“Bir il öncə 27 noyabr tarixində prezident İlham Əliyevin sərəncamı ilə Qarabağ Universiteti yaradıldı və biz artıq 1 ildir Qarabağ Universiteti olaraq fəaliyyət göstəririk”.
Bunu APA-ya açıqlamasında Qarabağ Universitetinin İncəsənət fakültəsinin dekanı, bəstəkar Türkər Qasımzadə deyib.
O bildirib ki, İncəsənət fakültəsi olaraq Qarabağ Universitetində ölkənin ən peşəkar müəllimləri və çox gözəl tələbə heyətilə bu ilə başlayıblar: “Bu bir illik fəaliyyətimiz dövründə bir sıra uğurlara da imza atmışıq. Əminəm ki, Qarabağ Universitetində tədris ən yüksək standartlara uyğun şəkildə davam edəcək. Qarabağ Universitetinin İncəsənət fakültəsi olaraq bu gün biz birliyimizi konsert və sərgiylə qeyd etmək istəyirik. Ümumilikdə Qarabağ Universiteti müəllim və tələbə heyəti müxtəlif janrlarda olan əsərlərlə, Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərlərilə çıxış edəcəklər. Eyni zamanda gözəl bir sərgi də təşkil olunmuşdur ki, sərgidə də Qarabağ Universitetinin müəllimləri 140 yaxın müxtəlif texnikalarla hazırlanmış əsərlərlə sərgiyə gələn tamaşaçıların qarşısına çıxacaqlar. Bu bayram əhval-ruhiyyəsi ilə bir ilimizi qeyd edirik. Çox şərəfli hisslərdir, böyük şükranlıq hiss edirik ki, Qarabağımızda, Xankəndi şəhərində universitetimiz 1 ildir fəaliyyət göstərir. Əminəm ki, çox böyük uğurlara da imza atacaqdır”.
Dekan vurğulayıb ki, İncəsənət fakültəsində "Musiqi müəllimliyi", "İnstrumental ifaçılıq", "Vokal", "Milli vokal" və "Xanəndəlik", eyni zamanda "Dizayn" ixtisasları tədris olunmaqdadır: “Bu ixtisaslar üzrə 130-a yaxın tələbə ilə başlamışıq. Eyni zamanda tədrisə ölkəmizin ən peşəkar müəllimləri də cəlb olunub. Onların arasında Xalq artisti, Əməkdar artistlər də yer almaqdadır və tədrisimizi də dünya standartlarına uyğunlaşdırmışıq”.
Türkər Qasımzadə onu da qeyd edib ki, bir illik fəaliyyət dövrü çərçivəsində artıq Qarabağ Universitetinin müxtəlif fakültələrinin müəllim heyətləri beynəlxalq festivallarda, müsabiqələrdə iştirak ediblər: “Onların içərisində qaliblər də var. Bizim tələbələrimiz müxtəlif sərgilərdə konsertlərdə, festivallarda iştirak edirik. Bu hələ başlanğıcdır. Qarabağ Universitetinin İncəsənət fakültəsinin adını ölkə gündəmində mədəniyyət sahəsinə tez - tez eşidəcəksiniz”.