Biləsuvarın "Hind quşu" festivalı növbəti dəfə böyük coşqu ilə keçirilib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayonun mərkəzi parkında təşkil edilən bu möhtəşəm tədbir yalnız Biləsuvar sakinlərini deyil, həm də ətraf rayonlardan və xaricdən gələn qonaqları bir araya gətirib.
Festivalda hind quşundan hazırlanmış onlarla müxtəlif təam qonaqlara təqdim edilib. Festival proqramına müxtəlif idman oyunları, kənd məhsullarından ibarət sərgilər və rəsm əsərlərinin nümayişi daxil edilib.
Xüsusilə kənd həyatı bölməsi turistlər və qonaqlar tərəfindən böyük maraqla qarşılanıb. Burada iştirakçılar nadir təbiət quşlarını yaxından izləyib və yerli kənd məhsullarından əldə ediblər.
Tanınmış mədəniyyət və incəsənət ustalarının ifasında təqdim olunan geniş konsert proqramı, səhnəciklər və müxtəlif mədəni tədbirlər festivalın əsas rəngarəng məqamlarından olub.
Festivalın təşkilatçısı Fəxrəndə Həsənzadə və tanınmış aşpaz Bədir Abdullayev bu tədbirin artıq 4 ildir ki, böyük sevgi ilə qarşılandığını, rayonda turizmin inkişafına xüsusi təkan verdiyini bildiriblər.
Festival axşam saatlarına qədər davam edib.
Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu