AZ

“Valideynlərin boşanması uşaqlar üçün bir qəzadır” – Ülviyyə Hüseynli

  İnklüziv təhsil uşaqların fiziki, psixi, intellektual və digər xüsusiyyətlərindən asılı olmayaraq, onların öz həmyaşıdları ilə məktəbdə eyni sinifdə təhsilə cəlb edilməsidir. Əlilliyi olan uşaqların əlilliyi olmayan həmyaşıdları ilə birlikdə təhsili hər kəs üçün səmərəli tədris formasıdır. Belə ki, bütün uşaqların eyni sinifdə həyata keçirilən tədris prosesində iştirakı təhsilverənləri şagirdlərə fərdi yanaşmağa sövq edir.

Ölkəmizdə keyfiyyətli inklüziv təhsili təmin etmək məqsədilə inklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsi genişləndirilir, Azərbaycanda əlilliyi olan uşaqların təhsil hüququnun təminatına dəstək verilir, inklüziv təhsilin keyfiyyəti artırılır və məktəblərdə kadr potensialı gücləndirilir.

İnklüziv təhsillə bağlı təlimçi Ülviyyə Hüseynli Globalinfo.az-a müsahibə verib:

Ülviyyə xanım, sizcə bir uşağı cəmiyyətə tam sağlam yetişdirmək üçün nə etmək lazımdır?

– Mən bu barədə dahi Paul Koelhoyadan misal gətirəcəm. Onun fikrincə, bir uşağın yetişginə öyrədəcəyi 3 əsas amil var: Birincisi, səbəbsiz yerə xoşbəxt olmaq, ikincisi, hər zaman məşğul olacağın nələrsə tapmaq, üçüncüsü, əldə etmək istədiyi bir şey üçün var gücü ilə çalışmaq. Bu üç fikirlə hər zaman razı olmuşam. Z nəsli dediyimiz uşaqlarla işləmək daim öz üzərində çalışmağı tələb edir. Çünki düşüncə və duyğuları tamam fərqlidir. Hər birinə individual yanaşma tələb olunur. Bu istiqamətdə dəstək göstərmək 3 prinsip üzərinə dayanır.

Ölkəmizdə son zamanlar psixoloq, loqoped, inklüziv şəxslərə dəstək göstərən təlimçilər artır. Sizcə, buna səbəb nədir?

– Çünki uşaq və yeniyetmələrin inkişafı sosial-psixoloji məsələdir. Bu gün yaxşı təlim-tərbiyə olunmuş gənc sabah cəmiyyəti irəli aparan bir liderdir. Ancaq təəssüf hissi ilə qeyd edirəm ki, hər il sağlamlıq imkanları məhdud uşaqların sayı artır. Onların psixoloji-pedaqoji baxımı, loqoped və defektoloq tərəfindən dəstəyi çox vacibdir. Belə uşaqları korreksiya edib cəmiyyətə qazandırmalıyıq.

– Ölkəmizdə uşaqların reablitasiyası üçün nə qədər ixtisaslaşmış peşəkar təlimçi var?


Ülviyyə Hüseynli

– Bu suala cavab vermək çətindir. İşini peşəkarcasına, vicdanla yerinə yetirən təlimçilər də var, bu işə biznes olaraq yanaşıb, bilik və bacarığı az olan qeyri-peşəkarlar da.

İnklüziv təhsillə bağlı valideynlərin üzərinə düşən öhdəliklər və bu zaman qarşılaşdığınız problemlər (çətinliklər) nədir?

