AZ

“Qarabağ”ın növbəti rəqibi nələrdə ən zəifdir?

Avropa Liqasında lider “Latsio”nun autsayderlərdən “Lüdoqorets”lə evdə qolsuz heç-heçəsindən sonra 5-ci turdan etibarən artıq xal itirməyən komanda qalmayıb.

İdman.biz xəbər verir ki, ən çox xal (13) və qələbə (4) indi Roma təmsilçisi ilə yanaşı, “Atletik” və “Ayntraxt”dadır. 4 komandanın qələbə üzü görmədiyi turnirdə Kiyev “Dinamo”su xala həsrət yeganə komandadır.

Məhsuldarlıqda 13 qollu “Ayaks” və “Qalatasaray”ın izinə “Qarabağ”ın qapısına vurduğu 4 qol sayəsində qollarını 12-yə çatdıran “Lion” “Reyncers”lə bərabər düşüb. “Lüdoqorets” və Kiyev “Dinamo”su cəmi 1 qolla hücumda ən kəsərsiz komandadırlar.

Ən çox top buraxan komanda, təəssüf ki, “Qarabağ”dır (13). “Latsio” və “Atletik”in qapısına rəqiblər cəmi 2 dəfə yol tapıblar.

Qapıya zərbələrdə “Qalatasaray” (112) və “Mançester Yunayted” (95) ön sıradadırlar. Ağdamlıların qapısına 16 zərbə endirmiş lionlular (89) 3-cü nəticəyə sahibdirlər. Ən az zərbə “Qarabağ”ın növbəti rəqibi “Elfsborq”dadır - 35.

Qapı çərçivəsinə ən çox top göndərən “Qalatasaray” (40) və “Lion”dur (37). “Lüdoqorets”in isə 5 oyunda cəmi 7 zərbəsi çərçivəyə yönəlib. Ən çox zərbə endirən “Qalatasaray” hədəfdən yayınmaqda da (44) fərqlənib.

“Mançester Yunayted”in 35, “Qalatasaray” və “Lion”un 28 zərbəsi bloka alınıb.

Topa sahibolmanın liderləri “Roma ” (60%) və “Qalatasaray”dır (59,2%). “Qarabağ”ın növbəti rəqibi “Elfsborq” bu sahədə də autsayderdir – 36,8%.

Ötürmələrin dəqiqliyində “Mançester Yunayted” (86,8%) və “Anderlext” (86,4%) futbolçuları sərrastlıqları ilə seçilirlər. Burada da son pillə “Elfsborq”dadır (72%).

Ötürmə sayında lider “Roma”nı (3019) “Qalatasaray” (2842) izləyir. “Elfsborq”da bu rəqəmin iki dəfə az olması (1507) sonunculuğa səbəb olub. Dəqiq ötürmələrdə “Qalatasaray” (2375) lider “Roma” (2596) ilə öz arasına “Mançester Yunayted”i (2415) buraxıb. “Elfsborq” (1085) ötürmələri ən az ünvana çatdıran komandadır.

Sərbəst zərbələri daha çox “Lüdoqorets” (87) yerinə yetirib. “Qarabağ” (80) bu sahədə 7-ci göstəriciyə malikdir. “Ayntraxt” (44) “Elfsborq”a (46) bu göstəricidə sonuncu olmağa imkan verməyib.

Ən çox hücum edən “Slaviya”nı (245) iki fransız klubu – “Nitsa” (210) və “Lion” (207) izləyir. “Qarabağ” (181) 9-cu göstəriciyə malikdir. “Lüdoqorets” cəmi 100, “Elfsborq” 104 dəfə hücuma çıxıb.

Künc zərbələrində “Hoffenhaym” (35) ön sıradadır. Ən aşağı göstərici “Viktoriya” (9) və “Elfsborq”dadır (10).

“Olimpiakos” və “Roma”nın futbolçuları 20 dəfə ofsayda düşüblər. Ən diqqətli cəmi 2 dəfə bu halla üzləşən “Atletik”dir.

Topalmada “Fənərbağça” (95) fəaldır. “Anderlext”də (46) isə bu iş yaxşı alınmır.

“Beşiktaş”ın (27) öndə olduğu qapıçı seyvlərində “Qarabağ” (23) 4-cü pillədədir. “Slaviya” və “Braqa” (10) qolkiperləri ən zəif xilaskarlardır.

Qayda pozuntusuna daha çox yol verən komanda “Ayaks”dır (84). “Nitsa” (41) ən səliqəlidir. Follara ən çox məruz qalan isə “Fənərbaxça”dır (80). “Viktoruiya”ya qarşı qaydalar 38 dəfə pozulub.

“Fənərbaxça” futbolçuları 25 dəfə sarı vərəqə görüblər. “Midtyulland”a 4 dəfə xəbərdarlıq edilib. Tel-Əviv “Makkabi”si 3 dəfə qırmızı vərəqə ilə cəzalandırılıb.

Vüqar Məmmədov
İdman.biz

Seçilən
28
1
idman.biz

2Mənbələr