PSJ-nin baş məşqçisi Luis Enrike Fransa Liqa 1-in 13-cü turunda autsayder “Nant”la ev oyununda heç-heçəni (1:1) şərh edib.
Arena.az məlumat verir ki, ispan mütəxəssis komandası ilə bağlı bir neçə xüsusa da toxunub:
“Biz yaxşı müdafiə olunan “Nant”a qarşı oyunda tam üstünlük təşkil etdik. Bunu hamı gördü, amma bu qol bizə kifayət etmədi. Məqsədimiz? Özünəinam qazanmaq və işləməyə davam etmək. Ən azı beş dəqiq qol fürsətimiz oldu. Qapı qarşısında daha da artıq əzmkarlıq göstərməliyik. Rəqib yaxşı müdafiə olundu, amma biz yekun mərhələdə az dəqiqlik nümayiş etdirdik. Aydındır ki, biz təkmilləşməli və daha yaxşı çıxış etməliyik. Çempionlar Liqası, Liqa 1-də olduğu kimi çox rəqabətlidir. Biz işləməyə davam etməliyik”.
İspan mütəxəssis parislilərin asanlıqla qol buraxması ilə bağlı sualı cavablayıb:
“Deyəsən, rəqiblərimiz bizə çox asanlıqla qol vururlar? Bu, izahedilməzdir. Məşqçilik karyeramda bunu izah edə bilmirəm. Bütün məşqçilik karyeram ərzində, yaradılmış fürsətlərlə bağlı ən yaxşı statistika bizdədir. Elə bir an gəlir ki, deməliyəm: bilmirəm. Bu, dəyişməlidir, belə davam edə bilməz. Biz bu axını yarıb, onu dəyişməliyik. Beş aşkar fürsətimiz oldu. Bu, olur”.
Luis Enrike həmçinin komandanın qapıçıları arasındakı idman rəqabəti ilə bağlı fikrini bildirib. Xatırladaq ki, “Nant”la oyunda “çərçivə”ni italyan qapıçı Canluici Donnarumma qoruyub:
“Mənim üç çox yaxşı qapıçım var. Onlar özlərinin ən yaxşı vəziyyətini göstərməyə hazır olmalıdırlar. Biz hələ Arnau Tenası iş başında görməmişik. İstəyirəm ki, Safonov da, Donnarumma da hazır olsunlar. Mən onlardan birinin digərlərindən üstün olduğunu düşünmürəm. Onların hamısının hazır olmasını istəyirəm”.
İspan mütəxəssis “Nant”la ev oyununda xal itkisindən sonra futbolçularına nə dediyi haqda sualı cavablayıb və bu cavabında xüsusilə qərargahında olan və eləcə də digər məşqçilərə ismarış ünvanlayıb:
“Mən heç vaxt oyundan sonra futbolçularla danışıram. Mən bunu bütün yüksək və orta səviyyəli məşqçilərə, eləcə də uşaq məşqçilərinə etməyi tövsiyə edirəm. Görüş bitəndə heç nə danışılmamalıdır. Komanda uduzursa, deməli sarsıntı içindədir. Çərşənbə axşamı oyuna baxdıqdan sonra hər şey təhlil ediləcək və araşdırma aparılacaq”.
PSJ-nin liderləri Luis Enrikedən narazıdırlar
Elə bu arada, PSJ-nin fransalı futbolçuları – hücumçu Usman Dembele, müdafiəçi Presnel Kimpembe və hücumçu Randal Kolo Muaninin ispan mütəxəssis Luis Enrikenin işindən narazı olması barədə məlumat yayılıb. Bu barədə jurnalist və “Ekip” nəşrinin insayderi Loik Tanzi sosial şəbəkələrdə məlumat verib.
Mənbənin məlumatına görə, PSJ-nin liderlərindən biri və 2023/2024-cü illər mövsümünün əvvəlindən komandanın ən yaxşı məhsuldar ötürmələr ustası olan Usman Dembele parislilərin cari taktikasını təxmin ediləbilən hesab edərək, Enrikenin oyun fikirlərindən çaşqınlığını ifadə edib. Bundan başqa, Dembelə Çempionlar Liqasının “Arsenal”la oyununda (0:2) heyətdən niyə kənar edildiyini hələ də başa düşə bilməyib. İspan çalışdırıcı da öz növbəsində, Dembelenin oyuna münasibətindən, məşqə gecikməsindən və Çempionlar Liqasının ümumi mərhələsinin 5-ci turunun “Bayern”lə səfər oyununda (0:1) meydandan qovulmasından əsəbiləşib.
Həmçinin bildirilir ki, Kimpembe və Kolo Muani tam hazır olduqlarına rəğmən, gərəkli oyun dəqiqələrini almamalarını Luis Enrike tərəfindən ədalətsizlik hesab edirlər.
Bu mənzərədə 13 turdan sonra 33 xal toplamış, milli çempionatda məğlubiyyət tanımayan PSJ Fransa Liqa 1-in yarış cədvəlində zirvədə qərarlaşıb. “Nant” isə 11 xalla 16-cı pillədə qərarlaşıb. “Bülbüllər” çempionatı tərk etməyə namizəd 3 “qapazaltı”nın lideridir.