AZ

Uşaq yeməklərinin əl yandıran qiymətləri

Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda uşaq yeməklərinə vergi güzəştinin tətbiq olunması təklif edilir. Bu təşəbbüslə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı deputat Əli Məsimli çıxış edib.

Deputat bildirib ki, uşaq yeməkləri və uşaq ləvazimatlarının qiyməti günü-gündən qalıxır, kəllə-çarxa çatır: “Əhalinin bunları almağa imkanı yoxdur. Uşaq yeməkləri və uşaq ləvazimatlarına da vergi güzəştləri şamil olunmalıdır. Əgər güzəştlərdən söhbət gedirsə, bu sahəyə çox ehtiyac var”.

Statistikaya görə, ölkəmizdə yenidoğulanların 82,9 faizi (hər min nəfərə) ana südü ilə qidalanır. Onlardan 3 ayına qədər yalnız ana südü ilə qidalananlar 58,2 faiz təşkil edir. 6 ayına qədər ana südü qəbul edən körpələr 68 faizdir. Onlardan yalnız ana südü ilə qidalananlar isə 39,2 faiz təşkil edir. 12 ayına qədər ana südü ilə qidalananlar 46,4 faiz, 1,5 yaşına qədər ana südü ilə qidalananlar 16,9 faiz, 2 yaşa qədər ana südü ilə qidalananlar 8,7 faizdir.

Mövzu ilə bağlı iqtisadçı ekspert Emin Qəribli bildirir ki, uşaq yeməklərinin və bəzi digər məhsulların baha olması hazırda çox aktual mövzudur: “Uşaq yeməkləri və bəzi digər məhsullar var ki, onlara müəyyən güzəştlər edilməlidir. Bu güzəştlər müxtəlif formalarda ola bilər. İlk olaraq, uşaq məhsullarından və digər bahalı qidalardan ƏDV-nin diferensiasiya edilməsi vacibdir. Yəni uşaq yeməkləri, dərmanlar kimi zəruri məhsullara daha aşağı ƏDV dərəcəsi tətbiq edilə bilər. Ölkəyə idxal olunan uşaq yeməkləri, geyimləri, kitabları və digər məhsullara xüsusi güzəştlər tətbiq olunmalıdır. Əlbəttə, bu sahədə müəyyən güzəştlər mövcud ola bilər, amma onlar genişləndirilməlidir. Bu cür məhsullar bütün dünyada geniş yayılıb və bir çox ölkələrdə bu məhsullara vergi güzəştləri tətbiq olunur. Bu məhsullara xüsusi vergi güzəştləri təqdim olunmalıdır. Eyni zamanla bu siyahı artırılmalıdır. Uşaq yeməklərinin qiymətlərinin ucuzlaşması üçün yaxın zamanda vergilərdə xüsusi güzəştlər həyata keçirilə bilər”.

Mövzu ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli vergi güzəşti təkcə uşaq qidalarına yox, bütün ərzaq məhsulları üçün tətbiq edilməlidir: “Təklifim budur ki, ərzaq məhsullarına tətbiq olunan vergilər aşağı salınsın. Məsələn, biz avtomobil, məişət texnikası və ya mobil telefon alan zaman da 18 faiz əlavə dəyər vergisi (ƏDV) ödəyirik, hər hansı bir ərzaq məhsulu alanda da həmin vergini veririk. Mən ərzaq məhsullarının ƏDV-sinin qeyri-ərzaq məhsulları ilə müqayisədə aşağı salınmasının tərəfdarıyam. Məsələn, bu rəqəm 10 faizə endirilə bilər”.

Ekspert deyir ki, uşaq qidalarının qiyməti Tarif Şurası tərəfindən tənzimlənmir: “Bu məsələ ilə İqtisadiyyat Nazirliyindən ayrılan Elektron Rəqabət İnformasiya Sistemi məşğul olmalıdır. Bu rəqabət orqanı analiz etməlidir ki, bazarda monopoliya var, yoxsa yox? Yəni inhisarçılıq Rəqabət Məcəlləsinin pozulması kimi hallar varsa, bu qiymətlər üzərində nəzarət formalaşdırıla bilər. Monopoliya o halda ola bilər ki, uşaq qidaları bir əldən bazara girsin, bu qidaları ölkəyə vahid komanda ilə işləyənlər gətirsin və ya müxtəlif şəxslər eyni anda razılaşma əsasında qiymətləri qaldırsınlar. Bir sözlə, süni şəkildə bazar mexanizminə müdaxilə olsun. Yox əgər, xüsusi nələrsə edilmirsə, bu zaman qiymətlərlə bağlı hökumətin ata biləcəyi hər hansı bir addım yoxdur”.

X. Kərimlinin sözlərinə görə, bazar iqtisadiyyatı mühitində fərqli qiymətlər olmalıdır: “Burada kasıb insanlarla yanaşı, varlı insanlar da var. Hərkəs öz büdcəsi əsasında seçim etməlidir. Bazardakı uşaq qidalarının strukturu da, gətirildiyi ölkələr də fərqlidir. Məsələn, Rusiya, Belarusiya ilə yanaşı, ABŞ və Avropa ölkələrindən də qidalar gətirilir. Bu səbəbdən “hamısının qiyməti eyni olsun” yanaşması da yanlışdır. Uşaq qidasını Avropadan, ABŞ-dən baha qiymətə gətirirlər. Hökumət bunu stimullaşdıra bilməz. Deputatla bu məsələdə bir qədər razı deyiləm, populist yanaşmadır. Konkret  uşaq yeməkləri, əşyalarını xüsusiləşdirməyə ehtiyac yoxdur. Yəni başqa alternativ üsullara əl atıla bilər. Hər şeyi qablaşdırılmış şəkildə, rahat əldə etmək istəyiriksə, bu, komfort deməkdir. Bunu təəssüf ki, öz ölkəmizdə istehsal edə bilmirik. Obyektiv səbəblərdən xaricdən idxal edirik. Komfort istəyiriksə komfortun da bir qiyməti var, onu ödəməliyik”.

Ekspert hesab edir ki, vətəndaşlar özləri büdcələrinə uyğun uşaq qidalarını seçməlidirlər: “Şərt deyil ki, hərkəs bahalı qidalardan istifadə etsin. Bizə məlumdur ki, burada bir qədər yönləndirmələr də var. Həkimlər özləri də valideynləri bu qidaları almağa yönləndirir, oradan komissiya qazanırlar. Digər tərəfdən, uşaq qidaları ilə bağlı reklamlar da bu məsələdə müəyyən dərəcədə rol oynayır”.

 

Seçilən
38
hafta.az

1Mənbələr