Kayseridə yerləşən mebel fabrikində yanğın baş verib. Yanğını söndürmək üçün yanğınsöndürənlərin müdaxiləsi davam etdiyi vaxt, ilkin məlumatlara görə, 3 nəfərin həyatını itirdiyi müəyyən olunub. Təxminən 3 saatlıq iş nəticəsində yanğın nəzarətə götürülüb.
Milli.Az xəbər verir ki, yanğın saat 14:00 radələrində Kayseri Organize Sənaye Bölgəsi, 29-cu Caddədə yerləşən mebel fabrikində baş verib.
Qısa müddətdə alovlar fabrikin bir hissəsini bürüyüb. Hadisəni görənlərin məlumatı əsasında əraziyə polis, səhiyyə və yanğınsöndürən qrupları cəlb edilib.
Yanğınsöndürənlər dərhal alovlara müdaxiləyə başlayıb.
Yanğın zamanı 3 işçinin həyatını itirdiyi müəyyən olunub. Onların cəsədləri otopsi üçün Kayseri Dövlət Xəstəxanasının morquna aparılıb.
Lalə Qüdrətova
Milli.Az