“Bizim ölkələrdə demokratiya əleyhdarları və insan haqlarını pozanlar xoş qarşılanmır...”
Gürcüstan Daxili İşlər Nazirliyinin rəhbəri Vaxtanq Qomelauri üç Baltikyanı ölkənin sanksiya siyahısına daxil edilib.
Moderator.az "Sova" nəşrinə istinadla xəbər verir ki, bu haqda "TV Pirveli" kanalı məlumat yayıb.
Telekanala işdən xəbəri olan mənbənin verdiyi məlumata görə, siyahıda Tbilisidəki mitinqlərin zorla dağıdılmasına görə məsuliyyət daşıyanlar var. Sanksiyalara Latviya, Litva və Estoniya ərazisinə girişə qadağa da daxildir.
Xatırladılır ki, bir qədər əvvəl məlum olub ki, üç Baltikyanı ölkə Gürcüstanda qanuni etirazları yatıranlara qarşı milli sanksiyaların tətbiqi barədə birgə razılığa gəlib.
“Bizim ölkələrdə demokratiya əleyhdarları və insan haqlarını pozanlar xoş qarşılanmır”, - üç ölkənin birgə bəyanatında belə deyilir.
Xatırladaq ki, bu gecə də Gürcüstanın müxtəlif şəhərlərində rusiyayönlü hakimiyyətə qarşı kütləvi etiraz aksiyaları davam edib. Tbilisidə parlament qarşısındakı aksiya iştirakçılarını polislər yenə də su şırnaqları, bibər qazı, rezin güllələrlə atəş və s. zorakı vasitələrlə amansızcasına digər küçələrə sıxışdıra bilib...
S.Laçın