Suriyada rejim əleyhdarı qruplaşmalar ölkənin ikinci böyük şəhəri Hələbin böyük bir hissəsini ələ keçirdikdən sonra Əsəd rejimi şəhərdən çəkildiyini açıqlayıb. Suriya rejimi Hələbdən müvəqqəti geri çəkildiklərini və bunun müxalifətə qarşı hücum hazırlamaq məqsədi daşıdığını bildirib.
Yerli mənbələrin məlumatına görə, müxalif silahlı qruplar Hələbin şəhər mərkəzinə daxil olduqdan sonra rejim qüvvələri şəhərdəki bəzi strateji yerləri terrorçu PKK/YPG-yə verərək geri çəkilib. Lakin rejim əsgərlərinin PKK/YPG-nin nəzarətinə verdiyi Hələb Hava Limanı sonradan müxalif qruplar tərəfindən ələ keçirilib.
“Reuters” xəbər agentliyi Əsəd rejimindən üç hərbi mənbəyə istinadən, müxalifətin Hələbin mərkəzinə çatmasından sonra Suriya ordusuna şəhər mərkəzindən “geri çəkilmək” əmrinin verildiyini bildirib.
İki hərbi mənbə, Dəməşq administrasiyasının ən mühüm müttəfiqlərindən biri olan Rusiyanın müxalifəti dayandırmaq üçün Əsəd rejiminə əlavə hərbi yardım vəd etdiyini və yeni yardımın yaxın 72 saat ərzində onlara çatdırılacağını bildirib.
Bundan əlavə, müxalif qruplar Xan Şeyxunu da tutaraq bütün İdlibə nəzarəti ələ keçirib. Rusiyanın dəstəklədiyi Əsəd rejimi qüvvələri 2019-cu ilin avqustunda Astana razılaşmaları və Soçi razılaşmasına məhəl qoymadan bütün Xan Şeyxunu nəzarətə götürmüşdü.
Ən son məlumata görə, müxalif silahlı qruplar Həma əyalətinə doğru irəliləyirlər...
TAHİR