– Öncə onu qeyd edək ki, inklüziv təhsil cəmiyyətdə mövcud ola bilməyən, cəmiyyət tərəfindən kənarlaşdırılan, təhsildə imkan bərabərsizliyindən əziyyət çəkən, təhsil almaqda çətinlik çəkən uşaqlar üçün yaradılmış təhsil prosesi və proqramıdır. Uşaqların ədalətli və bərabər şərtdə təhsil alması ehtiyacını ehtiva edir. Ancaq təəssüf ki, valideynlər övladlarında baş verən və ya baş vermiş əlillik növlərini gözardı edib qəbullanmırlar. Bəzən də “nəsildə kimdəsə var idi, sonradan düzələdi” deyib uşaqların pedaqoji baxımını gecikdirirlər. Ya da utanıb, cəmiyyətdən kənar evdə, qapalı mühitdə saxlayırlar. Halbuki hər bir uşağın öyrənmə ehtiyacı və özünəməxsus xüsusi bir bacarığı var. Həmişə qeyd edirəm ki, müəllim və şagirdlərdən əvvəl valideynlər bu mövzularda maariflənmək üçün səfərbər olmalıdır.

 – Nağıl terapiyası nədir?

– Nağıl terapiyası uşaqların öz qorxularını, arzularını və emosiyalarını paylaşması üçün xüsusi bir metoddur. Uşaq qorxularını, hisslərini ifadə etməyi öyrənib, problem həll etmə bacarıqlarını inkişaf etdirir. Onlar empatiya qurmağı və başqalarını anlamağı öyrənirlər.

Daun sindromlu uşaqlardan tam sağalan olubmu? Yaxud praktikanızda rastlaşmısınız?

– Daun sindromu, xromosom cütlərində meydana gələn və əlavə xromosom nüsxəsi səbəbindən inkişaf edən genetik bir fərqdir. Başqa sözlə desək, istər ASP, istərsə də Daun sindromu bir xəstəlik növü olmadığından onlar üçün müalicə və ya tam sağalma yoxdur. Sadəcə, fərdin əzələ gücü və bacarıqları erkən dəstək müalicələri və xüsusi təlimlər vasitəsilə artırıla bilər. Bütün dəstəkləyici müalicə daun sindromlu şəxsin zəka səviyyəsini yaxşılaşdırmağa kömək edir.

Erkən uşaqlıq dövrü nələrin üzərində dayanır?

– Erkən uşaqlıq dövrü bir-birindən ayrı üç mərhələni əhatə edir. Mayalanmadan doğuşa qədərki dövr, doğuşdan 3 yaşa qədərki və məktəbəqədərki dövr. 0-3 yaş sağlamlıq, inkişaf və rifah üçün məsuliyyətli qayğı dövrüdür. 3 yaşdan məktəbə qəbula-öyrənmə və hazırlıq mərhələsi. Həmçinin universal, keyfiyyətli və inklüziv məktəbəqədər təhsil. Məktəbəqədər alt-sektorların gücləndirilməsi.

Boşanmaların uşaqlara təsiri nə qədər olur?

– Uşaqlar üçün boşanma bir qəzadır, təhlükəsizliyin və sevginin itməsidir. Kiçik yaşda olan uşaqlardan daha çox yeniyətmələri valideynlərin boşanması kəskin narahat edir. Təxminən valideynlərin boşanmasından bir il sonra bütün problemlər hamarlanır və uşağın emosional vəziyyəti bərpa olunmağa başlayır. Təbii ki, bu bir şərtlə mümkündür – əgər uşaq valideynlərin sevgisini, öz əhəmiyyətini, təhlükəsizliyini hiss edərsə və bu halın yalnız onun başına gəlmədiyini, tək olmadığını anlayarsa.

Sağlam ailə nələrin üzərində dayanmalıdır?

– Ailə məfhumu geniş məna daşısa da, hər bir millətin öz ailə dəyərləri və kodları var. Ümumiləşdirsək, sədaqət, şəfqət, fədakarlıq, məsuliyyət, sevgi, güvən, qarşılıqlı hörmət, mərhəmət, bir-birinə dəstək olub yol göstərmək, dostluq və qohumluq bağlarına dəyər, maddi-mənəvi dəstək.

Bütün bu sadaladığım dəyərlər yanında ailənin dini, mədəni, fərd və cəmiyyət olaraq hər bir dəyəri yaşayaraq və öyrədərək gələcəyə ötürülməli bir miras olduğu unutulmamalıdır.  

Seçilən
14
referans.az

1Mənbələr