2 dekabr bəzi unudulmaz şəxsiyyətlərimizin doğum və anım günləri ilə yadda qalıb. Missiya.Az onları təqdim edir: 1929-cu ilin bu günündə Azərbaycan şairi, pedaqoq, ədəbiyyatşünas, tərcüməçi, filoloq, tarixçi, xəttat, teatr xadimi Həsənəli xan Qaradaği Şuşada vəfat edib. (1848-1929).Qaradağinin nəsli hələ Şah İsmayıl dövründə görkəmli yer tutmuş Ustaclı elinin Toxmaqlı oymağına bağlıdır. Onun ulu babalarından biri olan I İlyas xəlifə Ustaclı elinin tarixi vətəni sayılan Türkiyənin Sivas vilayətində dünyaya göz açıb. Həsənəli xan Qaradaği İvan Krılovun 60-dan çox təmsilinin, K.Uşinski, A.İzmaylov, A.Pçelnikova və digər yazıçıların şeir, hekayə və təmsillərinin Azərbaycan dilinə ilk tərcüməçisi olub. Şairin bizə gəlib çatmış əsərləri arasında 50-dən çox qəzəl, müxəmməs və növhələr, onlarla məktub var. 2 dekabr 1938-ci ildə şair, publisist Zeynal Vəfanın doğum günü olaraq da xatırlanır. 1938-ci ilin bu günü Naxçıvan şəhərində ziyalı ailəsində dünyaya gəlib. Atası Böyük Vətən Müharibəsi cəbhələrində həlak olub. Anasının himayəsində böyüyüb. M. T. Sidqi adına Naxçıvan şəhər 4 nömrəli orta məktəbini bitirdikdən sonra ADU-nun (indiki BDU) filologiya fakültəsində (1957–1962) təhsilini davam etdirib. İlk əmək fəaliyyətinə 1962-ci ildə Naxçıvan Vilayət Partiya Komitəsinin orqanı "Şərq Qapısı" qəzetində başlayıb. Habelə Naxçıvan MSSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində böyük redaktor (1963–1969) və Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor (1969–1990) işləyib. Arada Azərbaycan Xarici Dillər İnstitutu nəzdində 2 illik ərəb dili kursunu bitirərək tərcüməçi kimi Yəmən Xalq Demokratik Respublikasında çalışıb(1980–1982). Orada savadsızlığın ləğvi sahəsində fəaliyyət göstərib. Yenə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor (1982–1987), Yəmən Ərəb Respublikasında tərcüməçi (1987–1989), "Aydınlıq" qəzetində baş redaktorun birinci müavini (1990–1992), "Meydan" qəzetində baş redaktor (1992–1993) vəzifələrində çalışıb. 1990–1993-cü illərdə açıqfikirli cəsarətli yazılarına görə hakimiyyət tərəfindən ağır təzyiqlərə məruz qalıb. Evi və redaksiyası dəfələrlə mühasirə halqasına düşüb. O, 14 mart 2024-cü ildə vəfat edib. 1969-cu ilin bu günü Azərbaycanın Milli Qəhrəmanı Yusif Əliyev (1969- 1991) Bakının Qobustan qəsəbəsində doğulub. Qəsəbədəki 223 saylı orta məktəbi bitirib. 1988-ci ildə ordu sıralarına çağırılıb, hərbi xidmətini Sverdlovsk şəhər piyada qoşun hissəsində çəkib. Yusif Əliyev 1991-ci ilin fevralında Yusif Əliyev Goranboyda ilk döyüş sınağından çıxıb. Silahlı erməni quldurları Buzluq, Mənəşli, Erkəç kəndləri tərəfdən basqınlar ediblər. Lakin 24 fevralda Mənəşli kəndinə hücum edildikdə ermənilər pərən-pərən düşdülər. 1991-ci il 14 sentyabrda düşmən Buzluq kəndinə hücum etdikdə əsgərlərimizə sursat çatdırmaq Yusifin ölümü bahasına, şəhadətə yüksəlməsi ilə başa gəlib.
Zərintac MayisqızıMissiya.Az