AZ

Özgələrə doğma, doğmalara yad...

O, uzun stolun yanındakı çarpayıda uzanmış arvadının yanında oturdu. Tənbəki çəkir, öz-özünə anlaşılmaz sözlər pıçıldayır, qəfəsdə o yan-bu yana çırpınan boz quşcuğazın tənha həyatına göz qoyurdu. Hərdən astadan ağlayır, sonra toxtayan kimi olurdu. Cib telefonunu çıxarıb bir-iki rəqəm yığır, ardını gətirməyə tərəddüd edirdi. Pəncərəyə baxır və düşünürdü ki, son günlər hava tez-tez dəyişir – gah yarpaq tökülür, gah çiskinli yağış yağır, gah da duman-çən çökür. Günəşin, sanki, sellofan çəkilmiş pəncərədən süzülən şüaları bir işə yaramırdı. Qarı indi belə üşüyürsə, qışda onu bir soba da qızdırmayacaq.

– Ceyhun gəldi? – deyə qarı bu gün azı 5-ci dəfə soruşdu.

– Yox hələ, gəlməyib.

Qarı dirsəyini yastığa dayayıb bir qədər dikəldi:

– Zəng eləmisən?

Qoca gizlətmədi:

– Hələ yox.

– Bəs nəyi gözləyirsən, ölməyimi? Zəng elə, de ki, nəvələrimi də gətirsin, son dəfə balalarımı görmək istəyirəm.

Qoca baxışlarını qarının sualedici nəzərlərindən yayındırıb yerə dikdi. Necə desin ki, zəng vurmuşdu, amma Ceyhunun işi varmış, hələ gələ bilməyəcək. Rəis adamdı, boş-bekar deyil ki, anasının nazı ilə oynaya. Təyyarəyə bilet almağın çətinliyi də bir tərəfdən. Qoca bir də ona görə təkid etməmişdi ki, əvvəllər qarının israrına rəğmən o uzaqlıqda yolu qət edərək gəlib, anası ölməyib, hətta dirçəlib bu gəlişdən. Oğlu deyinə-deyinə şəhərə qayıdıb. Bunları xatırlatsınmı qarıya?

Axşamüstü qarı yuxusuzluqdan qızarmış gözlərini tavana dikib orada hərəkət edən hörümçəyin gedişini sayırdı. O baş-bu başa 47 gediş eləmişdi...

Oğlundan əvvəl həkim gəldi. Qoca qarının say-hesabından təşvişə düşüb təcili yardıma zəng vurmuşdu. Həkim tibbi çantanı taxtın küncünə qoyub qoşa rezinli fonendoskopu çıxardı, qulağına taxıb ürək və ağciyərin səsinə qulaq asanda qarı sonuncu dəfə:

– Ceyhun, gəldin? – deyə səsləndi və gözlərini əbədi yumdu.

Həkim başını qaldırıb qocaya astaca, – Başınız sağ olsun, – dedi.

Qoca ağlaya bilmirdi. O, maddım-maddım arvadının cansız vücuduna baxırdı. Xəstəlik qarını qupquru qurutmuş, üzüntü və intizar vücudunu daha da kiçiltmişdi. Oğul və nəvələrinə bol və sağlam həyat bəxş etmiş qarı özü üçün xəsiscəsinə xırdaca, qənaətə alışmış bədən saxlamış və lap miskin görkəmdə də olsa, uzun müddət onu qorumağa çalışmışdı ki, sağ qalıb uşaqlarını sevə bilsin, onlarla fəxr etsin.

Qoca alətlərini yığışdırmaqda olan həkimdən qarının ölüm səbəbini soruşdu. Əvvəllər də belə çağrışlara gəlmiş həkim bircə kəlmə cavab verdi:

Tənhalıq

Tənhalığı tez-tez müasir insanın başlıca problemi adlandırırlar. İddia edirlər ki, tənhalıq artıq dünyada əsl epidemiyaya çevrilib. O, insanın emosional vəziyyətlərindən biri kimi sosial izolyasiya nəticəsində yaranır, digər insanlarla emosional əlaqələr mövcud olmadıqda meydana gəlir. Tənhalıq cəmiyyətdən təcrid olmaqdır, sağlamlıqla bağlı problemlərə yol açır, Bəlkə də, siz tənhalığın sağlamlığa məhvedici təsir göstərməsi barədə statistika ilə qarşılaşmısınız: ürək xəstəlikləri və insult riski azı 3 dəfə artır, tənhaların qan təzyiqi yüksəkdir və gözlənilən ömür həddi aşağıdır.

