AZ

“Aleppo”, “Dehli”, “Ganja”...

O gün həmkarımız Aygün Muradxanlı yazmışdı, dedim, bəlkə, eləcə 1-2 saytda Hələb əvəzinə “Aleppo” yazıldığını görüb, yəqin çox yayğın olmaz. Amma yox, yeni nəsil jurnalistlər “Aleppo” yazırmışlar.

Bu, ilk növbədə ondan xəbər verir ki, “Aleppo” yazanlar ingilisdilli və rusdillidirlər, şəhərlə bağlı informasiyaları da o dilli mənbələrdən götürürlər.

Məsələ ondadır ki, ərəblər Hələbi حلب‎‎ yazırlar və “Halab” kimi tələffüz edirlər, yunanlar bu qədim şəhərin adını Χαλέπι kimi yazır, “Chalépi” deyirlər, qardaş türklər Haleb yazır, elə də səsləndirirlər, biz hələ Nəsiminin vaxtından Hələbə Hələb deyirik, amma ingilislər və ruslar Hələbə “Aleppo” deyirlər. Görünür, dillərinə elə yatır.

Yuxarıdakı abzasda “Nəsiminin vaxtından” ifadəsi yazdım, söhbət məşhur şairimiz İmadəddin Nəsimidən gedir, bildiyimiz kimi, o dönəmin yaramaz adamları böyük mütəfəkkir şairimizi 1419-cu ildə Hələbdə edam ediblər.

Buradan da ikinci nəticə çıxır ki, Hələbi “Aleppo” adlandıranlar heç “Nəsimi” filminə də baxmayıblar.

Bu barədə çoxdan belə bir qənaət vardı ki, yeni nəsil köhnə filmlərimizə baxmadıqlarından o sənət əsərlərində keçən zərbül-məsəlləri bilmirlər və onlardan istifadə edən yaşlı və ortayaşlıları anlamırlar. Düz söhbət imiş. Sabah 100 gəncin yanında “can, can, anan ölsün, ay Ramazan” və ya “xalanın muzdu o olar ki, canı rahat olar, mәnim dә muzdum budur ki, savab yiyәsi olaram” desən, söhbətin hansı filmlərdən, nədən getdiyini anlamayacaq.

Amma bunun “Hələb-Aleppo” söhbətinə elə də dəxli yoxdur. Məsələyə birbaşa dəxli olan şey odur ki, biz nəsə bir termin və ya toponim işlədəndə mütləq başqa ölkələrin leksikonuna istinad edirik, onları yamsılayırıq və onların yanlışlarını təkrarlayırıq.

Hələ yaxşı ki, Misirə Misir deyirik, ruslar kimi “Yeqipet”, ingilislər kimi “İsıpt” demirik. Ruslar da “Yeqipet” sözünü ingilislərin “Egypt” kəlməsindən götürüblər və yazanda və tələffüz edəndə anlamayıblar ki, ingilislər elə yazsalar da sözü “Yeqipet” kimi oxumurlar. Amma ruslar elə o vaxtdan “Yeqipet”dən döşəyirlər.

Bizim bir yanlışımız da Hindistanın Delhi şəhəri ilə bağlıdır. Dünyada o şəhərə yeganə olaraq “Dehli” deyən xalq bizik. Bunu da ruslardan götürmüşük. Onlar Dehliyə “Deli” deyirlər, çünki “H” səsləri yoxdur. Bizim qədim dilçilər ruslardan o şəhərin adının yazılış və tələffüzünü əxz edərkən, nəyə görəsə H hərfini L-dən önə çəkiblər, beləcə dünyaca məşhur şəhər dönüb olub DEHLİ.

3 ay qabaq Daşkənddə Nouşan adlı bir hindistanlı alimlə Anadolu türkcəsində söhbət edirdik, ondan soruşdum ki, neçə ildir Dehlidə yaşayır. Nouşan bəy düzəliş verdi ki, bizim şəhərin adı Delhidir. İstədim deyəm, ha Dehli, ha Delhi, nə fərqi var. Demədim, ağlıma gəldi ki, o da deyər, ha Baku, ha Kabu, fərqi yoxdurmu. Yeri gəlmişkən, bizim paytaxtımıza da dünya arenasında Baku deyirlər, halbuki Bakı da deyə bilərlər. Onlar da ruslardan elə götürüblər.

İngilis və rus dilçilər Çinin paytaxtının adını da vaxtilə “becəriblər”: “Beijing” kəlməsini “Pekin” yazıb-oxuyurlar. Görünür, onlar ieroqlifləri belə çözüblər. Axtarsan, Çinə nəyə görə “Kitay” adlandırmalarının da izahını tapmaq olar. Bütün dünya “Çayna” deyir, ruslar – Kitay.

Bakı və Sumqayıtdan sonra üçüncü böyük şəhərimiz olan Gəncənin adı isə beynəlxalq arenada çox şirin səslənir. Bu şəhərə çox yerdə Ganja deyirlər və elə bilirlər ki, marixuananın vətənidir. Çünki “ganja” sözü marixuananın adlarından biridir. 5-6 il əvvəl bir ütük adam Bakının mərkəzində kafe açmış, reklam lövhəsinə GANJA yazmış, vitrininə də marixuana yarpağının şəklini həkk etdirmişdi – guya söhbət Gəncədən gedir, şəkil də çinar yarpağıdır. (Gəncə çinarları ilə məşhurdur axı). Adamın niyyəti nəydi, bilinmədi, amma orta nəslə aid jurnalistlər bu söhbəti tutdular – kafe ya bağlandı, ya da adını və şəklini dəyişdi.

Yeri gəlmişkən, hələ sovet vaxtı, Gəncənin Kirovabad adlandırıldığı zamanlarda bir meyxana vardı, qafiyəsi beləydi: “Gənclərə dərmandı Gəncə “Kazbek”i. Gəncədə, Ağcabədi, Masallı, Hacıqabul, Siyəzən, Əli-Bayramlı və Bakıda, eləcə də başqa yerlərdə “Kazbek” markalı siqaretlərin içinə ganja doldurur, çəkirdilər və “dərman” hesab edirdilər.

Sözü yuvarlayıb, apardıq, gör, gəlib hara çıxdıq. Söhbət Hələbdən gedirdi. Qoy yeni nəsil jurnalistlər bir az çox oxusunlar, çox filmə baxsınlar və qarşılarına “Aleppo” kəlməsi çıxanda anlasınlar ki, bu şəhərin adı Hələbdir.

 

Seçilən
16
musavat.com

1Mənbələr