Mütəxəssislər dumanlı havanın təsiri ilə Türkiyənin qərb və mərkəzi bölgələrində hiss olunacaq pis qoxu ilə bağlı xəbərdarlıq edib. Azot dioksidin yaratdığı xlor qoxusu İstanbul, Ankara və İzmir də daxil olmaqla bir çox şəhərdə hiss olunacaq.
News24.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Məlumata görə, meteorologiya üzrə məsləhətçi Orxan Şən bildirib ki, şəhər və bölgələrdə yüksək təzyiqin təsiri havanın keyfiyyətini pisləşdirir:
“Havanın çirklənməsinin mənbəyi böyük şəhərlərdəki nəqliyyatdır. Bunlar səhər günəş işığı ilə parçalanır və fotokimyəvi duman adlanan çox təhlükəli hava çirkliliyi yaradır. Bu, ağciyərlərinizə və tənəffüs sisteminizə zərər verə bilər. Maska taxaq. Maska Covid-19 maskası deyil, N95 maskası olmalıdır.”
Qeyd edək ki, Ekologiya, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyinin Meteorologiya Baş İdarəsi yayılan məlumatları təkzib edib və azot qazının pis qoxuya səbəb olacağı ilə bağlı hər hansı xəbərdarlıq etmədiyini bildirib.