AZ

Bundestim qalib gələ bilmədi, Naqelsmann İspaniya ilə oyunu xatırlatdı - İCMAL

Bu qrupun son turunda turnir cədvəli baxımından heç bir intriqa qalmamışdı.

Komandalardan heç birinin mövqeyi onsuz da dəyişməyəckdi. Ona görə də həm almanların, həm də niderlandlıların meydana faktiki ikinci heyətlə çıxması sürpriz olmadı. Budapeştdəki qarşılaşmaya yalnız meydan sahiblərinin qisas almaq hissi az-çox intriqa qatırdı. Çünki macarlar bundestimə son AÇ-də 0:2, cari ML-də isə 0:5 uduzmuşdular.

Bu dəfə əsas hadisələr ikinci hissədə cərəyan etdi. Macarıstanın yüzfaizlik fürsəti boşa verməsindən 1 dəqiqə sonra Nmeça yığmada ilk qolunu vuraraq bundestimi hesabda önə keçirdi. Oyunun sonluğu isə qalmaqallı bir penalti ilə əlamətdar oldu. Katanın zərbəsindən sonra top Koxun bədəninə bitişik formada olan əlinə dəydi. Uzun müzakirələrdən sonra VAR hakimi monitora dəvət etdi və macarlar penalti qazandı. Soboslai “Panenka zərbəsi” ilə komandasını məğlubiyyətdən xilas etdi. Naqelsmann oyunsonrası mətbuat konfransında haqlı olaraq son AÇ-də onun komandasının ispanlara qarşı oyununu xatırlatdı. Çünki həmin matçda bu epizoddan daha aşkar görünən bir əl epizodunda almanların xeyrinə penalti verilməmişdi.

Zenitsadakı qarşılaşma da demək olar, eyni ssenari ilə keçdi. Sadəcə, almanlardan fərqli niderlandlılar hesabı ilk yarıda açdılar. Maraqlıdı ki, Kuman ötən oyunla müqayisədə start heyətini büsbütün dəyişmişdi. “Ayaks”lı Brobbinin qolunda məhsuldar ötürməni PSV-li Lanq verdi. “Narıncılar”ın heyətində sonuncu dəfə PSV-li futbolçunun ötürməsi ilə “Ayaks”lı oyunuçunun qol vurmasına 20 il öncə rast gəlinmişdi. 2004-də Finlandiyaya qarşı oyunda Kokunun ötürməsini Sneyder qola çevirmişdi. Almaniyaya 0:7 hesablı acı məğlubiyyətdsən sonra evdə uduzmaq istəməyən bosniyalılar ikinci hissədə fəallaşdılar.

Əliyar Ağayevin idarə etdiyi oyunda meydan sahiblərinin 60-cı dəqiqədə vurduğu qol ofsayd üzündən qeydə alınmasa da, 7 dəqiqə sonra baş zərbəsi ilə gələn qol qaydalar çərçivəsində vuruldu. Niderland 2024-cü ildə başla artıq 4-cü qolunu buraxdı. Bu, 1992-dən (7) bəri komandanın ən pis göstəricisidi. Qalan müddətdə qol olmayınca tərəflər bərabərliyə razı oldular.

A liqası, 3-cü qrup
Macarıstan – Almaniya 1:1 (0:0)

Macarıstan: Dibuş, Neqo (Gera, 65), Fiola, Orban, Dardai, J.Nad (Şon, 82), Nikitşer (Kata, 65), Şafer, Şallai (Çobot, 82), Soboslai, Varqa (Qruber, 89).
Almaniya: Nübel, Kimmix (Qosens, 46), Kox, Şlotterbek, Henrixs, Andrix, Nmeça, Sane (Klayndinst, 80), Brandt (Haverts, 62), Fürix (Musiala, 61), Qnabri (Virts, 61).
Qollar: Nmeça, 76 (0:1). Soboslai, 90+9-p. (1:1).
Vərəqələr: Şlotterbek, 57. Virts, 72. Gera, 87. Şafer, 90+4. Andrix, 90+4 – sarı.
Hakim: Duye Strukan (Xorvatiya).
19 noyabr. Budapeşt. 53212 tamaşaçı.

