Gürcüstanın Niderland Krallığındakı səfiri David Solomonia hakim Gürcü Arzusu Partiyasının 2028-ci ilə qədər AB-yə üzvlüklə bağlı danışıqlardan imtina etmək qərarına etiraz olaraq istefa verib.
Axar.az xəbər verir ki, bu barədə diplomat bəyanat yayıb.
“Gürcüstanın diplomatik xidmətində işlədiyim üç onilliyin çoxu Avropaya inteqrasiya məsələləri üzərində işləməyə həsr olunub. İşlərin gedişatına zərrə qədər də olsa, təsir göstərə biləcəyimə inandığım müddətdə rəsmi vəzifələrimi ciddi şəkildə yerinə yetirdim.
Bu gün bu ümid puç olub. Mən istənilən zorakılığı pisləyirəm və Gürcüstanın Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsini tərk edirəm”, - diplomat bildirib.
Bundan əvvəl Gürcüstanın Bolqarıstandakı səfiri Otar Berdzenişvili eyni səbəblə istefa verib və Avropaya inteqrasiyanın dayandırılmasına qarşı çıxan etirazçılarla həmrəy olduğunu bildirib.
Qeyd edək ki, 28 noyabrda Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkəsinin AB-yə üzvlük danışıqlarının 2028-ci ilə qədər dayandırıldığını və qrantlardan imtina edildiyini bildirib. Bunun ardınca müxalifətin kütləvi etiraz aksiyaları başlayıb. Aksiyalara Prezident Zurabişvili də dəstək verir.