Növbəti tədris ilində Qarabağ Universitetinə 1500 nəfərə qədər tələbə qəbulu planlaşdırılır. Universitetdə əsasən mövcud fakültələr üzrə yeni ixtisaslar yaradılacaq. Bundan başqa tibb fakültəsinin və təbiət fənləri üzrə fakültənin açılması da nəzərdə tutulur.
APA xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Xankəndidə jurnalistlərə açıqlamasında bildirib.
Təhsil naziri həmçinin bildirib ki, universitetin iki yeni korpusunun tikintisində ilkin işlər aparılır və növbəti ildən türkdilli dövlətlərdən və İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrdən tələbələrin Qarabağ Universitetində təhsil alması da planlaşdırılır.