Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə noyabrın 30-da Naxçıvan şəhərində “Dövlət-din münasibətləri: geosiyasi reallıqlar və qlobal çağırışlar kontekstində” mövzusunda konfrans keçirilib. SİA xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib, abidənin önünə əklil və gül dəstəsi qoyaraq Ulu Öndərin xatirəsini ehtiramla anıblar.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Komitəsi və tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu və “Global Media Group”un birgə ərsəyə gətirdiyi “Həmişə bizimləsiniz” filmi nümayiş olunub.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli konfransı açaraq, Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi ilə dini-mənəvi dəyərlərimizin yaşadılması sahəsində həyata keçirilmiş genişmiqyaslı tədbirlərin əhəmiyyətindən danışıb. Heydər Əliyevin böyük səyləri nəticəsində ölkəmizdə vicdan və etiqad azadlığının, dini təhlükəsizliyin təmin edildiyini, sağlam dini ideologiyanın formalaşdığını vurğulayıb. Bildirib ki, bu gün Ümummilli Liderin tövsiyələri əsas götürülərək, Azərbaycanda dövlət-din münasibətləri unikal tarixi-mədəni şəraitə, dini sahənin özünəməxsus xüsusiyyətlərinə, demokratik prinsiplərə əsaslanır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dini dəyərlərin, tolerantlığın və multikultural ənənələrin tənzimlənməsi istiqamətində sistemli iş aparılır. Artıq Azərbaycan dünyaya dövlət-din modelini təqdim edir, ölkəmizdəki dini dözümlülük və tolerantlıq nümunə kimi qəbul olunur. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva təkcə ölkəmizdə deyil, ümumilikdə, ümumdünya bəşəri irsinin mühafizəsi çərçivəsində sistemli iş aparır, dini dəyərlərə həssas münasibət göstərir, cəmiyyətdə dini həmrəyliyin yaradılmasına, qlobal səviyyədə dinlərarası dialoqun təşviq edilməsi işinə töhfə verir. F.Nəcəfli, eyni zamanda, Naxçıvanda Prezidentin dövlət-din münasibətlərinin inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələrin icrası barədə danışıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov çıxışında Azərbaycanın ötən müddətdə qazandığı nailiyyətləri qeyd edərək, ötən əsrin 90-cı illərində Ulu Öndər Heydər Əliyev tərəfindən qədim Naxçıvanda başlanan yolun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Qeyd edib ki, qələbələrimizə təminat yaradan ən böyük amillərdən biri milli birliyimizdir. Respublikamızda dövlət-din münasibətlərinin mükəmməl modellərindən birinin yaranmasında cəmiyyətimizdəki dinlərarası harmoniya, birgəyaşayış mühiti mühüm rol oynayıb.
Ramin Məmmədov Azərbaycanın dövlət-din münasibətləri sisteminin bir neçə vacib sütuna əsaslandığını deyib. Modern dünyəvi dövlətin, ənənələrə sadiqliyin və gələcəyə dair aydın, konkret baxışların mövcudluğunun əhəmiyyətinə toxunub. Vurğulayıb ki, dövlət hər bir xalqın malik olduğu milli-mənəvi dəyərlər sistemini müdafiə mexanizmlərini yaradır və din bu sistemin bir hissəsidir. Xalqımızın təfəkküründə, tarixi yaddaşında başqalarına dözümsüzlük kimi bir anlayış yoxdur. Etnik və dini müxtəliflik ayırıcı xətt deyil, birləşdirici, qarşılıqlı dialoqu təşviq edən amildir. Güclü dövlət həm də belə ehtimalları vaxtında aşkara çıxarmaq, proqnozlaşdırmaq, zəruri tədbirlər görmək üçün vacibdir.
Tədbirin aktual mövzuya həsr olunduğunu deyən Komitə sədri söyləyib ki, xüsusilə indiki geosiyasi reallıqlar qarşıda duran vəzifələri daha dərindən təhlil etməyə sövq edir. Azərbaycanın son illərdə əldə etdiyi tarixi qələbələr bir çox siyasi dairələri narahat edir. Konfransın əsas missiyası da tarixi nailiyyətimiz olan dövlət-din münasibətləri modelini qorumağa və daha da möhkəmləndirməyə imkan verən ideya və təkliflərin öyrənilməsindən ibarətdir.
Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa muxtar respublikanın strateji cəhətdən mövqeyindən danışıb. Azərbaycanın dövlət-din münasibətlərinin özünəməxsus quruluşa malik olduğunu bildirən F.Mustafa Azərbaycan vətəndaşlarının vicdan azadlığı hüququnun ölkə qanunvericiliyində öz əksini tapdığını deyib. Dövlətin dinə qayğısından bəhs edən deputat azad olunmuş ərazilərdə dini abidələrin abadlaşdırılması prosesini qeyd edib.
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Bəxtiyar Nəcəfov dövlət başçısı İlham Əliyevin müdrik siyasəti nəticəsində milli-mənəvi dəyərlərin qorunub saxlanılması və inkişafı istiqamətində görülmüş işlərdən danışıb. Respublikanın müxtəlif regionlarında inşa və təmir-bərpa edilən məscid-ziyarətgah kompleksləri, kilsələr və sinaqoqların söylədiklərinə əyani sübut olduğunu diqqətə çatdıran B.Nəcəfov Prezidentin işğaldan azad olunmuş ərazilərdə quruculuq işlərini daim diqqətdə saxladığını, hər səfərində milli-mənəvi irsimiz olan abidələrin bərpası və təmiri ilə yaxından maraqlandığını vurğulayıb.
Konfrans işini “Dövlət-din münasibətləri: ideoloji təhlükəsizlik müstəvisində” və “Milli-mənəvi dəyərlərə qayıdış: ənənə və müasirlik” mövzusunda panellərlə davam etdirib.