"Nəqliyyat problemləri ilə məşğul olan elmi-tədqiqat institutunun yaradılması artıq zərurətə çevrilib".
Moderator.az Crossmedia.az-a istinadən xəbər verir ki, bu fikirləri iqtisad elmləri doktoru Aqil Əsədov özünün sosial şəbəkə hesabında yazıb. O bildirib ki, nəqliyyat sektorunda quruculuq, təkmilləşdirmələr davamlı xarakter daşıyan bir prosesdir:
"Azərbaycan Respublikasında iri regional layihələr həyata keçirilməkdədir. Layihələrin nəticəsi olaraq əlverişli strateji-coğrafi mövqeyə malik ölkəmiz Avropa və Asiya arasında mühüm nəqliyyat-tranzit qovşağa çevrilmişdir. Aydındır ki, hər bir ölkənin nəqliyyat sisteminin vəziyyəti, coğrafi mövqeyi və tranzit imkanları onun dünyaya inteqrasiyasında və iqtisadi inkişafında əhəmiyyətli rol oynayır. Bu baxımdan, reallaşmaqda olan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri, eləcə də ölkəmizin əlverişli coğrafi mövqeyi onu Avropa və Asiya dövlətləri arasında obyektiv olaraq iqtisadi və geosiyasi körpü rolunu oynamağa vadar edir və respublikamızın beynəlxalq tranzitdə yaxından iştirakına şərait yaradır.
Milli dövlətlərin davamlı və dinamik tərəqqisinin, xarici bazarlara çıxışının zəruri şərtinə çevrilmiş ticarət-iqtsadi əlaqələrin hərəkətverici qüvvəsi, məhz nəqliyyat əlaqələridir. O cümlədən, Azərbaycan Respublikasının beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi uzunmüddətli üstünlüklər, dividendlər vəd edir. Ölkəmizin qoşulduğu beynəlxalq nəqliyyat dəhlizləri üzrə 2023-cü ildə 32.8 milyon ton yük daşınıbdır ki, bunun da 53.0 faizi Şərq-Qərb, 28.3 faizi Şimal-Cənub, 18.0 faizi Şimal-Qərb, 0.7 faizi isə Cənub-Qərb nəqliyyat dəhlizinin payına düşür. Bu başlanğıcdır və dünyanın müasir çağırışlarına uyğun olaraq müxtəlif istiqamətlər üzrə daşınma həcminin dəfələrlə artacağı qaçılmazdır.
Göründüyü kimi, ölkə daxilində nəqliyyat sisteminin davamlı olaraq təkmilləşdirilməsi, infrastruktur quruculuğu aparılmaqla yanaşı, beynəlxalq daşınmalarda da Azərbaycanın rolu davamlı olaraq yüksəlir. 2015-ci ildən ölkəmizdə “Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası” fəaliyyət göstərir, “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Planı”nı həyata keçirilməkdədir, 2023-cü ildə “Nəqliyyatı Əlaqələndirmə Şurası” yaradılıb və s.
400 hektara yaxın ərazidə regional və qlobal əhəmiyyətə malik Ələt terminalı yaradılır. Birinci mərhələdə limanın yükaşırma qabiliyyəti ildə 10 milyon ton yük və 50 min konteynerdən ibarət olacağı planlaşdırılır. İkinci mərhələdə limanın yükaşırma gücü 17 milyon ton yük və 150 min konteynerə, üçüncü mərhələnin yekununda isə 25 milyon ton yük və 1 milyon konteynerə çatdırılacaq. Limanda layihə üzrə logistika mərkəzinin yaradılması, ilkin mərhələdə 100 min konteynerin saxlanması imkanlarının formalaşdırılması, eləcə də yük sahiblərinə müxtəlif növ xidmətlərin göstərilməsi nəzərdə tutulmuşdur.
Digər tərəfdən məlumdur ki:
1. Yaxın gələcəkdə Bakı-Tbilisi-Qars üzrə daşınmaların 15 milyon tona çatdırılması proqnozlaşdırılır;
2. 2030-cu ilə qədər Orta dəhlizlə daşınma həcmi 3 dəfə arta, daşınma müddəti 2 dəfə azala bilər;
3. Orta dəhliz Çin və Avropa arasında daşınan yüklərin cəmi 3-5 %-ni təşkil etsə də, yaxın gələcəkdə, təqribən 15-20 %-ə qədər, hətta daha çox artacağı gözlənilir
4. Zəngəzur dəhlizi açıldıqdan sonra isə Azərbaycanın Orta dəhlizlə gələn yükləri aşırmaq imkanları daha da genişlənəcək. Zəngəzur dəhlizi Orta Dəhlizin daşıma qabiliyyətini illik 8-10 milyon tonadək artıracaq;
5. İşğaldan azad edilmiş ərazilərdə nəqliyyat-infrastruktur sisteminin formalaşdırılması istiqamətində genişmiqyaslı işlər aparılır;
6. Meqapolislərdə, xüsusilə Bakı şəhərində tıxac və sıxlıq problemi uzun illərdir davam edir;
7. Azərbaycan Respublikası dünyanın dekarbonizasiya çağırışlarına qoşularaq, nəqliyyat parkını elektromobillərlə zənginləşdirir və bunun üçün zəruri infrastrukturlara ehtiyac var və s...
Ümumiyyətlə, nəqliyyat sektorunda həyata keçirilən proqram və layihələrin uğurlu nəticələrindən, eləcə də mövcud problemlərdən çox yazmaq olar. Problemin olması da təbiidir, ona görə ki, cəmiyyət və sənayenin zövq və tələbləri dəyişdikcə xidmət sferası da ona uyğunlaşdırılmalıdır. Bu mənada, nəqliyyat sektorunda quruculuq, təkmilləşdirmələr davamlı xarakter daşıyan bir prosesdir. BÜTÜN BUNLARI NƏZƏRƏ ALARAQ, ÖLKƏMİZDƏ NƏQLİYYAT PROBLEMLƏRİ İLƏ MƏŞĞUL OLAN FUNDAMENTAL ELMİ-TƏDQİQAT İNSTİTUTUNUN YARADILMASI, ARTIQ ZƏRURƏTƏ ÇEVRİLİB",- deyə Aqil Əsədov qeyd edib.