AZ

Ən çox yayılan XƏSTƏLİK – Bundan necə qurtulmaq olar?

I.YALAN və YALTAQLIQ

(Nəzəri təhlil)

Yalan səhv və yanlışdan fərqli olaraq, qəsdən deyilən, aldatmanı ehtiva edən bir hərəkətdir.

ENSKLOPEDİYA 

Son zamanlar cəmiyyətdə yalan və yaltaqlığın baş alıb getməsini mətbuatdan sosial şəbəkələrə kimi – hamı deyir, tənqid edir. Amma yalan da, yaltaqlıq da, sanki bunların acığına alaq otu kimi sürətlə artır, hər yerə yayılır. Təbii ki, öz-özünə yaranmır, bunun obyektiv və subyektiv səbəbləri var…

Düşünürəm ki, əsas obyektiv səbəbi cəmiyyətdə axtarmaq lazımdır: azadlıq az, qorxu çox olan yerdə yalan hakim olur, yalan olan yerdə də yaltaqlıq çoxalır. Zira, yaltaqlıq yalanın məqsədli və ziyanlı formalarından biridir, faktiki olaraq, konkret məqsədə çatmaq üçün deyilən yalan tərifdir. Doğrudur, konkret məqsədi olmayan yalanlar olur, amma konkret məqsədi olmayan yaltaqlıq olmur. Məsələn, TV-də 70 yaşlı qocanın əlinə silah götürüb Vətən müharibəsinə “getməsi” məqsədsiz, 70 yaşlı qarının öz canını yüksək çinli məmura – icra başçısına qurban “verməsi” isə, məqsədli yalandır. Hər iki halda bu adamlar yalan deyirlər, ən azı bu yolla gündəmə gəlmək istəyirlər…

Qədim mənbələrdə – “Kəlilə və Dimnə”də və “Qabusnamə”də deyilir ki, yalan danışmaq əqlin yox, iradənin zəifliyinə dəlalət edir. Elmi dillə desək, yalançılar axmaq deyillər, ağıllı olmasalar da, hiyləgər adamlardır. Sadə dillə izah etsək, yalan danışmaq iradənin zəifliyinin, yəni qorxaqlığın əlamətidir. Yalançı bir qayda olaraq, həqiqəti deməkdən qorxur, çünki zibili var, öz dərisini qoruyur. Yaltaqlıq da yalanın məqsədli, daha hiyləgər forması olsa da, qorxaqlığın göstəricisidir. Daim “kişilik”dən danışan qoca məmuru yəqin xatırlayırsız… Bu adamın yuxarılara bu qədər yaltaqlanması yalnız hiyləgərliyin deyil, həm də qorxaqlığın əlaməti idi. Deyilənə görə, o, hətta kabinetində tək oturmağa qorxurdu, daim qapını açıq qoyurdu. Əməkdaşları da ondan qorxurdular, icazəsiz tualetə belə çıxmırdılar…

Deməli, yaltaqlığın əsas obyektiv səbəbi cəmiyyətdə azadlığın yox, qorxunun hakim olmasıdır. Odur ki, yaltaqlıq cəmiyyətdə münbit torpağa düşüb yayılır, çünki mükafatlandırılır. Yaltaqların daha sürətlə irəli getməsi, maddi nemətləri əldə etməsi göz qabağındadır. Oxucu haqlı olaraq deyə bilər ki, bunlar hamısı aydındır. Bəs biz nə etməli, yaltaqlığa qarşı necə mübarizə etməliyik?! Cavab çox sadədir, biz ilk növbədə cəmiyyətdə yaltaqlığın obyektiv səbəbini – qorxu mühitini aradan qaldırmalıyıq. Azad insan – azad cəmiyyət vəhdətinə nail olmalıyıq. Bu isə yalnız keçmişin qalıqları ilə deyil, həm də bu günün əngəlləri ilə mübarizə deməkdir. Bu mübarizəyə siyasi düşüncəsindən, iqtisadi vəziyyətindən asılı olmayaraq, hamı qoşulmalıdır. Yalnız bundan sonra subyektiv səbəbləri aradan qaldırmaq olar…

Bəli, bu bəlanın subyektiv səbəbləri də var və hamıya məlumdur: aşağılardan ictimai, yuxarılardan şəxsi qınağın olmamasıdır. Ona görə də, cəmiyyətdə yaltaqlıq alaq otu kimi sürətlə artır və hər yerə yayılır. Əvvəla, insan təbiətən tərifə həvəslidir, Qərbdən Şərqə keçdikcə, bu həvəs də yüksəlir. Sonra, yaltaqlar hiyləgər adamlardır, insana özü haqqında düşündüklərini deməyə çalışırlar. Odur ki, biz cəmiyyət olaraq, yuxarılardan şəxsi qınağa təsir etmək imkanından məhrumuq. Amma biz əlimizdən gələni etməliyik, cəmiyyətdə yaltaqlığa qarşı ictimai qınağı aşağıdan təşkil etməliyik. Gəlin yaltaqları saymayaq, tanımayaq, adam yerinə qoymayaq, heç onlara salam verməyək və salamını da almayaq. Amma biz bir cəmiyyət olaraq, bunu yalnız yaltaqlığın obyektiv səbəbini – cəmiyyətdə qorxu mühitini aradan qaldırıldıqdan sonra edə bilərik…

Qalib ARİF,

KONKRET.az

 

Seçilən
18
konkret.az

1Mənbələr