AZ

Qərb Gürcüstanı inadla xaosa sürükləyir

Azərbaycanın qonşusu və strateji tərəfdaşı Gürcüstanda Qərbin dəstəklədiyi müxalifət və QHT qruplaşmaları aranı qarışdırmağa çalışırlar. Hadisələrin inkişafı onu göstərir ki, Qərb Tbilisidə də Kiyev “Maydan”ını reallaşdırmaq istəyir. Ancaq Baş nazir İrakli Kobaxidzenin dediyi kimi, “Maydan” ssenarisi Gürcüstanda təkrarlana bilməz, çünki ölkədə güclü institutlar və müdrik insanlar var.

Gürcüstanın strateji əhəmiyyəti böyükdür, bu barədə çox danışılıb, yazılıb. Xüsusilə də region ölkələrinin iqtisadi müstəqilliklərinin formalaşmasında böyük rol oynayan strateji neft boru və qaz kəmərləri ərazisindən keçir. Gürcüstan həm də Qara dəniz sahilində yerləşir ki, bu da onun strateji əhəmiyyətini artırır. Lakin son zamanlar geosiyasi maraqlarını təmin etməyə çalışan Qərbin Avrasiyanın bir çox mühüm regionlarında gərginlik ocaqları yaratmasına çalışması günümüzün reallığına çevrilib. Rusiya – Ukrayna müharibəsinin başlanmasından sonra Rusiya ilə sərhəd ölkələrini də fəal şəkildə Qərb maraqlarını dəstəkləməyə çalışan “Qoca qitə” qonşumuzda da rəngli inqilab qığılcımı yaratmağa çalışır. Bir neçə gündür ki, Tbilisinin qanlı xaos və zorakılıq yuvasına çevirməyə cəhd edilməsi də məhz bunu göstərir. Lakin ölkə hakimiyyəti bütün cəhdlərin qarşısını qətiyyətlə alır.

Gürcüstanın Avropa İttifaqına daxil olması ilə bağlı Brüssellə danışıqları ən azı 2028-ci ilə qədər dayandırmaq niyyətini bildirməsindən sonra iğtişaşçılar Tbilisi küçələrini döyüş meydanına döndərməyə çalışırlar. Bundan əlavə, hakimiyyət Avropa qrantlarından da imtina etdi, bu da mühüm rol oynadı. Hazırda bəzi mənbələrə görə, ölkədə 30 minə yaxın müxtəlif QHT fəaliyyət göstərir. Əsasən Vaşinqton və Brüssel tərəfindən maliyyələşdirilən bu təşkilatlar iğtişaşların özəyini təşkil edirlər. Bu strukturların fəalları yeni rəngli inqilabın əsas hərəkətverici qüvvəsi kimi çıxış edir. Vəziyyəti gərginləşdirən də məhz onların olduğu bildirilir.

Tbilisi küçələrində yaşananlar müşahidəçilərə tanış olan bir sıra xüsusiyyətləri üzə çıxardı. Dövlət binalarının qarşısına toplaşan iştişaşçılar dərhal polis qüvvələrini güc tətbiqinə təhrik etməyə başlayıblar. Qərb kuratorlarının tövsiyələrinə ciddi şəkildə uyğun olaraq, iğtişaşçılar şəhər məkanının bir hissəsini tutmağa cəhd ediblər. Bir neçə dəqiqə ərzində Tbilisinin küçələrində barrikadalar peyda olub və onları, demək olar ki, dərhal yandırıblar. İğtişaşçılar əllərində bayraqlarla yanan zibil yeşiklərinin yanında peyda olublar. Sonra polisə daş və butulka atıblar.

Zorakılığın artması təhlükəsizlik qüvvələrini öz tərəfinə çəkmək cəhdləri ilə müşayiət olunub. Bu da uğurla yekunlaşmayıb. Polis yanğını söndürmək üçün su şırnaqlarından istifadə etməyə başlayıb. Şiddətli etiraz təəssüratı yaratmağa müvəffəq olmayan kütləni dağıtmaq üçün polis vəzifəsini yerinə yetirməyə başlayıb və ictimai asayişi pozmağa cəhd göstərənlərə qarşı tələb olunan addımları atıb. Daxili İşlər Nazirliyi vətəndaşları hüquq-mühafizə orqanları əməkdaşlarının göstəriş və tələblərinə tabe olmağa çağırıb, əks halda barələrində qanuni tədbirlər görüləcəyini bildirib.

Rəsmi Tbilisi hadisələrlə bağlı mövqeyini bildirib. Baş nazir İrakli Kobaxidze vurğulayıb ki, radikallar və onların xarici himayədarları hər zaman ölkədə iğtişaşlar törətmək və Gürcüstanı Ukraynaya çevirmək üçün səbəblər tapmağa çalışırlar: “Onlar hələ də dərk etməyiblər ki, 2013-cü ildəki Ukraynadan fərqli olaraq, Gürcüstan güclü təsisatları olan, ən əsası isə gücü sarsılmayacaq təcrübəli və müdrik xalqı olan müstəqil dövlətdir”. Baş nazir bir daha xatırladıb ki, “Maydan” ssenarisi Gürcüstanda reallaşa bilməyəcək: “Gürcüstan dövlətdir və dövlət də təbii ki, buna imkan verməyəcək”. Bununla yanaşı, cənab Kobaxidze Gürcüstanın konstitusiya quruluşuna hücumun qarşısını aldığına və ölkənin suverenliyi və müstəqilliyinin keşiyində dayandığına görə Daxili işlər naziri Vaxtanq Qomelauriyə və hər bir polis əməkdaşına təşəkkür edib.

