rəssamlığa aid səciyyəvi yazıları oxuyaraq incəsənət və siyasət haqda öz şəxsi fikirlərini araşdırmağa daha meyilli olan Oskar Uayldın sosial çevrəsində müxtəlif figurlar vardı, onların arasında şairlər, rəssamlar, teatr xadimləri, intellektuallar və Londonun "kirayəlik oğlanları" da olurdu.

Uayld 1890-cı ildə Dorian Qreyin Portreti romanını yazdı. Bu onun yeganə romanı olur; roman nəşrindən sonra cəmiyyətdə böyük səs-küyə səbəb olur, bütün İngiltərə tənqidçiləri romanı mənəviiyyata zidd əsər kimi qiymətləndirirlər, bəziləri əsərin qadağasını tələb edirlər. Uayldı cəmiyyətin mənəvi əxlaqına ziyan vurmaqda ittiham edirlər. Ancaq bütün bunlara baxmayaraq roman oxucular arasında sevilir və qəbul olunur.

Estetika haqda detalları dəqiqliklə çatdırmaq və onları daha geniş sosial mövzularla birləşdirmək istəyi 1891-ci ildə Uayldı dram əsəri yazmağa çəkdi. O, həmin il Parisdə Fransızca Salome əsərini yazdı, lakin İngiltərə səhnələrində Bibliya mövzularına toxunmaq qəti qadağan edildiyi üçün lisenziya ala bilmir.

Həvəsini itirməyərək, Uayld 1890-cı illərin əvvəllərində cəmiyyətlə bağlı dörd komediyasını təqdim etdi, hansi ki, onu Londonda Viktoriya dövrünün sonlarının ən uğurlu dramaturquna çevirdi.

Şöhrətinin zirvəsində Oskar özündən 16 yaş kiçik, gənc şair Lord Alfred Duqlasla tanış olur və bu yaraşıqlı gəncə (p.s. ləqəbi Bosi idi) aşiq olur. Bu hal onun özünə də anlaşılmaz olur və tezliklə onun üçün hər şey öz mənasını itirir, Oskar hətta həyat yoldaşı ilə görüşmür. Ağlında yalnız bu sevimli oğlanı düşünür. Onun adı gələndə həyəcandan titrəyirdi, onu hamıya qısqanırdı, bu oğlandakı hər şey ona əziz və gözəl görünürdü. Uayld Bosinin hər kaprizini yerinə yetirirdi. Baş verənləri daha ekstraavanqartlıq adlandırmaq olmazdı, bu ağılsızlıq idi ki onunla baş verirdi. Bosi bilirdi ki, Oskar onun əsirinə çevrilib, bu ərköyün gənc yaranmış vəziyyətdən istifadə edərək Oskardan pul istəyirdi. Faktiki olaraq Uayld Duqlasın bütün maddi sıxıntılarını öz üzərinə götürmüşdü (Müəyyən müddət Duqlasla atasının arası yaxşı deyildi və valideyinləri ona pul verməkdən imtina etmişdilər).

Bosinin və Uayldın arasındakı münasibətlərin dinamikası tez-tez dəyişirdi, onlar gah ayrılırdılar gah da barışırdılar, hətta onlar arasındaki əlaqə o qədər məhşurlaşır ki, bu artıq içtimai qınağa səbəb olur. Duqlas əsilzadə ailəyə mənsub bir gənc idi, onun haqqında xoşagəlməz şayələrin meydana çıxması gənc şairin atasını hiddətləndirir.