Hər gün sağımızdan, solumuzdan nə qədər tənha insanlar keçir. Əzgin, yorğun və kədərli. Onların çöhrəsi qəmli, baxışları nigaran, əhval-ruhiyyəsi aşağıdır. Onlar milyonlarla insan arasında özünü tənha hiss edir, qəlbi kimsəsizlikdən sıxılır. Tənhalıq varlı və ya kasıba, hiyləgər və ya sadəlöhvə, axmaq və ya dahiyə baxmır. O qapını döyüb, açılmağını gözləmir. Onda bütün qapıların açarları var.

Qəbul günləri olmasına baxmayaraq o, istədiyi zaman nazirin kabinetinə daxil olur. Sürücü ilə yol gedir, bənna ilə daş hörür, çobanla qoyun otarır. Onun cəngindən kimsə xilas ola bilmir. Kimisi bu bəladan tez, kimisi də gec xəbər tutur. Onlar cəmiyyətdən təcrid olunduqlarını o zaman anlayır ki, doğma nəfəsə ehtiyac yaranır, dost-tanışları xatırlayır. Heyhat, artıq qatar gedib, o, tənhadır, o, heç kimdir. Rüstəm İbrahimbəyovla Nikita Mixalkovun 1998-ci ildə çəkdikləri ”Sibir bərbəri” filmində deyildiyi kimi: – Mən heç kiməm. Kaş biləydiniz, nə qədər heç kiməm.

V. Hüqonun “Səfillər” romanında zamanın ən ağır sınaqlarından mətanətlə çıxmış Jan Valjanı canı qədər sevdiyi Kozettadan ayrılıq dərdi öldürür. Ölüm yatağında ona baş çəkən Kozetta və Marisun xoşbəxt olması üçün dua edərək və illər öncə keşişin ona hədiyyə etdiyi gümüş şamdanları Kozettaya verərək gözlərini əbədi yumur.

Qabriel Qarsia Markesin “Yüz ilin tənhalığı” romanı tənhalığın ədəbi abidələrindən biridir. Buendia ailə üzvlərinin bir-birindən aralı düşməsi, onların bir-birini anlaya bilməmələri romanda mifik xarakter daşısa da, tənhalığı çılpaq həyat həqiqətləri ilə əks etdirir.

Yazıçı Anarın “Dantenin yubileyi”ndəki Feyzulla Kəbirlinski istedadsız deyildi, amma olduğu yer, məkanda istedadsız görünürdü. İstehzalardan qaçaraq öz dünyasında yaşaması onu tənhalığa düçar edir. İçində dünya boyda olan sevgisi nifrətə çevrilir. Saysız-hesabsızdı belə ədəbi nümunələr.

Naxçıvan radiosunun canlı efirində tənhalıq mövzusuna həsr olunmuş verilişdə dinləyicilərdən biri zəng edərək onu narahat edən bir məsələdən danışdı. Bildirdi ki, ailə başçısıdır, əzizləri, yaxınları var, özünü onlarsız təsəvvür edə bilmir. Əvvəllər nəvələri ilə səfərlərə çıxır, nağıl danışır, həyət-baca işləri ilə məşğul olur, kitab oxuyur, musiqi dinləyir, televizorda verilişlərə baxırdıq. İndi nəvələr böyüyüb, artıq ona yaxın gəlmirlər. Eləcə də digərləri. Özünü daim yalqız hiss edir, gedəcək bir yeri də yox.

Vaxtaşırı daxilində boşluq hiss edir, hansı ki, həmin boşluq kiminsə ünsiyyəti ilə dola bilər. Dostlarla vaxt keçirmək istəyir, amma onlar hamısı məşğuldu.

Heç kim səni sona qədər anlamır, heç kim imkan vermir ki, özünü olduğun kimi ifadə edə biləsən, heç kim ruhunu, qəlbini isidə bilmir...

Bu hal təkcə həmin dinləyicinin deyil, yüzlərlə digər yaşlı insanın taleyindən keçir. Sevdikləri artıq ona laqeyd, biganədir. O, gülüzlü nəvəsini qucaqlayıb bağrına basmaq istəyir, nəvə isə istəmir, onun ayrı dünyası var.

Təkcə bu, mənfi enerji ilə yüklənməyə kifayət edir.

Tənhalıq bədbəxtliyin giriş qapısı, normal vəziyyətdən və ya inkişaf prosesindən ağrılı bir sapma, anormallıqdır. Bu anormallıq isə insanı xəbislik, qeybətcilik, bədnəzərlik kimi neqativ enerji mənbəyinə də çevirə bilir.

