AZ

YAP Xətai rayon təşkilatında gənclərlə görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının inzibati binasında “Gənclərin beynəlxalq platformalarda təmsilçiliyi” mövzusunda dəyirmi masa təşkil edilib.

“İki sahil” xəbər verir ki, görüşdə YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, Milli Məclisin deputatları Vüqar Rəhimzadə və Pərvanə Vəliyeva, altı müxtəlif ali təhsil müəssisəsinin fəal gəncləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətindən bəhs edib. Ramil Mirzəyev vurğulayıb ki, gənclərin ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakı dövlət siyasətinin əsas istiqamətlərindən biridir. O, Azərbaycanın beynəlxalq arenada tanınmasında, eləcə də üçrəngli bayrağımızın müxtəlif ölkələrdə dalğalanmasında gənclərin mühüm rol oynadığını qeyd edib. Təşkilat sədri bildirib ki, Yeni Azərbaycan Partiyası gənclərin təşəbbüslərini hər zaman dəstəkləyir.

Millət vəkili Vüqar Rəhimzadə çıxışında Azərbaycanın müstəqilliyinin bərpasından sonra baş verən tarixi hadisələri xatırladıb və Ümummilli Lider Heydər Əliyevin ölkənin inkişafındakı misilsiz xidmətlərindən bəhs edib. Vüqar Rəhimzadə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq arenadakı nailiyyətlərini xüsusi vurğulayaraq, COP29 tədbirinə ev sahibliyinin ölkəmiz üçün böyük uğur olduğunu bildirib.

Digər millət vəkili Pərvanə Vəliyeva çıxışında gənclərə göstərilən dəstəyə görə təşəkkür edib. O, gənclərin təşəbbüskarlığının dövlət siyasətinin mərkəzində olduğunu və bu dəstəyin Ulu Öndər Heydər Əliyevin qoyduğu təmələ əsaslandığını qeyd edib. Deputat, həmçinin, gənclərin COP29 tədbirindəki fəal iştirakını təqdir edib.

YAP Xətai rayon təşkilatının sədr müavini Vüqar Hüseynov gəncləri Azərbaycanın gələcəyi adlandırıb və ölkənin inkişafı üçün onların ideyalarının vacibliyini vurğulayıb. O bildirib ki, müasir dövrdə innovativ və kreativ düşüncə gənclər üçün əsas prioritetlərdən biridir.

Görüş zamanı gənc politoloqların fikirləri dinlənilib, onların təklifləri müzakirə olunub. Gənclərlə millət vəkilləri arasında interaktiv fikir mübadiləsi aparılıb.

Tədbirin sonunda gənclər Yeni Azərbaycan Partiyasına qoşulmağa və ölkənin inkişafında partiya ilə birgə addımlamağa dəvət ediliblər.

Seçilən
26
ikisahil.az

1Mənbələr