AZ

Ermənistan yenidən qurulur: Gələn ay proses başlayır - Detallar


Ümid Partiyasının sədri İqbal Ağazadə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Azərbaycanla Ermənistan gələn ay yenidən sülh masasına qayıdacaq. Son təkliflər fonunda gözləntilər nədən ibarətdir?

- Sülh sözsüz ki, Azərbaycan və Ermənistandan asılı olan bir məsələ deyil. Cənubi Qafqazda marağı olan qüvvələrin proseslərə münasibəti region dövlətlərinə təsiri qaçılmazıdır. Ona görə də, dekabrda Azərbaycan və Ermənistan yenidən sülh masasına qayıdacaq və hər şey həll olunacaq kimi illüziyaya qapılmaq olmaz. Bu proses hələ davam edəcək. Yaxın Şərqdə və postsovet ölkələrində baş verən hadisələrdə iri güclərin mənafeləri, mövqeləri, dünyadakı hadisələrə təsir imkanları ölçülüb-biçiləndən sonra bu məsələlərdə irəliləyiş əldə etmək olar.

- Kənar təsirlər dedikdə konkret hansı ölkələrin mövqeyi nəzərdə tutulur?

- Rusiyanın və ABŞ mövqeyinin güclü olduğu bir vaxta onun iştirakçısı olmadığı bir prosesdə hansısa sənədi imzalanması düşünülmür. Ona görə də, bu proseslər hələ bir qədər vaxt aparacaq.

- Nikol Paşinyan isə növbəti dəfə ilin sonuna kimi sülhün əldə edilməsi ehtimalından danışıb. Bu nə dərəcədə inandırıcıdır?

- Əslində bu mümkündür. İri dövlətlərlə razılaşaraq bu addımı atmaq olar. Razılaşma üçün də əsaslar ola bilər.

- Amma Azərbaycanın sülh üçün Ermənistan konstitusiyasında özünə qarşı olan ərazi iddialarının aradan qaldırılması tələbi var...

- Bu, Bakının tələblərindən biridir. Bunu həll etməyin fərqli yolları da var. Ermənistan üzərinə öhdəliklər götürə bilər. Sülh sazişi qüvvəyə minənə qədər, yəni hər iki ölkənin parlamentləri sənədi ratifikasiya edənə kimi bir il ərzində Ermənistanda referendum keçirilib Azərbaycanın ərazi bütövlüyünə hər hansı iddia ilə bağlı qanunverici sənədləri, aktları dəyişmək öhdəliyinin götürülməsi mümkündür.

- Görünən odur ki, yeni bir Ermənistan qurulur və bu yol Azərbaycanla sülhdən keçir...

- Azərbaycanla sülhün əldə edilməsi, Cənubi Qafqazda barışın təmin olunması Ermənistanın inkişafı üçün böyük rol oynaya bilər. Paşinyan da, indi real mənzərəni görür. Azərbaycan vaxtilə SSRİ-dən ayrılarkən təxminən 7,5 milyon əhalisi var idi, indi isə 10 milyondan artıqdır. Ermənistan isə SSRİ-dən ayrılanda 3,5 milyon əhalisi var idi. Hazırda isə Ermənistanda 2,7 milyon əhali qalıb. Bütün bunlar onu göstərir ki, regiondakı proseslər Ermənistanın xeyrinə getmir. Qonşularla konflikt, daimi müharibə, perspektivin olmaması, ümidsizlik sindromu əhalinin yavaş-yavaş regiondan köçməsinə səbəb olur. Azərbaycanla sərhəddə yerləşən erməni kəndlərinin əhalisi demək olar ki, ərazini tərk edir. Orada təbii resurslar elə də geniş deyil ki, Ermənistan bunu qiymətləndirsin. Çünki insan resursu bu gün dünyada ən önəmli faktorlardan biridir. Ermənistan isə yavaş-yavaş bu faktorları itirməyin fərqində olduğunu anlamağa çalışır.




Seçilən
21
50
news24.az

10Mənbələr