AZ

Xosep Qvardiola “Mançester Siti”dən gedişini istisna etmədi

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Premyer Liqanın “Liverpul”la 13-cü tur səfər oyunundan gözləntilərini açıqlayıb.

Arena.az “City Report” dərgisinin “BeanymanSports” dərgisinə istinadı əsasında, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Biz “Enfild”də favorit olmuşuq və heç vaxt qalib gəlməmişik – azarkeşlərin olmadığı bir vaxt istisna olmaqla və bu, əslində heç nəyi dəyişmir. Amma indi ilk dəfədir, yəqin ki, 2017-ci ildən bəri, biz favorit deyilik”, deyə “Pep” mənzərənin nədən ibarət olduğunu açıqlayıb.

Xatırladaq ki, Qvardiolanın “şəhərlilər”i bütün yarışlar çərçivəsində keçirdikləri son 6 oyundan 5-də ardıcıl məğlubiyyətlərlə üzləşiblər və yalnız sonuncu oyunda heç-heçə ilə barışıblar. Bu heç-heçə də “şəhərlilər”ə biabırçıcasına başa gəlib, belə ki, Çempionlar Liqasının “Feyonoord”a qarşı oyununda “Mançester Siti” evdə 3:0 hesabı ilə öndə olduğu görüşü son 15 dəqiqədə əldən verib – 3:3.

İspan mütəxəssis klubdakı fəsadlarla bağlı duyduğu hisslərini dilə gətirib:

“Bu, mənim heç xoşuma gəlmir! Xoşuma gəlmir! Bütün bu vəziyyətə görə, mən pis yatıram…

Rəqiblərimiz bizim fəsadlarımızdan həzz alırlar. İnsanlar bizə gülürlər. İdmanda bu adi təzahürdür – kiminsə əhvalı yaxşıdırsa, uğursuzluğunuza istehza edib güləcək. Bu, futbolun nə qədər yaxşı olduğunu başa düşməyin bir hissəsidir…”

Qvardiola bu uğursuzluqlar mənzərəsində “Mançester Siti” ilə müqaviləsinin müddətinin 2027-ci ilin yayına qədər uzadılması ilə bağlı məqama da toxunub və gedişini istisna etməyib:

“Mən təkcə keçmişdə əldə etdiklərimizə görə deyil, həm də hələ də xoşbəxt olduğum üçün buradayam, hələ də “Mançester Siti” ilə uğur qazanmaq istəyirəm. Vəziyyət dəyişsə, qalmaq istəməzdim. Özümü bir fəsad olaraq hiss etmək istəmirəm. Sadəcə müqaviləyə görə qalmaq istəmirəm”.

Beləliklə, çətin vəziyyətdə olan Xosep Qvardiolanın “Mançester Siti”sini “Enfild”də Liverpul” sınağı gözləyir. Oyun bu gün, dekabrın 1-də keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 20:00-da başladacaq.

12 turdan sonra 31 xal toplamış “qırmızılar” İngiltərə Premyer Liqasının yarış cədvəlində zirvədə qərarlşıblar. 23 xal toplamış “Mançester Siti” isə 4-cü pillədədir. Artıq 13 oyun keçirmiş “Arsenal” (25 xal) və “Brayton” (23 xal) “şəhərlilər”i ötüb keçiblər.

Seçilən
33
50
arena.az

10Mənbələr