AZ

Edoardo Bove ölümdən döndü, oyun yarıda qaldı

İtaliya A Seriyasının 14-cü turunda “İnter”lə ev oyunu “bənövşələr”in italyan mərkəz yarımmüdafiəçisi Edoardo Bove üçün xoşagəlməz bitib.

Arena.az məlumat verir ki, oyunun 16-cı dəqiqəsində Bove huşunu itirərək, “Artemio Franki”nin ot örtüyü üzərinə sərilib.

Bayılmış futbolçunun köməyinə dərhal hər iki komandanın həkimləri yetişiblər. Bove dərhal xəstəxanaya təxliyə edilib. Həkimlərin səyi nəticəsində futbolçu özünə gəlib, ürək döyüntüləri bərpa olub.

Oyunun baş hakimi Daniele Doveri qarşılaşmanı təxirə salıb. Oyunda hesab açılmayıb.

Təxirə salınmış oyunla bağlı İtaliya A Seriyasının rəhbərliyi tezliklə müvafiq qərar verəcək. Hələlik oyunun başqa tarixdə keçiriləcəyi dəqiqdir.

Mərkəz yarımmüdafiəçisi Edoardo Bove “Roma”nın məzunudur və 2024-cü ilin avqustundan “Fiorentina”da iccarə müaviləsi əsasında çıxış edir. “Bənövşələr” icarə haqqı olaraq “canavarlar”a 1,5 milyon avro məbləğində ödəniş ediblər. Bove 2024/2025-ci illər mövsümünün sonuna qədər “Fiorentina”nın uğurları üçün çalışacaq.

Cari mövsümdə Bove “Fiorentina” üçün bütün yarışlarda 14 oyuna çıxıb, 1 qol və 4 məhsudlar ötürmə ilə fərqlənib.

Edoardo Bove İtaliyanın U-16, U-18, U-20 və U-21 komandalarına cəlb edilib, “skuadra adzurra”nın əsas yığmasında isə hələ debüt etməyib.

Bove “Roma” ilə Avropa Konfrans Liqasının 2021/2022-ci illər mövsümünün qalibi olub.

“Transfermarkt” internet-portalı 22 yaşlı italyan mərkəz yarımmüdafiəçisi Edoardo Bovenin trasnfer dəyərini 14 milyon avro məbləğində qiymətləndirir.

Əlavə edək ki, Bove azarkeşlər arasında “xəstə it” (cane malato) ləqəbi ilə tanınır. Bu təxəllüsü Boveyə “canavarlar”ın keçmiş baş məşqçisi, portuqal mütəxəssis Joze Mourinyo verib. Belə ki, Bove meydanda çox hərəki, fəal və aqressiv oyunu ilə seçilir.

Seçilən
29
arena.az

1Mənbələr