1895-ci ildə Duqlasın atası Markiz Kvinzbiri Oskarı homoseksuallıqda ittiham edir. Uayld bunu böhtan adlandırsa da Markiz məhkəməyə Oskarın Bosiyə yazdığı bir neçə məktubu təqdim edir, ikinci məhkəmə zamanı bu hadisəni "əsrin məhkəməsi" adlandırır, məhkəmənin qərarı ilə yazıçı təqsirkar bilinərək iki illik həbs cəzası alır. Cəzanın ilk müddətini xüsusi ağır cinayətlər törətmiş cinayətkarlar və residivistlərlə bərabər Pentonvill və Uandsvort həbsxanalarında, qalanını isə Redinq türməsində keçirir. Türmə həyatı onu tamamilə məhv edir. Yazıçının həyatında kabus dövrü başlayır: Kreditorlar onun əmlakını dağıdırdılar, adı əxlaqsızlıqda hallanır, teatrların repertuarından əsərləri tez-tələsik çıxarılmağa başlanır, kitabları yığışdırılır, çapları dayandırılır. Övladları atasının adından utanaraq və içtimai məzəmmətdən sıxışdırılaraq məktəbi tərk etməli olurlar və anaları ilə bərabər ölkənin sakit, uzaq yerinə çəkilirlər. Uayldın həyat yoldaşı Konstante Lyold uşaqları bir daha heç vaxt Oskarla görüşdürmədi. Oskar türmədə ikən anasının ölüm xəbərini və həyat yoldaşının və uşaqlarının onun soy adından imtina edib başqa soyad götürdüklərini eşidir. Bütün bunlara baiskar olan Alfred Duqlas isə Oskarı həbsdə ziyarət etmir.

Oskar Uayld türmədə ikən De Profundis (p.s. mənası, Etiraf Məktubu) əsərini yazır.

1897-ci ilin May ayında türmədən çıxan Uayld ətrafında heç kimi görmür, məhv olmuş reputasiyası, dağılmış ailəsi və uzaqlaşmış dostları onu həm də mənəvi sarsıntıya sürükləyir, yazıçı dilənçi kökünə düşür. Yalnız bir neçə sadiq dostları və keçmiş həyat yoldaşı Konstante ona maddi kömək göstərirlər, yazıçının başqa adla (Sebastian Melmot adi ilə) Fransaya köçməsinə şərait yaradırlar. Konstante Lyold Oskara rəhm edərək hər il 150 funt məbləğində pul yardımı göndərəcəyinə söz verir, lakin bir şərtlə ki, o, bir daha Duqlasla görüşməsin. Ancaq Bosi yenə Oskarla görüşür, onlar bir müddət Neapolda birlikdə yaşayırlar. Hər iki tərəfin ailəsi bu birləşməyə etiraz edir, Alfred geri qayıtmalı olur, Konstante pul yardımını saxlayır, maddi kömək göstərməkdən imtina edir. Və bundan sonra yazıçı ucuz otellərdə, yoxsul vəziyyətdə yaşayır. "Mən yenə də yaza bilərəm,ancaq yazmağa həvəsim ölüb" deyən Uayld bütün gün spirtli içki içərək Bulvarda gəzinirmiş.

Fransada Uayld özünün məhşur Redinq türməsinin Balladası poemasını, C.3.3. təxəllüsü ilə yazır (C.3.3. yazıçının türmədəki nömrəsi idi, kamera 3, 3-cü mərtəbə, C bloku). Əvvəlcə heç kim bu əsəri nəşr etdirmək istəmir, ancaq 1898-ci ildə ballada C.3.3. adı ilə nəşr olunur və sensasiya yaradır. Onu İngiltərə ədəbiyyatının şedevri adlandırırlar, bundan əlavə, əsərin çapından sonra cəmiyyətin diqqəti türmələrdəki acınacaqlı vəziyyətə yönəlir, məhz bundan sonra hökumət həbsxanalardakı şəraiti yaxşılaşdırmağa doğru islahatlar keçirir.

Səfil həyatı keçirən Uayld, Parisdə ucuz otel otağında vəfat edir, son nəfəsinə qədər də kəskin dilindən əl çəkmir. Deyilənə görə, çirkin divar kağızı ilə özünün arasında yaranmış boz ahəngə baxaraq belə deyir: "İkimizdən birimiz getməliyik".

Oskar Uayldın həyatı da müəllifi olduğu paradoksal aforizmlərinə uyğun oldu, zənginlik içində doğuldu, yoxsulluq içində öldü, həm qadın sevdi, həm kişi, cəmiyyətin həm əxlaqsızlıq, həm də xeyirxahlıq adlandırdığı əməllərə imzasını atdı, gah sevildi, gah nifrət edildi.

Seçilən
14
kulis.az

1Mənbələr