AZ

Covanni van Bronkhorst da “Beşiktaş”dan getdi - Rəsmi

Niderland millisinin sabiq üzvü Covanni van Bronkhorst Türkiyənin “Beşiktaş” komandasının baş məşqçisi postundan istefaya göndərilib.

Arena.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, “qara qartallar”la Van Bronkhorst arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Türkiyə nəhəngi niderlandlı mütəxəssisə xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, 49 yaşlı mütəxəssis bu ilin iyun ayında “Beşiktaş”ın baş məşqçisi təyin edilmişdi. Həmin vaxt onunla 2+1 illik müqavilə imzalandığı diqqətə çatdırılmışdı.

Covanni van Bronkhorst “Beşiktaş”ı bütövlükdə 20 oyuna çıxarıb. “Qara qartallar” bu görüşlərdə 10 qələbə qazanıblar, 6 heç-heçə ediblər, 4 məğlubiyyətə üzülüblər. Niderlandlı mütəxəssisin İstanbul klubundakı fəaliyyəti çox uğurlu başlasa da, son oyunlardakı ardıcıl məğlubiyyət və xal itkiləri baş məşqçi dəyişikliyini də qaçılmaz etmişdi.

Qeyd edək ki, bu uğursuzluqlar mənzərəsində “Beşiktaş”ın klub strukturunda da kütləvi istefalar qeydə alınıb. Hətta klub prezidenti Hasan Arat da postundan getdiyini açıqlayıb. Hazırda onun vəzifələrini Hüseyn Yücel yerinə yetirir. Hansı ki, daha öncə onun da istefa verdiyi, amma klubun idarə heyətinin bu istefanı qəbul etmədiyi açıqlanmışdı.

“Beşiktaş”ın müvəqqəti baş məşqçisi də məlumdur. Komandanı qarşıdakı oyunlara Serdar Topraktepe hazırlayacaq. Yeni baş məşqçinin kim olacağı isə hələ bilinmir.

“Beşiktaş” bu mövsüm Türkiyə Super Liqasında keçirdiyi 12 oyunda 6 qələbə qazanıb, 3 heç-heçə edib, 3 məğlubiyyətə üzülüb. Komanda hazırda 21 xalla 5-ci pillədə qərarlaşıb. Avropa Liqasının Liqa mərhələsində 5 oyundan 2-də qalib gəlib, 3-də uduzmuş “qara qartallar” 6 xalla 22-ci sırada qərarlaşıblar.

Seçilən
22
arena.az

1Mənbələr