Suriyadakı üsyankar qüvvələr ölkənin ikinci şəhəri Hələbin “əksər ərazsisini ələ keçirib”, - Britaniyada yerləşən Suriya İnsan Haqlarını Müşahidə Qrupu (SOHR) bildirib.
Hücum son illərdə Suriya hökumətinə qarşı edilən ən böyük hücum sayılır və Prezident Bəşər Əsəd qüvvələrinə qarşı döyüşən üsyançılar 2016-cı ildə ordu tərəfindən zorla çıxarıldıqdan sonra ilk dəfə Hələbə çatıb.
O vaxtdan bəri üsyançılar Hələbin yaxınlığında yerləşən İdlibdə, Türkiyə ilə sərhədə yaxın ərazilərdə güclü dayaqlar yaradıblar.
Müşahidəçilər bildiriblər ki, üsyançıların hücumundan sonra Rusiya 2016-cı ildən bəri ilk dəfə şənbə gününə keçən gecə Hələbin bəzi hissələrinə hava zərbələri endirib.
Suriya ordusu şənbə günü yaydığı bəyanatda bildirib ki, Hələbin əksər rayonlarını ələ keçirən üsyançılarla toqquşmalarda ağır itkilər verib.
Mənbələrin bildirdiyinə görə, müxalifət qüvvələrinin hücumu o qədər böyükdür ki, bəzi yerlərdə hökumət ordusu müqavimət göstərmədən geri çəkilməli olur.
Rusiya aviasiyası 2016-cı ildən bəri ilk dəfədir ki, hakimiyyət ordusuna havadan dəstək verir. Şahidlərin sözlərinə görə, cümə günündən şənbə gününə keçən gecə Hələbin bəzi hissələrinə hava hücumları davam edib.
Suriya ordusundakı mənbə Reuters-ə bildirib ki, Hələbdəki hava limanı və şəhərə gedən yollar bağlanıb.
SOHR-in məlumatına görə, müqavimətlə üzləşməyən üsyançılar Hələbin bütün rayonlarını ələ keçiriblər. Təşkilatın təmsilçisi BBC-yə bildirib ki, şəhər şurasının binaları, polis bölmələri və kəşfiyyat idarələri boşdur.
SOHR sözçüsü "Bu, əvvəllər heç olmamışdı" dedi.
SOHR hücumun başladığı çərşənbə günündən bəri 300-dən çox adamın, o cümlədən 20-dən çox mülki şəxsin həlak olduğunu bildirib.