AZ

Türkiyədə 13 yaşdan kiçik uşaqlara sosial media qadağası müzakirə olunur

Bakı, TurkicWorld

Türkiyədə 13 yaşdan kiçik uşaqların sosial mediaya girişinin məhdudlaşdırılması məsələsi gündəmdədir.

TurkicWorld xəbər verir ki, İnformasiya Texnologiyaları və Rabitə Qurumunun (İTRQ) rəhbərliyi kiber zorakılığın artması ilə bağlı tədqiqat apararaq beynəlxalq təcrübələri araşdırmağa başlayıb.

Son dövrlərdə virtual mühitdə həmyaşıd zorakılığı hallarında artım müşahidə edilir. Bu məsələ Türkiyə Böyük Millət Məclisinin (TBMM) Alt Komitəsində müzakirə edilib.

İTRQ sədr müavini Abdulkerim Gün araşdırma zamanı digər ölkələrin nümunələrini də təqdim edib.

Belə ki, ABŞ-da 13 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsi qadağandır. İngiltərə və Rusiyada 13 yaşdan kiçik uşaqların sosial media hesabı açması məhdudlaşdırılıb. Avstraliyada əvvəlcə 14 yaşdan aşağı olanlara qadağa tətbiq olunub, lakin daha sonra bu yaş həddi 16-ya qaldırılıb.
Çin və Cənubi Koreyada isə 16 yaşdan kiçik uşaqlar yalnız valideynlərinin icazəsi ilə sosial media hesabı yarada bilirlər.

Türkiyə də bu istiqamətdə oxşar məhdudiyyətlərin tətbiqi üçün tədbirlər hazırlayır. İTRQ kiber zorakılığın qarşısının alınması üçün 13 yaşdan aşağı uşaqların sosial şəbəkələrə girişini qadağan etmək təklifini irəli sürüb.

Ailə və Sosial Xidmətlər Nazirliyinin mütəxəssisləri kiber zorakılığın uşaqların psixologiyasına ciddi təsir göstərdiyini vurğulayıblar.

Sivas Respublika Universitetinin professoru Tuncay Dilçi isə 13 yaşdan kiçik uşaqların smartfon istifadəsinin qadağan edilməsini təklif edib. O bildirib ki, uşaqların təhlükəsizliyi və ünsiyyəti üçün düyməli telefonlar daha uyğun alternativdir.

İTRQ və TBMM komissiyaları qanunvericilikdə dəyişikliklər edərək uşaqları kiber zorakılıqdan qorumaq üçün daha sərt tədbirlərin həyata keçirilməsini nəzərdən keçirir. Türkiyə bu sahədə beynəlxalq təcrübələri izləməklə yanaşı, özünəməxsus yanaşma da tətbiq etməyi planlaşdırır.

Seçilən
58
turkic.world

1Mənbələr