AZ

"Bu xalları bir dövrədə yox, iki dövrə ərzində yığsaydıq, hər kəsi qane edəcəkdi" - Ayxan Abbasov

Misli premyer-liqasının 15-ci turunda "Şamaxı" evdə "Kəpəz"ə uduzdu - 0:1.

"Football-plus.az" xəbər verir ki, "şirlər"in baş məşqçisi Ayxan Abbasov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

- Üzücü məğlubiyyət oldu. Oyunun çox stressli olacağını bilirdik. Futbolçuları matça kökləməyə çalışdıq. Uşaqlar çalışır. Təəssüf ki, sonluğu qoya bilmirik. Bu gün kim səhv edəcəkdisə, o da məğlub olacaqdı. Təəssüflənirəm. Toparlanmaq lazımdı. İkinci dövrə bizim üçün yaxşı keçmir. Amma qışa qədər xallar toplamaq şansımız var. Çətinliklər olmalıdı, olacaq da. Buna hazır idik. Gələcək oyunlara hazırlaşacağıq.

- Ardıcıl iki oyundu qapınıza penalti təyin olunur. Futbolçuların diqqətsizliyini nə ilə əlaqələndirirsiz?
- Bəlkə qapısına də ən çox penalti təyin olunan komanda bizik. Əlbəttə diqqətsizliklə bağlıdı. Bugünkü penalti rəqibin şansı idi. Belə qələmə vermək olar.

- Azarkeşlərin "istefa" şüarları haqda nə deyə bilərsiz?
- Əlbəttə azarkeşlər üzülür. Bu xalları bir dövrədə yox, iki dövrə ərzində yığsaydıq, hər kəsi qane edəcəkdi. Birinci dövrədə çox xal toplamaqla gözləntiləri yüksəltdik. Zədələr, cəzalar da nəticələrə təsir edir. Hədəf bəllidi. Sona qədər mübarizə aparmaq lazımdı.

- Luis Paçunu heyətinizə qatmadığınız üçün təəssüflənirsiz?
- Heyəti komplektləşdirmişik. İndi təəssüflənmək fayda vermir. Paçu bəyəndiyim hücumçudu. Büdcəmizə uyğun transferlər etmişdik. Qışa qədər dözməliyik. Qışda hansısa dəyişikliklər edə biləriksə, edəcəyik. Paçu heyəti komplektləşdirmədən öncə komandasından ayrılsaydı, təbii ki, biz gətirəcəkdik.

- İlkin Muradovla yolların ayrılmasının səbəbi nə oldu?
- Onunla söhbətimiz oldu. Xarakterlərimiz düz gəlmirsə, davam etmək doğru deyil. Yayda onun mövqeyinə bir neçə seçim olarkən, mən İlkini seçdim. Oyunu da pis deyildi. Sadəcə, xarakter də vacib rol oynayır.

RÖYANƏ OĞUZ

Seçilən
13
4
football-plus.az

6Mənbələr