Tbilisi hadisələrində Aİ nümayəndəsinin özünü canişin kimi aparması Gürcüstanda hiddətlə qarşılanıb. Qurumu təmsil edən avropalı səfir bütün diplomatik etiketi pozaraq Gürcüstanın daxili işlərinə qarışır, əhalini iğtişaşlara sürükləyən çağırışlara yol verib. Bu da, əlbəttə ki, rəsmi Tbilisinin haqlı reaksiyasına səbəb olub. Baş nazir İrakli Kobaxidze xarici aktorları Gürcüstan cəmiyyətində anti-Avropa əhval-ruhiyyəsini gücləndirən zorakı və əsassız etirazları təşviq etməyi dayandırmağa çağırıb. “Narahatedicidir ki, biz indiyədək xarici aktorlardan dinc şəkildə etiraz bildirmək üçün bir çağırış eşitməmişik. Üstəlik, bəzi xarici aktorlar, hətta zorakı mitinqləri dinc etirazlar adlandırırlar. Bununla onlar nəinki zorakılığı qınamırlar və ya onlardan uzaqlaşmırlar, əksinə, onu təşviq edirlər”.

Eyni zamanda, Gürcüstan hökumət başçısının sözlərinə görə, xarici aktorlar Daxili İşlər Nazirliyini zorakılığa reaksiya verməməyə çağırırlar ki, bu da onların milli “Maydan”ı və Gürcüstanın ukraynalaşdırılmasını təbliğ etmək niyyətini tamamilə aşkara çıxarır: “Biz xarici aktorları Gürcüstan cəmiyyətində anti-Avropa əhval-ruhiyyəsinə səbəb olan zorakı və əsassız etirazları təşviq etməyi dayandırmağa çağırırıq. Sonda bir daha hər kəsə xatırlatmaq istəyirəm ki, Gürcüstan güclü institutlara malik, ardıcıl olaraq Avropaya inteqrasiya yolu ilə gedən dövlətdir. Gürcüstanı müharibəyə sürükləmək üçün davamlı cəhdlərə baxmayaraq, biz ölkəmizi ukraynalaşmadan xilas etdik və sülhü qoruduq”. Cənab Kobaxidze, həmçinin diqqətə çatdırıb ki, xaricdən maliyyələşdirilən iki inqilab cəhdinə baxmayaraq, ölkədə sabitlik qoruyub saxlanıldı. O, habelə süni maneələrə baxmayaraq, Gürcüstanın Avropa İttifaqına üzvlüyə namizəd statusu aldığını da xatırladıb.

Gürcüstanın yeni rəngli inqilabı zəif hazırlanmış görünür və açıq şəkildə kütləvi dəstəkdən məhrumdur. Təəssüf doğuran fakt budur ki, iğtişaşçılar ölkənin qarşısında dayanmış strateji məsələləri deyil, Qərbin siyasi gündəliyini yerinə yetirməyə çalışır. Halbuki Gürcüstanın qarşısında itirilmiş torpaqların geri qaytarılması kimi strateji vəzifə dayanıb. Ancaq bu fakt Tbilisini qan gölünə döndərməyə çalışan radikal müxalifət nümayəndələrini maraqlandırmır. Bu ünsürlərin öz gündəliyi var ˗ o da nəyin bahasına olursa olsun, hökuməti devirmək və hakimiyyətə Qərbin əmrlərini yerinə yetirən qüvvələri gətirmək.

Əlbəttə, baş verən hadisələr Gürcüstanın daxili işidir və kənar qüvvələrin və ölkələrin bu prosesə müdaxilə etmələri qəbuledilməzdir. Heç kim demokratik əsaslarla keçirilmiş seçkilərin nəticələrinə şübhə ilə yanaşa bilməz. Müdrik xalq öz seçimini edib, sakitliyə və qonşuları ilə dinc şəkildə yaşamağı üstün tutan siyasi qüvvəni dəstəkləyib. Bu strateji xəttə qarşı çıxanlar yalnız dinc inkişafı və güclü dövlət quruculuğunu istəməyənlərdir. Qərb Ukrayna xalqını müharibəyə sürüklədiyi kimi, Gürcüstan üçün də eyni ssenariləri cızır. Barrikadalar qurmağa çalışanlar milli problemləri artıran planlara baş qoşmamalı və heç bir xarici qüvvənin əlində alət olmamalıdır.

S.ELAY
XQ

Seçilən
16
xalqqazeti.az

1Mənbələr