AZ

"Qarabağ" həm meydanda "qan itirir", həm də tribunada...

Avropa Liqasının əsas mərhələsinin "Tofiq Bəhramov"da keçirilən 2-ci tur matçında "Qarabağ"ı 28234 azarkeş dəstəklədi. O başqa məsələ ki, Qurban Qurbanovun komandası həmin oyunda İsveç "Malmö"süylə bacarmadı - 1:2. 3-cü tur çərçivəsində keçirilən "Qarabağ" - "Ayaks" oyununda tribunalarda 27520 azarkeş var idi. Statistikadakı azalmanı təsadüf adlandırmaq olardı. Onsuz da kiçik rəqəmlərdən söhbət gedir. 

Amma "Lion"la görüşə stadiondan şahidlik edənlərin 22563 nəfər olması istər-istəməz ağla bu sualı gətirir: silsilə məğlubiyyətlər "Qarabağ"ın avrokubok matçlarına marağı azaldıbmı? Təbii ki, yağışlı və soyuq hava şəraiti rəqəmlərə müəyyən qədər təsir edə bilər. Amma ümumi mənzərənin günahını təbiətdə axtarmaq sadəlövhlük olar.

Reallıq budu: "Qarabağ" uduzduqca özünə olan inamı, sevgini xərcləyir. Hətta bəzi tərəfdarlar oyundan əvvəl neqativ fikirlər səslındirməkdən çəkinmir. Buna şəxsən özüm şahidlik etdim. Düzü, "Koroğlu"dan "Gəncliy"ə çatana qədər dəfələrlə bu cümlələri eşitmək məni xeyli qıcıqlandırmışdı: "Lion" qalib gələcək", "Qarabağ" əvvvəlki kimi deyil", "Qarabağ"a nəsə olub". Nə bilim, mən yox, lap əvvəldən atalar deyib ki, elin gözü tərəzidi...

Bu dəfə "Qarabağ Ordu" və "İmarət Tayfa" fanklubları da xüsusi nəsə hazırlamamışdı. Xoşagələn hal o oldu ki, əvvəldən sona qədər sevimli komandalarını dəstəklədilər. "Köhlən atlar" qollar buraxanda da, məğlubiyyət rəsmiləşəndən sonra da həm futbolçulara, həm də baş məşqçi Qurban Qurbanova dəstək şüarları səsləndirdilər. Amma...

Tribunalarda yalnız onların varlığı hiss olundu. Minlərlə tamaşaçının yalnız təhlükəli epizodlar zamanı müəyyən reaksiya göstərməsi ürəkaçan mənzərə deyildi. Onlar yalnız 44-cü dəqiqədə birağızdan "Şəhidlər ölməz, Vətən bölünməz" şüarını səsləndirərkən birləşdilər. Həqiqətənmi azarkeş sözünün leksik mənası yerini isidib tum çırtlamaqdı?! Düzdü, "Qarabağ"ın yağış üzündən oturacağı islansa da, stadionu tərk etmək əvəzinə 90 dəqiqə ərzində ayaqüstə dəstək göstərən yüzlərlə sevəni var. Amma dördüncü qoldan sonra tribunaları tərk etməyə başlayanların sayı daha çox idi axı! Böyümək, Qurban Qurbanov demişkən, Avropayla ayaqlaşmaq istəyiriksə, azı say baxımından daha çoxuna ehtiyac yoxdumu?

"Lion"u dəstəkləyən təxminən 150 azarkeşin bezmədən, yorulmadan nəğmələr oxumasına, şüarlar səsləndirməsinə baxıb köks ötürmək mənə nəsə qazandırmadı. Elə media sektorunda əyləşən fransalı idman jurnalistlərinin hər qolu qışqıra-qışqıra, yerində dayanmadan qeyd etməsi də, bizlərə - azərbaycanlı jurnalistlərə rişxəndlə baxması da. Hər buraxılan qoldan, boşa verilən fürsətdən sonra əllərini qaldırıb qanadı qırılmış kimi yanına sallayan Qurban Qurbanov da hiss edirdi ki, fransızlar bizi hər cəhətdən üstələyir. Həm meydanda, həm də tribunada!

KƏNAN BAHADIR

Seçilən
35
football-plus.az

1Mənbələr