AZ

KTMT can üstədir

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qazaxıstan paytaxtında keçirilən sammitində bu hərbi-siyasi blokun tam faydasızlığı bir daha etiraf olundu. Onsuz da üzvlər bu təşkilatdan çoxdan əhəmiyyətli bir şey gözləmirdilər. Amma qurumun budəfəki sammiti özünün unikallığı ilə yadda qalacaq.

Astanada keçirilən sammitində KTMT-nin nə çox, nə az, NATO-ya alternativ olduğu barədə fikirlər səslənəndə bu blokun səmərəsizliyi və faydasızlığı ortaya qoyulmuş oldu. Kənardan baxanda görünən odur ki, Mərkəzi Asiyada təhlükəsizliyin əsas təminatçısı kimi KTMT nə iş görür? Xeyli müddətdir üzvlərindən birinin – Ermənistanın toplantılarına qatılmadığı bu qurumun əvvəlki coşqusu, qırımı niyə yoxa çıxıb? Məclisin keçirildiyi zalda buna bənzər xeyli cavabsız suallar uçuşurdu.

KTMT-nin real fəaliyyət imkanları tükəndiyindənmi, yoxsa müzakirə olunmağa mövzu qıtlığındanmı Rusiyanın Ali Baş Komandanının özünün yeni silahı – “Oreşnik”lə öyünməsi, bu möcüzə silahı Kremlin təbliğatında “postamentə” çıxarması tamaşaçıda qəribə assosiasiyalar doğururdu. Blokun digər üzvləri onu nəzakətlə dinlədilər. Təşkilatın baş katibi İmanqali Tasmaqambetovun dediyi kimi, “KTMT Rusiyanın “Oreşnik”dən istifadə təcrübəsini, habelə “onu sınaqdan çıxarmağa məcbur edən” beynəlxalq vəziyyəti mütləq öyrənməlidir. Kremlin qəzəbli bəyanatlarına bundan parlaq cavab tapmaq çətin idi.

İntəhası, Moskva özü sammitdə hökm sürən əhval-ruhiyyəni anladı. Jurnalistlərdən biri Vladimir Putindən KTMT nizamnaməsinə uyğun olaraq “xarici təcavüzü dəf etmək” üçün Rusiyanın köməyə ehtiyacın olub-olmadığı barədə soruşanda, o, qısa cavab verdi: “Bu, qeyri-realdır”. Bu cavabla Rusiya lideri özü KTMT-nin mövcud funksionallığı mövzusuna nöqtə qoymuş oldu.

Burada məsələnin maraq doğuran digər tərəfi ondan ibarətdir ki, KTMT hərbi-siyasi üst strukturdur. Yəni, sadəcə, boşluq üzərində dayanan bir üst quruluşdur. Bu boşluq özünü Moskva ilə KTMT-nin Mərkəzi Asiya üzvləri arasında xarici təhlükələrdən qorunmağı tələb edən birgə layihələrin hər gün azalmasında göstərir. Yəni, hərbi-siyasi blokun kimləri nələrdən qoruyacağı sualı havadan asılı qalır.

Həmkarlarımızdan biri müdafiə etməyə bir şeyi olmayan KTMT-ni qocalıb əldən düşmüş, boynundakı zəncirini arxasınca güclə dartan köpəyə bənzədib. Bu sözə əlavəmiz o ola bilər ki, illərlə keşiyini çəkmiş həmin köpəyi sahibi yalnız ürəyiyumşaqlığına görə həyətinin bir küncündə saxlayır. Veteran gözətçini –küçəyə qovmağı vicdanı yol vermir, onu öz əcəlinin ixtiyarına buraxır.

Qoy ömrünü yaşasın, çox vaxt qalmayıb. Qoy bu, bir müddət Moskvanın postsovet məkanındakı siyasətinin bir vaxtlar gördüyü daha yaxşı əyyamların simvolu kimi “xidmət etsin”.

İ.HƏSƏNQALA
XQ

Seçilən
19
xalqqazeti.az

1Mənbələr