"Beşiktaş"ın sabiq prezidenti Əhməd Nur Çəbi istefa verən Həsən Arat haqqında sərt fikirlər səsləndirib.
Fanat.Az xəbər verir ki, Çəbi Aratın "Beşiktaş" tarixində ən uğursuz rəhbər olduğunu iddia edib.
"TV100"-ə müsahibə verən Əhməd Nur Çəbi belə danışıb:
"Həsən Arat klub tarixində ən pis başqandır. Bundan daha pisi bir daha gəlməz. Üç gün əvvəl "qiyam var" deyirdi, indi isə istefa verib. Məncə, bu da bir növ qiyamdır. Lider necə olmalıdır? Lider mübarizə aparır, qaçmır. Həsən Arat lider idimi? Olmadığını biz demişdik, inanmadılar, indi hər kəs gördü."
Çəbi əlavə edib: "O, vəzifədə olduğu müddətdə trollarla bir il ərzində bizə hücum etdi. "Başqan olacağam, bunu edəcəm, onu edəcəm" deyə bəyanatlar verirdi. İnsanları aldadaraq nüfuzdan salmağa çalışdı. Cəmi 11 ayda klubu xaosa sürüklədi və "Beşiktaş"ın gələcəyini qaranlığa qərq edərək istefa verdi."
May ayında keçiriləcək konqresdə namizəd olub-olmayacağı ilə bağlı suala isə Əhməd Nur Çəbi belə cavab verib: "Həsən Arat istefa versə də, mənimlə bağlı dediklərinin hesabını 21 dekabrda keçiriləcək Divan Qurulunda verəcək. O görüşdə son sözümü deyəcəyəm. Bundan sonra "Beşiktaş"da başqan olmaq fikrim yoxdur. Amma aramızda kluba ən çox fayda verəcək şəxsi tapıb, birlikdə qərar verəcək və onu dəstəkləyəcəyik."