2020-ci ilin may və iyun aylarında Botsvananın şimal-şərqində tapılan 350-dən çox filin sirli ölüm səbəbi məlum olub. Tədqiqatçıların qənaətinə görə, bu ölümlər iqlim dəyişiklikləri səbəbindən suyun toksikləşməsi ilə əlaqəlidir.
Qaynarinfo "The Guardian" istinadən xəbər verir ki, müxtəlif yaş qruplarına aid olan fillərin ölümdən əvvəl dairəvi şəkildə hərəkət etdiyi və daha sonra yıxılıb öldüyü müşahidə edilib. Hadisə ilə bağlı əvvəlcə sianid zəhərlənməsi və ya naməlum xəstəlik kimi fərziyyələr irəli sürülmüşdü.
Londondakı Kral Kollecində coğrafiya üzrə aspirant olan tədqiqatçı David Lomeo qeyd edir ki, bu hadisə tarixdə səbəbi naməlum olan ən böyük fil ölümü kimi sənədləşdirilib: "Bu, iqlim dəyişikliyinin təhlükəli nəticələrindən biri kimi diqqətə alınmalıdır".
"Science of the Total Environment" jurnalında dərc olunan yeni məqalədə Botsvanada 2020-ci ildə 350-dən çox filin ölüm səbəbinin toksik mavi-yaşıl yosunlar və ya sianobakteriyaların səbəb olduğu zəhərlənmə olduğu bildirilir. Mütəxəssislər iqlim dəyişikliyinin zərərli yosun çiçəklənməsini daha intensiv və təhlükəli hala gətirdiyini vurğulayırlar.
Araşdırma çərçivəsində tədqiqatçılar peyk məlumatlarından istifadə edərək fil cəsədlərinin su mənbələri ilə əlaqəsini təhlil ediblər. Komanda aşkar edib ki, fillər adətən su mənbələrindən 100 kilometrdən çox uzağa getmir və su içdikdən 88 saat ərzində ölüblər. Ümumilikdə 3000 su mənbəyi araşdırılıb və 2020-ci ildə sianobakteriya çiçəklənməsi müşahidə olunan yerlərdə daha çox fil cəsədi tapılıb.
Lomeo qeyd edir ki, fillərin bu su mənbələrindən içməkdən başqa seçimi olmayıb. Həmçinin qeyd olunub ki, digər heyvanlar da bu su mənbələrindən istifadə edərək ölə bilərdilər, lakin kiçik heyvanların cəsədləri yırtıcılar tərəfindən aparıldığı üçün müəyyən olunmamış ola bilər.
Tədqiqatçılar vurğulayıblar: "Dünyəvi miqyasda bu hadisə iqlim dəyişikliyindən qaynaqlanan qəfil xəstəliklərin artan təhlükəsini göstərir".
Bu araşdırmada iştirak etməyən "National Park Rescue" xeyriyyə təşkilatının təbiəti mühafizə direktoru Dr. Niall MakKann deyib: "Bu araşdırma 2020-ci ildə bütün dünyada rezonans doğuran fil ölümləri ilə bağlı inandırıcı bir açıqlama təqdim edir. Araşdırma, iqlim dəyişikliyinin vəhşi təbiətə, ev heyvanlarına və hətta insanlara ölümcül təsirlərinin ola biləcəyinə dair sübutların artdığını göstərir".
Tədqiqatçılar suyun keyfiyyətinə nəzarət tədbirlərinin gücləndirilməsinin vacibliyini vurğulayıblar.
Aydın