AZ

Hansı əməl RÜŞVƏT CİNAYƏTİ sayılır? - Vəkil izah edir


2020-ci ildən ölkədə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə gücləndirilsə də, hələ də bu problem aktuallığını saxlayır. Hər halda hələ də tez-tez mediada rüşvət alma və rüşvət vermə cinayətlərinə dair məlumatlarla rastlaşırıq. 

Bəs rüşvət nədir və rüşvətxorluq Azərbaycan qanunvericiliyində necə müəyyən olunub? 
Qaynarinfo məsələ ilə əlaqədar Vəkillər Kollgiyasının üzvü, tanınmış vəkil Rəşad Əliyev ilə söhbətləşib.
Vəkil bildirib ki, rüşvət hər hansı bir vəzifəli şəxsə verilən pul və ya əşya şəklində maddi sərvətdir və cinayət qanunvericiliyində rüşvətoxorluq iki formada müəyyən edilib: 
"Rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi rüşvət alma, yəni passiv rüşvətxorluq sayılır. Bu əmələ görə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 4 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".
 
Rəşad Əliyevin sözlərinə görə, vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə isə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Vəkil əlavə edib ki, qeyd edilən əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, təkrar, külli miqdarda və ya hədə-qorxu tətbiq olunmaqla törədildikdə isə 8 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
"Burada "külli miqdar" dedikdə, beş min manatdan artıq olan məbləğ başa düşülür", deyə hüquqşünas qeyd edib.
Rəşad Əliyev bildirib ki, rüşvət vermə cinayətinə gəlincə, bu əməl xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsidir: 
"Rüşvət vermə aktiv rüşvətxorluqdur. Bu əmələ görə 5 min manatdan 8 min manatadək miqdarda cərimə və ya 3 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya əmlakı müsadirə olunmaqla 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə isə 8  min manatdan 12 min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla 4 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Rüşvət verən şəxs vəzifəli şəxs tərəfindən tətbiq edilən hədə-qorxu nəticəsində rüşvət verdikdə və ya rüşvət vermə haqqında müvafiq dövlət orqanına könüllü məlumat verdikdə cinayət məsuliyyətindən azad edilir. 
"Korrupsiyaya qarşı mübarizə haqqında" qanuna görə vəzifəli şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar bir il ərzində hər hansı fiziki və ya hüquqi şəxsdən ümumi məbləği 55 manatdan yuxarı olan bir və ya bir neçə hədiyyəni qəbul edə bilməz. Həmin məbləğdən yuxarı olan hədiyyələr şəxsin xidməti vəzifəsini həyata keçirdiyi dövlət orqanına, yerli özünüidarəetmə orqanına və ya quruma məxsus hesab edilir".
Rəşad Əliyevin sözlərinə görə, vəzifəli şəxs hədiyyənin qəbul edilməsi və ya sadə qonaqpərvərlikdən istifadə ilə bağlı qərara gələ bilmədiyi hallarda bu məsələ barədə birbaşa rəhbərinin rəyini öyrənməlidir. Bundan başqa, fiziki və hüquqi şəxslərlə mülki-hüquqi əqdlərin bağlanması və ya onların icrası zamanı vəzifəli şəxslər tərəfindən xidməti fəaliyyəti ilə əlaqədar olaraq hər hansı güzəştlərin və ya imtiyazların əldə edilməsi qadağan olunur:
"Vəzifəli şəxsə qanunsuz maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda, vəzifəli şəxs onlardan imtina etməlidir. Maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər vəzifəli şəxsə ondan asılı olmayan səbəblərdən verilərsə, o, bu barədə birbaşa rəhbərinə məlumat verməli və maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər vəzifəli şəxsin işlədiyi dövlət orqanına, yerli özünüidarəetmə orqanına və ya quruma akt üzrə təhvil verilməlidir".

Seçilən
357
2
nuh.az

3Mənbələr