AZ

Gürcüstanda etirazçılarla polis arasında toqquşma: yaralılar var - VİDEO

Gürcüstanda polislə etirazçılar arasında toqquşma davam edir.

 

Modern.az-ın məlumatına görə, Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze bildirib ki, son saatlarda Tbilisinin mərkəzində etiraz aksiyası iştirakçılarının hərəkətləri nəticəsində 5 polis əməkdaşı yaralanıb.

 

Nazirlik, həmçinin valideynləri övladlarını toqquşmaların baş verdiyi parlament binasından uzaqlaşdırmağa çağırıb.

 

“Etirazçıların müəyyən hissəsi əvvəlki günlərdə olduğu kimi bu gün də zorakılıq aksiyalarını davam etdirir. Bir neçə saat ərzində ictimaiyyət aqressiv qrupların polisə davamlı hücumlarını açıq şəkildə gördü", - o qeyd edib.

 

Daraxvelidze deyib ki, parlament binası qarşısında etirazçılar pəncərələri sındırır, içəriyə molotov kokteyli, fişənglər atırlar.

 

Nazir müavini qeyd edib ki, etirazçıların sərbəst toplaşmaq hüququ var, lakin Tbilisinin mərkəzində baş verənlər dəfələrlə dinc toplantı çərçivəsindən çıxıb və zorakılıq xarakteri alıb.

 

Gürcüstanda yeni etiraz dalğası noyabrın 28-də “Gürcü Arzusu”nun Avropa İttifaqına üzvlüklə bağlı müzakirələrin başlanmasını 2028-ci ilin sonuna qədər təxirə salmaq qərarından sonra başlayıb. Etirazların ilk üç günü ərzində 200-ə yaxın adam saxlanılıb. Polis və xüsusi təyinatlılar etirazçıları dağıtmaq üçün su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edir. 

 

 

Seçilən
45
20
modern.az

10Mənbələr