AZ

Kainatın böyük modelini yaradıblar - Foto

Kainatın

ABŞ alimləri superkompüterdən istifadə etməklə, elm tarixində ilk dəfə kainatın ən böyük modelini yaradıblar. Bu model qaranlıq maddənin öyrənilməsinə kömək edəcək.

Reyting.az
bildirir ki, fiziklər genişlənən və əngin kainatın müasir elm tarixində ən böyük kompüter modelini yaratmaqla, kosmik tədqiqatda irəliləyişə nail olublar.

Elm adamları ABŞ-nın "Oak Ridge" Milli Laboratoriyasındakı böyük Frontiersuperkompüterində 9000 hesablama qovşağından istifadə edib və bununla da 31 milyard kub meqaparsekdən çox həcmin simulyasiyasını bacarıblar.

"ExaSky" adlanan bu elmi layihə kainatın təkamülünü və yalnız cazibə qüvvəsi ilə qarşılıqlı əlaqəli sirli komponentlər olan qaranlıq maddəni ətraflı öyrənməkməqsədi daşıyır.

Arqon Milli Laboratoriyasının mütəxəssisi, layihə rəhbəri Salman Həbib deyib ki, kainatın nizamının necə olduğunu, necə işlədiyini anlamaq üçün cazibə qüvvəsini, ulduzların, qara dəliklərin, qalaktikaların əmələ gəlməsi də daxil olmaqla, hər şey nəzərə alınmalıdır:

“Modelləşdirmə prosesi mürəkkəb riyazi hesablamalar və yüksək məhsuldarlıq tələb edirdi. Əvvəlki dövrdə belə simulyasiyalar tez-tez hidrodinamik təsirləri istisna etməklə sadələşdirilirdi. Lakin bütün bunlarla yanaşı, uğurla bizə belə bir elmi imkan yaradan "Frontier"-in təkmilləşdirilmiş proqram təminatı, eləcə də onun sürətləndirilməsindən tamamilə istifadə etməklə, alimlər kainatda əmələ gələn isti qazın davranışını, mərhələlərlə ulduz yaranışının fizikası kimi əlavə elmi parametrləri modelə daxil edə bildilər".



Bu elmi yeniliyi qiymətləndirən, belə bir modelin icad olunmasını təqdir edən, lakin bu mövzuya özünəməxsus şəkildə yanaşan astrofizik Bronson Messer deyib:

"Simulyasiyanın tərkib hissəsi kimi, belə bir kainat modeli yaradan elm adamları 64 x 64 x 76 meqaparsek, yaxud da 311 296 kub meqaparsek ölçüdə olan, fəzada əmələ gələn nəhəng qalaktika klasterini göstərən video hazırladılar. Məncə, onun görüntüsü çox heyranedicidir. Bu həcmdə kompüterin qurduğu həmin yeni kainat modeli bütün simulyasiyanın yalnız bir hissəsini - 0,001 faizini təşkil edir. Bu isə bir daha tam öyrənə bilməyəcəyimiz və sonsuz olduğu qədər də mükəmməl olan, eyni zamanda tamamilə sərhədsiz, həmçinin sirli kainatın nəhəng miqyasından xəbər verir”.

B. Messerin sözlərinə görə, kompüterin icad etdiyi kainat modeli söz yox ki, nələrisə anlada bilir: “Lakin hələ ki, bu, hər şey deyil. Düşünürəm ki, biz təkcə modelləşdirmənin həcminə görə də deyil, həmçinin realistik fizikanın əlavə edilməsi hesabına müasir elm aləmində inanılmaz bir addım atmışıq. Mənə görə, həqiqətən də belə bir yeni və müasir kəşf "Frontier" superkompüteri üçün tarixi, həmçinin böyük texnoloji nailiyyətdir".

Astrofizik əlavə edib ki, bu tədqiqatın nəticələri kainatı və onun quruluşunu öyrənməyi, kainata nəzarət edən proseslər barədə yeni elmi anlayışı indən sonra genişləndirməyi vəd edir: “Bu səviyyəli elmi simulyasiyalar gələcək astronomik kəşflər, kainatın daha dərindən və ətraflı öyrənilməsinə yeni üfüqlər açır”.

Oqtay QORÇU
Seçilən
29
reyting.az

1Mənbələr