AZ

“Qalib Azərbaycan” adlı II Hüquq Olimpiadası başladı - FOTOLAR

Azərbaycan Respublikası Vəkillər Kollegiyası (ARVK) ilə Hüquq və İnsan Haqları İnstitutunun (HİHİ) birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum gününə həsr edilən tələbələr arasında “Qalib Azərbaycan” adlı II Hüquq Olimpiadası başlayıb.   Manset.az xəbər verir ki, üç mərhələdən ibarət Olimpiadada ölkə üzrə bütün hüquq fakültələrinin - ADA Universiteti, Dövlət İdarəçilik Akademiyası, Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyası, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyası, Dövlət Gömrük Komitəsinin Gömrük Akademiyası, Bakı Dövlət Universiteti, Qarabağ Universiteti, Milli Aviasiya Akademiyası, Naxçıvan Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrinin komandası yarışır. Hüquq Olimpiadasının məqsədi konstitusiya hüququ, cinayət hüququ, habelə mülki hüquq sahəsində tələbələrin bilik və bacarıqlarının müəyyən edilməsi, o cümlədən inkişafına xidmət etməkdir. Olimpiadaya təşkilati dəstək Vəkillər Kollegiyası Akademiyası, "Kəngərli və partnyorları" Vəkil Bürosu, o cümlədən ELSA Azərbaycan (Avropa Hüquqşünas Tələbələr Assosiasiyası) tərəfindən göstərilir. Tədbirdə ARVK-nın sədri Anar Bağırov, HİHİ-nin İdarə Heyətinin sədri Məhəmməd Quluzadə, Hakimlərin Seçki Komitəsinin (HSK) sədri Vidadi Cəfərov, Vəkillər Kollegiyası Akademiyasının nümayəndələri, eyni zamanda müsabiqədə iştirak edən universitetlərin qruplar üzrə təyin olunan rəhbərləri və 45 tələbə iştirak edib. Mərasim Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Olimpiadada açılış nitqi ilə çıxış edən Kollegiyanın sədri Anar Bağırov iştirakçıları salamlayaraq, onlara uğurlar arzulayıb, ölkəmizdə hüquq sahəsində təşkil edilən yarışların əhəmiyyətini vurğulayıb. Rəhbərlik etdiyi qurumun son illər gənclərə daim dəstək göstərdiyini, Hüquq fakültələri olan bütün universitetlər arasında memorandumların imzalandığını, bu istiqamətdə xeyli faydalı əməkdaşlıqların əldə olunduğunu bildirən sədr Kollegiyanın dəstəyi ilə keçirilən yarışmaya ilk dəfə Qarabağ Universitetinin də qoşulduğunu deyib, habelə hüquqşünaslıq peşəsinə böyük töhfə olaraq Olimpiadaya gələcəkdə də xaricdən komandaların cəlb edilməsinə ümid etdiyini vurğulayıb. Eyni zamanda Anar Bağırov diqqətə çatdırıb ki, Prezident İlham Əliyev ölkəmizdə gənclərə hər zaman dəstək göstərir, onlarla fəxr edir və xidmətləri barədə geniş danışır. Təbii ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında məhz Azərbaycan gəncləri 2020-ci ilin sentyabrından başlayaraq 44 günlük Vətən müharibəsində, habelə 2022-ci ilin sentyabr ayında antiterror əməliyyatları nəticəsində ölkəmizin işğal altında olan torpaqlarını azat etdi. Sonra tədbirdə HİHİ-nin İdarə Heyətinin sədri Məhəmməd Quluzadə çıxış edərək Hüquq Olimpiadasının məqsədi və əhəmiyyəti barədə tədbir iştirakçılarına məlumat verib, intellektual və savadlı gəncliyin yetişdirilməsi işində bu cür yarışların rolundan danışıb. O, gənclərin öz bilik və bacarıqlarını inkişaf etdirməsi üçün geniş şəraitlərin yaradıldığını, hazırda tələbələr üçün imkanların hədsiz çox olduğunu dilə gətirib. Hakimlərin Seçki Komitəsinin sədri, Ali Məhkəmənin hakimi Vidadi Cəfərov isə çıxışında Hüquq Olimpiadasının işinə uğurlar diləyib, hüquq sahəsində təşkil edən yarışmanın xüsusi əhəmiyyətini ifadə edib, o cümlədən Qarabağ Universitetinin də turnirdə təmsil olunmasını sevindirici hal kimi qiymətləndirib. Mərasimdə Vəkillər Kollegiyası Akademiyasının rektoru, hüquq elmləri doktoru, professor Əmir Əliyev, "Kəngərli və partnyorları" Vəkil Bürosunun müdiri İsmayıl Kəngərli çıxışlarında iştirakçılara uğurlar arzulayıb, yarışın əhəmiyyətindən söz açıb, müsabiqənin reqlamenti və qaydalarını izah ediblər. Daha sonra müsabiqəyə start verilib və 9 komandada 5 tələbə olmaqla 90 dəqiqə ərzində 50 test sualı cavablandırılıb. Birinci mərhələnin yekununda komandaların cavabları yoxlanılıb, nəticələr elan edilib. Beləliklə, Polis Akademiyası ilə Dövlət İdarəçilik Akademiyası hər biri 49, DTX-nin Heydər Əliyev adına Akademiyası 48, Naxçıvan Dövlət Universiteti 45, Bakı Dövlət Universiteti 44, Milli Aviasiya Akademiyası 41, Gömrük Akademiyası ilə ADA Universiteti hər biri 37 və Qarabağ Universiteti isə 36 bal toplayıb. Məlumat üçün bildirərək ki, Qarabağ Universiteti və Naxçıvan Dövlət Universitetinin komandalarının onlayn iştirakı təşkilatçılar tərəfindən təmin olunub. Xatırladaq ki, II Hüquq Olimpiadasının növbəti tutu dekabrın 14-də, final mərhələsi isə dekabrın 21-də təşkil ediləcək.

Sonda qaliblər və iştirakçılar mükafatlandırılacaqlar.

Seçilən
12
10
manset.az

10Mənbələr