AZ

Şənbə üçün nəzm

MİNİATÜRLƏR

Üzeyir Hacıbəyov

MÜHƏRRİR

Osmanlı “üdəba və mühərriri” zümrəsinə daxil olmağa layiq olan bir “ədibin hər həftə çıxan aşağı-qələmindən bir nümunəsi imtisal:

“Əfəndim şu sözləri yazmaqda mənim muradım bütün aləmə kəndinin millətpərəstliyini bildirməkdir, beləmi, əfəndim? Belə isə qulaq asınız əfəndim! Şu gün mən şu sözləri yazıb şəhərimizin qoca qarunlarına deyirəm ki, ey qoca qarunlar, gəliniz mən sizə yol göstərim. Siz kəndi pulunuzu xərcləmək bilməyirsiniz, beləmi, əfəndim? Belə isə çox gözəl, əfəndim! Lakin bəs nə üçün şəhərin qoca qarunları mənim şu sözlərimə qulaq asmıyorlar, əfəndim? Görünür ki, mənə etina etmək istəmirlər, beləmi, əfəndim? Belə isə, yaxşı olmadı şəhərimizin qocaları şu yanda dursun əfəndim gəlin cavanların üstünlüyü heç mənim xoşuma gəlmiyor əfəndim Çünki onlar heç bir şey qanmıyorlar beləmi əfəndim? Belə olan surətdə o cavanların başından basıb qoymamalıyız ki, onlar mühərrir olsunlar. Onları hər halda müttəhim etmək lazımdır beləmi əfəndim? “Əta” olundu sözü ilə “alındı” sözünə fərq qoymayan bir şəxs heç bir vaxt mühərrir ola bilməz əfəndim! Amma qırx qəpiklik kitabı millətə bir manata satan adam əsl millətpərəst ola bilər, beləmi əfəndim? Əlbəttə belədir əfəndim! İştə şimdi şu “qanmaz” cavanları zəmanəyə tapşırmalıyız əfəndim və pul qazanmaqda mahir olan millətpərəstləti isə özümüzə yol göstərən ittixaz etməliyik beləmi əfəndim? Belə, belə əfəndim!”.

Doğrudur, bu sözlərdən bir şey anlamaq çox çətindir. Lakin nə eləmək ki, allah-taala bizi “qanmaz” yaradıbdır...

İRANIN EVİ YIXILIB

-Sabahın xeyir olsun, Kərbəlayi Qulu!

-Aqibətini xeyir olsun, Məşədi Nəbi!

-Bilirsən, nə var?

-Yox, necə?

-İrada azadlıq verilibdir.

-Hə, bir elə əhval eşitmişəm, ancaq azadlıq, yəni nə olsun?

-Azadlıq odur ki, İranda indən belə hambaldan tutmuş vəzifə kimi bir məclis qurub, dövlət işinə məsləhət və məşvərətçi baxacaqdılar.

-Pəh, deynən İranın evi yıxılıbdır da!

-Necə?!

-Əşi, bir məclisdə ki, hambal vəzirlə söhbət edəcəkdir, o məclisdən nə yaxşı şey gözləmək olar?!

-Keyfin yaxşıdırmı, Kərbəlayi Qurquşum?

-Keyfin yaxşı olsun, usta Həsən!

-Eşitdinmi İranda nə olubdur?

-Yox, nə olubdur?

-Pəh, İranda azadlıq verilibdir!

-Yəni nə olacaqdır?

-O olacaqdır ki, bundan sonra hambal vəzir ilən bir yerdə məclis qurub, söhbət edəcəkdir!

-Bu yaxşı olmadı, usta Həsən!

-Neyçün?

-Əşi, bir hambal ki, vəzir ilən dizbir olub söhbət eləyə, sonra gəlib on put arpanı iki köpük manata şəhərin o başınadək aparmağa razı olarmı?

AND İÇMƏK

-Kərbəlayi Nəcəfqulu, saat neçədir?

-Dəstədən on iki dəqiqə keçibdir.

-Ba?!

-Əbülfəz Abbas haqqı.

-Məşədi Həsən, dünən sən də qonaqlıqda idin?

-Yox, Həzrət Abbasın qələm edilən qolları haqqı!

-Molla Vəli, bilirsən dünən Nəcəfqulu bəyə nə dedim?

-Nə dedin!

-Dedim: Əlinin qəzəb oğlu Həzrət Abbas mənə qənim olsun yalan deyirəmsə, bu saat qarnuvu yarıb tüstü ilə dolduraram.

-Deyinən, sən öl!

-Sən öl! Həzrət Abbas belindən vursun ki!

-Kərbəlayi Hümmət, mənim başmaqlarımı sən geyibsən?

-Yox, Həzrət Abbasın bir cüt düşən qolları haqqı!

-A kişi, ta niyə yalandan and içirsən. Budur,ana,mənim başmaqlarım səndədir.

-Buy, Həzrət Abbasın qılıncına gəlim ki, elə bilirdim özümündür!!

PEYĞƏMBƏR

Bir kişi peyğəmbərlik iddiası eləyirdi. Olubdur tutub qubernatorun yanına gətirdilər. Qubernator soruşdu ki, heç möcüzə bilərsənmi?

Dedi:

-Göstərərəm

Dedi:

-Nə göstərərsən?

Dedi:

-Bu saat bilirəm ki, sən nə fikir eləyirsən.

Qubernator dedi:

-Bil görək.

“Peyğəmbər” dedi:

-Bu saat sən fikir eləyirsən ki, əgər bu kişi yalançı olsa, tutub həbs edərəm, amma sonra rüşvət alıb buraxaram.

AXMAQ VƏZİR

Bir dəfə rus vəzirlərindən birisi öz sekretarını çağırıb dedi ki. Götür, Rusiyada nə qədər axmaq adam varsa, hamısının adını bir-bir yaz.

Sekretar əlinə kağız götürüb lap başda vəzirin öz adını yazdı. Vəzirin buna acığı tutub dedi:

-Bu saat mənim axmaqlıqdır sübuta yetirməsən, səni tutub voyenni polevoy sud hökmü ilə rastrelivat etdirəcəyəm.

Sekretar ərz elədi ki:

-Bu saat sübuta yetirim. Sən götürüb Lidval adlı bir sübuta on milyon put taxıl zakaz verirsən və ondan tutub bir şey girov almaq əvəzində,özün qabaqca ona bir milyon manat pul veribsən? Aya indi görək haman suçu Lidval bir milyon manat pulu alandan sonra gətirib sənə taxıl veribmi?

Vəzir dedi:

-Sən nə bilirsən ki,verməz?

Sekretar cavab verdi:

-Zərər yoxdur nə vaxt gətirib versə,sənin adını pozub onun adını yazaram.

KƏND MƏKTƏBİNDƏ

Müəllim (şagirdə). Atan var?

Şagird. Var.

Müəllim Anan var?

Şagird. Var.

Müəllim. Neçə qardaşsınız?

Şagird. Üç!

Müəllim. Neçə bacın var?

Şagird. Beş.

Müəllim. İndi, hesab elə gör sizin külfətdə neçə adam var?

Şagird. (bir qədər fikirdən sonra). Mirzə,on bir adam var.

Müəllim. Neçin on bir olsun? Bu ki, on eylər?

Şagird. (utana-utana). Mirzə, axı dədəmin iki arvadı var.

Seçilən
358
36
yeniazerbaycan.com

10Mənbələr