AZ

Uşaq şəkər xəstələrinin sayı sürətlə artır- bu nə bəladır?

Image

Adil Qeybulla: “Şəkər xəstəliyinin həm cavanlaşmasının, həm sayının artmasının ən başlıca səbəbi məhz qidalanma ilə bağlıdır”

Son vaxtlar statistik göstəricilərinin dünyada ciddi narahatlıq doğurduğu xəstəliklərdən biri də şəkərli diabetdir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hazırda bu xəstəlikdən əziyyət çəkənlərin sayı 900 milyona çatıb.

Statistika Komitəsinin məlumatına əsasən, 2023-cü ildə şəkər xəstələrinin sayı 415 679 nəfərə çatıb. Təkcə bu il 29645 nəfərdə şəkər diaqnozu qoyulub. Qeyd edək ki, 2010-cu ildə Azərbaycanda şəkər xəstələrinin ümumi sayı 120 min nəfər olub. Göründüyü kimi, son 14 ildə bu göstərici 3 dəfəyə yaxın artıb.

Təəssüf ki, şəkərli diabetdən əziyyət çəkənlər sırasında uşaqlar da var. Bakı şəhəri üzrə 1300-ə yaxın uşaq diabet xəstəliyi səbəbindən Respublika Endokrinoloji Mərkəzində qeydiyyata alınıb. Respublika Endokrinoloji Mərkəzin direktoru Nərmin İsmayılova media nümayəndələrinə verdiyi açıqlamada qeyd edib ki, ümumi ölkə üzrə 2 min 500 uşaq şəkərli diabetdən əziyyət çəkir: “Qeydiyyatda olan uşaqlara hər gün insulin inyeksiya edilir. Bu il TƏBİB-in və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi ilə uşaqlar davamlı qlükoza monitorinq cihazı ilə təmin olunub”.

Maraqlıdır, bu xəstəlikdən niyə böyüklərlə yanaşı, uşaqlar da əziyyət çəkir?

“Həddən artıq çox qida qəbulu son nəticədə insulinə qarşı tolerantlıq yaradır və bu da   nəticədə şəkər xəstəliyinə aparıb çıxarır”

Tibb elmləri doktoru, professor Adil Qeybulla “Bakı-Xəbər”ə şərhində bildirdi ki, şəkərli diabetə aparan digər bir səbəb insulin dirəncidir: “Həddən artıq çox qida qəbulu son nəticədə insulinə qarşı tolerantlıq yaradır və bu da nəticədə şəkər xəstəliyinə aparıb çıxarır. Eləcə də irsi faktorlar da bunu tətikləyən səbəblərdən biridir. Ata-ana xətti ilə genetik meyllilik də şəkər xəstəsi olmağa səbəb yarada bilir. Amma ən əsas səbəblərdən biri isə düzgün və sağlam qidalanmamaqdır. Şəkər xəstəliyinin həm cavanlaşmasının, həm sayının artmasının ən başlıca səbəbi məhz qidalanma ilə bağlıdır. Bu gün, demək olar ki, normal, sağlam qidalanma  yoxdur.

Bununla yanaşı, uşaqlar artıq çəkidən əziyyət çəkirlər, az hərəkət edirlər. Bu isə mübadilə pozuntularına, bədəndə kalorinin əmələ gəlməsi zamanı yanma proseslərinin sona qədər getməməsinə, nəticədə maddələr mübadiləsi derevatlarının orqanizmə çökməsinə və  müxtəlif xəstəliklərin yaranmasına səbəb olur ki, onlardan biri də şəkər xəstəliyidir”.

Günel CƏLİLOVA





Seçilən
28
baki-xeber.com

1Mənbələr