Bosniya və Hersoqovina – Niderland 1:1 (0:1)
Bosniya və Hersoqovina: Zlomisliç, Biçakçiç (Bazdar, 63), Barişiç, Muharemoviç, Burniç, Tahiroviç (Başiç, 86), Sunyiç, Dediç, Qiqoviç (Bayraktareviç, 63), Demiroviç (Kulenoviç, 86), Ceko (Cakovaç, 90).
Niderland: Flekken, Frimponq (Renş, 66), De Vrey, De Liqt, Hato, Viffer, Koopmayners, Klyuvert (Malen, 66), Zirkzee (Veqhorst, 77), Lanq (Qakpo, 77), Brobbi (Qravenberx, 71).
Qollar: Brobbi, 24 (0:1). Demiroviç, 67 (1:1).
Vərəqə: Demiroviç, 76 – sarı.
Hakim: ƏLİYAR AĞAYEV (Azərbaycan).
19 noyabr. Zenitsa. 4134 tamaşaçı.

1. Almaniya 6 4 2 0 18-4 14
2. Niderland 6 2 3 1 13-7 9
3. Macarıstan 6 1 3 2 4-11 6
4. Bosniya və H. 6 0 2 4 4-17 2

Oyundan sonra
Yulian Naqelsmann, Almaniya yığmasının baş məşqçisi:
“Aydın məsələdi ki, bu gün maksimum bacarığımızı sərgiləyə bilmədik. Almaniya bundan daha yaxşı oynamağa qadirdi. Bəzi şeylər alındı, bəzi şeylər alınmadı. Şərtlər elə də asan deyildi. Şənbə günkü 7:0-lıq oyunla müqayisədə heyətdə 9 dəyişiklik etdim. İlk yarının böyük hissəsində öz oyunumuzu tapmağa çalışdıq. Yəni bu nəticəyə daha geniş aspektdən yanaşmaq lazımdı. Macarıstanın penaltidən vurduğu qolu o cür çılğın şəkildə qeyd etməsi də bizim üçün müsbət haldı. 1 il öncə ilə müqayisədə inkişaf hiss olunur. Ötən ilin noyabrında biz quyunun dibində idik. Penalti? Final fitindən sonra hakimə yaxınlaşıb ondan AÇ-də bizim İspaniyaya qarşı olan oyunumuzu izləyib-izləmədiyini soruşdum. Fikrimcə, nə demək istədiyimi anlamadı. Bu epizodda penalti olduğunu qətiyyən düşünmürəm. Kox zərbədən qorunmağa çalışırdı və əli də bədəninə sıxılmış vəziyyətdə idi. VAR-ın hakimi monitora dəvət etməsinin özü artıq dəlilikdi. Epizodun 47 təkrarına hansı kameradan baxırsan-bax, hər şey eyni cür görünür. VAR oyunu davam etdirməliydi və bu, yanlış qərardı. Maraqlıdı, görəsən, UEFA bu dəfə bu epizodla bağlı 4 aydan sonra nə açıqlama verəcək?”

Ronald Kuman, Niderland yığmasının baş məşqçisi:
“Bu nəticə məni qane edə bilməz. Üstünlük bizim tərəfimizdəydi, bir qədər diqqətli olsaydıq, qələbəni qoruya bilərdik. Amma bosniyalıların da haqqını vermək lazımdı. Onlar Almaniyaya böyükhesablı məğlubiyyətə çox yaxşı reaksiya verdilər. Artıq diqqətimizi martda keçirəcəyimiz pley-offa yönəldəcəyik. Heyətlə bağlı problem olmadıqda və bütün futbolçular oynamağa hazır olduqda Niderland hər kəs üçün çox təhlükəli rəqibdi. Fikrimcə, son AÇ-də də bunu göstərdik”.
Seçilən
14
football-plus.az

1Mənbələr