Təkliyin ağrıları

Gözdəyməyə, bədnəzərliyə inanmıram. Amma xalq təbabətində o qədər misallar var ki... Tənha ömür yaşayanların bir qismində orta dalğalı ultrabənövşəyi şüaların əmələ gəlməsi hallarından da bəhs olunur. Nağıl qəhrəmanları Goygöz Kosa, Ölməz Kaşşey kimi ömrünü tənhalıqda keçirən gözü göy, saqqali sarı adamların baxışlarından daş çatlayar, təbii fəlakət baş verər, dağ oynayar yerindən. İddia olunduğu kimi, əvvəllər insanların bu baxışlardan qorunması üçün müəyyən özünümüdafiə vasitələri olsa da, indi gözdəymənin qabağını almaq üçün gözmuncuğu, qaratikan, nal, nəzər ayəsi yazılmış duanı gəzdirmə kimi batil üsullar da işə yaramır.

Bu yaxınlarda teleaparıcı Elgiz canlı bağlantıda bədnəzərdən qorunmaq üçün belə bir məsləhət verdi: “Sancağı götürün və başı aşağı, paltarın içəri tərəfindən bağlayın. Mən özümü neçə ildir belə saxlayıram. Çünki bu yaraşıqda, çətin ki, tab gətirə bilərdim”. Bu məsləhət Şou.az net saytında gündəmə çevrilsə də, aparıcının özünün iddia etdiyi kimi, bu üsul yalnız yaraşığı qorumaq üçündür. Elgizin yaraşığına baxıb bu məsləhətin nə qədər əhəmiyyətli olduğunu da müəyyən etmək olar.

Avtomobil almışdım, yolda Qoçüstü məhəlləsində bir vaxtlar qonşu olduğum keçmiş qonşumu piyada görüb götürdüm. Eynən Göygöz kosa misallı. Uzun müddətdir ki, tənha yaşayır. Hal-əhval tutduq. Güzəranımla, evdəkilərin, qohum-əqrabanın səhhəti ilə maraqlandı, hər dəfə “yaxşı”– dedikcə dilxor olurdu. Dirəşirdi ey, birini nasaz çıxarmayınca əl cəkmirdi. Nəhayət, sülaləmdən birini nasaz çıxarmalı oldum. Üzünə gün doğdu. Dedi ki, mənim də bir qohumumda da eynən o xəstəlik vardı, iki il çəkdi.

– Bəs sonra?

– Sonra canını tapşırdı Allaha!

Sükandan yuxarı gözmuncuğu yellənsə də, axşamüstü maşın işıq dirəyinə çarpıldi.

Televiziyada Serbiya prezidenti Boris Tadiçin Azərbaycana səfərindən hazırlanmış reportaja baxırdıq. Həmin qonşum Tadiçin əyləşdiyi maşını təriflədi. Ölkəsinə geri dönəndən sonra Boris Tadiçə sui-qəsd edildi.

Digər bir ölkənin prezidenti heyəti ilə təyyarə qəzasında həlak oldu.

Qonşum ona da bəytərifi demişdi.

Bu qənaətə gəlmişəm ki, belə adamlar ölkənin “milli sərvətidir”. Onlar olan yerdə düşmənlə müharibəyə top-tüfəng lazım deyil. Sadəcə, bədnəzəri sərhəddə yerləşdirib, qarşı tərəfi müşahidə etməsinə şərait yaradırsan. Qoy, düşmən ordusunu tərifləyib, bir-iki xoş söz də desin. O orduya qaşınma düşməsə və qaşına-qaşına qaçıb getməsələr, onda mən heç nə bilmirəm. Hələ silahlarını tərifləsə... İnanın ki, tankların lüləsi sual işarəsi kimi əyilər, topları taraqqaya dönər, İsgəndər raketi İsgəndər kababına dönər. Beləliklə, hamı yeyib-içər və haqq-ədalət öz yerini tapar.

Xoşbəxtlik axtarışı

Toydayam. Cütlüyün sağlığına badələr qalxır, şıdırğı rəqslər bir-birini əvəz edir, bəylə gəlin isə gözlərini telefondan çəkmirlər. Axı, həyatının ən gözəl anında, əziz və doğmaları, qohum-əqraba, dost-tanış arasında olduqları bir vaxtda onları telefona bağlayan nədir? Daha parlaq gələcəyi, əziz və doğmalarını toyda deyil, üfüqlərdə axtarmaqdımı bu? Hələ indi – ömrün ən əziz anında telefon əsiri olan bu cütlüyün sabahkı taleyi nə olacaq?

Telefon aldıq, kitab oxumağı unutduq, kompüter, internet evə daxil oldu, vaxtımızın hesabını, ünsiyyəti, səmimiyyəti və özümüzü, ətrafımızı itirdik.

