Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsinin yaranmasının 25 illik yubileyi təntənə ilə qeyd olunub.
Mingəçevir şəhər İcra Hakimiyyəti və AYB-nin yerli bölməsinin birgə keçirdiyi yubileyin iştirakçıları əvvəlcə mədəniyyət və incəsənətə, o cümlədən ədəbiyyata hər zaman böyük diqqət və qayğı göstərmiş Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq ehtiramlarını bildiriblər. Mingəçevir Dövlət Universitetinin akt zalında keçirilən mərasimdə şəhər ictimaiyyətinin nümayəndələri, şair və yazıçılar bölmənin yaradıcı fəaliyyəti ilə ətraflı tanış olublar.
AYB Mingəçevir bölməsinin sədri, şair İsmayl İmanzadə ətraf rayonlardan olan yazarların da qatıldıqları təqdimat və görüşlərdən söz açıb. Şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov təbrik nitqində qeyd edib ki, bu qurum ötən müddət ərzində mingəçevirli yazarların sevimli yaradıcılıq məkanına çevrilib, ətrafında çoxlu sayda istedadları birləşdirib. Bir vaxt AYB sədri Anarın, şair Fikrət Qocanın iştirakı ilə yaradılan və uğurlarına xeyir-dua verilən filialın özünü doğrultduğu diqqətə çatdırılıb. Bu gün Prezident İlham Əliyevin cəmiyyətin ziyalı təbəqəsinə qayğısı mingəçevirli söz-sənət adamlarını da yeni-yeni gözəl əsərlər yaratmağa ruhlandırır.
İcra başçısı bildirdi ki, 25 ildə bölmənin səyləri ilə yerli yazarların yaradıcılığını əks etdirən maraqlı qəzet, jurnal, almanaxlar nəşr olunub. Mingəçevir yazarları şəhərin ictimai həyatında da yaxından iştirak edirlər. Elə 3 həftə əvvəl keçirilən Zəfər Günü təntənələri də göstərdi ki, şair və yazıçılar qalib millətin Qələbə salnaməsini gözəl bədii boyalarla qələmə alırlar.
Sonra bölmənin bir qrup yazarına Mingəçevir şəhər İcra Hakimiyyətinin fəxri fərmanları təqdim olundu. Filologiya elmləri doktoru, professor Rüstəm Kamal, uzun illər Mingəçevirdə yüksək vəzifədə işləmiş yazıçı-publisist Ramiz Göyüş ötən illərlə bağlı xatirələrini dilə gətirdilər, bölmənin üzvlərinə ən xoş arzularını çatdırdılar. MDU-nun rektor vəzifəsini müvəqqəti icra edən Üzeyir Zeynalov gənclərin ədəbiyyata önəm verməsini və bölmənin ətrafında cəm olmasını təqdir etdi. Ağdaş bölməsinin rəhbəri Fəxrəddin Əsəd, şairlərdən Namiq Zaman, Elşən Əzim, Nicat Hünalp şeirlərini söylədilər, ictimaiyyət nümayəndələrindən Rizvan Mikayıllı, İnqilab Şirinli ölkəmizdə ədəbiyyatın, mədəniyyətin inkişafı istiqamətində həyata keçirlən işlərdən, yazarlarla olan əməkdaşlıqlarından danışdılar.
Çıxışları dinlədikcə 25 yaşlı bölmənin keçdiyi uğur yolu gözlərimiz önündə canlandı. Sovet dövründə də burada ədəbi dərnəklər olub. Amma o zaman Mingəçevirin adı respublikamızın “ədəbi xəritəsinə” yazılmamışdı. İndi isə “Nur şəhəri” ədəbi mərkəz olub, AYB-nin yerli bölməsi isə Bozdağın qoynunda şölə saçan söz ocağına dönüb. Son illərdə burada “Aranın söz sovqatı”, “Uzaqdan gələn səs”, “Bir ocağın şöləsiyik”, “Ruhumuzun yaz havası” adlı almanaxlar nəşr olunub və həmin topluların hər birinin həm Mingəçevirdə, həm də AYB-nin Natəvan klubunda təqdimat mərasimləri olub. Ölkə Prezidentinin sərəncamlarına əsasən, klassik və çağdaş Azərbaycan ədəbiyyatının görkəmli simalarının yubileyləri, çoxsaylı poeziya gecələri və kitab təqdimatları keçirilib.
Yubiley mərasimində təqdim olunan mahnı çələngi, aşıq musiqisi gecənin xoş ovqatını daha da artırıb.
İlqar HƏSƏNOV,
XQ-nin bölgə müxbiri
Mingəçevir