Telefon alışqanlığı – nomofobiya alkoqolizm, narkomaniya kimi xəstəlikdir. Onlar hamama və tualetə telefonla gedir, təbii ehtiyaclarını da sanki telefonun göstərişi ilə ödəyirlər. Doğmaları, yaxınları ilə münasibətlərini bəsitləşdirir, əlaqəni kəsir, işıqlı qəlbinə zülmət çökür, qaranlıq qəlblər isə insanı tənhalığa, yadlaşmaya aparır.

Naxçıvan Muxtar Respublikası Tibbi-Psixi Dispanserin baş həkimi, psixiatr Rəşadət Nabatov bildirir ki, əgər insan özünü tənha hiss edirsə, 1 il sonra onun depressiyanın əlamətlərini hiss etməsi riski artır. Əvvəl tanıdığım bir qadın depressiya əlamətləri ilə yanıma gəlmişdi. Deyir həkimə getdim, analiz verdim. Məndə Hepatit C tapıldı. Şoka düşdüm, “artıq ölürəm!” – deyə fikirləşirdim. Xəbər tutanlar elə düşünürdülər ki, mənimlə bir masada çörək kəssələr, onlar da Hepatit C-yə yoluxacaqlar. Məndən uzaqlaşdılar. İşdən çıxıb evə qapandım, ailəmdən xəlvət vəsiyyətnamə yazdım.

Qadına izah etdim ki, evə qapanmaqdansa, sağalması üçün mübarizə aparsın. Tövsiyəmi dinləyib xəstəxanaya yollandı. Sağaldı və erkən yazdığı vəsiyyətnaməni cırıb atdı. Odur ki, deyirəm, əksər xəstəliklər tənhalıqdan qaynaqlanır. Müalicəsi sizi anlayacaq adamlarla real, əhəmiyyətli münasibətlər qurmaqdan keçir. Tənhalıqdan qurtulmaq istəyən kəs öncə evində normal münasibətlər qurmalı, dost-tanışla rastlaşanda üzünü yana tutmamalıdır. Əgər səndən küsən, inciyən varsa, təkəbbürü bir yana qoyub onun könlünü almalı, barışmağı bacarmalasınız. Özünəqapanma bütün xəstəliklərin risk faktorudur. Psixiatr onu da bildirdi ki, tənhalıqdan qurtuluşun yalnız bir yolu var: Həyat eşqi. Bu eşq insanın daxiliyanma mühərriki, insanı mənəvi və fiziki ölümün caynağından qoruyan talismandır. Doğmalarını, əzizlərini ahıl çağında, dar ayaqda yalqız qoyub gedənlər onları Cek Londonun “Həyat eşqi”ndə olduğu kimi, təkcə xəstə canavara yox, həm də “həyat” adlı yalquzağın asan yeminə çevrilirlər. Depressiyalar onları həyatın dibinə – girdablara doğru çəkir. Bataqlıq onları udmaq istəyi ilə alışıb yanır. Mübarizlik isə yazıçının həyat lüğətindən silinmişdi.

Psixiatrın fikrincə, insanı inam, ümid, mübarizə tərk etməsə, o, həyatın bütün sınaqlarından, keşməkeşlərindən qələbə ilə çıxa bilər. Ümidi ölən insan əvvəlcə mənəvi, daha sonra fiziki cəhətdən məhv olur. Təkcə yol yoldaşını yox, həm də özünü tənhalığın qucağına atan insan təbiətlə, həyatla çarpışmalarda uduzur mütləq. İradəli insanlar isə ölümə qalib gəlirlər, heç vaxt ölmürlər. Böyük Bəxtiyar Vahabzadə deyirdi ki, meşələr sultanı, meşələr şahı aslanın özü də yalqız olmasın.

...Günəşin qürub çağıdır. İşdən çıxıb evə yollanıram. Sağımdan-solumdan insanlar keçir. Kimisi təbəssümlə, kimisi dalğın, kimisi fikirli, qəmgin. Kimisi dostları ilə görüşə, kimisi də evdə onu gözləyən tənhalığa sarı yürüyür. Qarşıdakı döngədən əvvəlcə molla, sonra çiynində tabut aparan adamlar çıxaraq yolun piyada keçid xəttinə sarı addımlayırlar. Avtomobillərin hərəkəti dayanır, bəzi sürücülər ehtiram ifadəsi olaraq maşından düşüb ölənə rəhmət diləyirlər. Rəhmətlik həmin qarıdır, dəfn etməyə aparırlar. Gözüm oğlunu axtardı, orada yoxdu, hələ gəlib çıxmamışdı.

Hüseyn ƏSGƏROV,
yazıçı-publisist

Seçilən
44
xalqqazeti.az

1Mənbələr