AZ

Günün brifinqi: Suriya şahmat taxtasında yeni gedişlər...

Suriyanın əsas şəhərlərini sürətlə nəzarətə götürən HTŞ doğrudanmı Türkiyənin müttəfiqidir?..

Müəllif: Azər Qaramanlı

Noyabrın 5-də ABŞ-də baş tutan prezident seçkilərindən sonra geosiyasi qarşıdurmaların baş verdiyi coğrafiyalarda hadisələr çox sürətlə inkişaf eləməyə başladı və artıq demək olar ki, seçkilərin qalibi olan Donald Tramp yanvarın 20-də noyabrın 5-nə qədər olan dünyadan tamamilə fərqli bir dünya miras alacaq. Bəs doğrudanmı Bayden adminstrasiyası Tramp üçün daha qarmaqarışıq bir geosiyasi xəritə buraxaraq çəkilmək istəyir?

Əslində tək Baydenin Demokrat Adminstrasiyası deyil, bütün geosiyasi aktorlar çox tələsirlər və bu aktorların yanvarın 20-ə qədər daha əlverişli mövqe qazanmaq cəhdləri hadisələri cığırından çıxarır. Suriyada baş verənlər də, bu qəbildəndir...

Hər şeydən əvvəl onu qeyd edək ki, Suriyada hər şey Bəşər Əsəd rejiminin yıxılması və Suriyada Əfqanlstandakı “Taliban” rejiminə oxşar bir rejimin formalaşmasına doğru gedir. Bunun qarşısının alınması isə nə Qərb üçün, nə regionun ərəb dövlətləri, nə də Suriya ilə yaşananları birbaşa yaşayan Türkiyə üçün elə bir əhəmiyyət və önəm daşımır. Çünki Bəşər Əsədin rejiminin varlığı bu geosiyasi aktorlar üçün çıxar saxlamır, əksinə, Əsəd rejimi daha çox regional problemlərin həllində çoxları üçün “kal armud”dan savayı bir şey deyil.

Bu arada, bəzi detallara keçməzdən əvvəl, dünən üç günlük susqunluqdan sonra ABŞ-dən Suriyada baş verənlərələ bağlı verilən açıqlamaya diqqət çəkmək istərdim. Açıqlamanı heç də təkrarlamadan, bir cümlə ilə şərh edərsək, Vaşinqtonun dediyi budur: Biz Əsədlə yola davam etmək istərdik, lakin bunun üçün rejim İranRusiyadan üz döndərməlidir...

Vaşinqtonun bu yanaşması əslində bu gün Suriyada baş verənlərə bir açardır. Söhbət hər şeydən əvvəl Bəşər Əsədin rejiminin varlığının hansı geosiyasi aktorlar üçün həyati əhəmiyyət daşımasından gedir. Bunlar təbii ki, İranRusiyadır və qeyd edim ki, Suriyada Bəşər Əsəd rejiminin yıxılması əslində İranRusiya üçün yeri doldurulmaz olan inanılmaz böyük itkidir və əgər bu yaşanarsa, hər iki geosiyasi aktorun təsir gücləri çox böyük problemlərlə üzləşəcək və hətta bunu fəlakətli itki də adlandırmaq olar.

İran üçün Bəşər Əsəd rejiminin iflası təkcə “şiə müqavimət hərəkatı”nda Suriyanın olmaması deyil, həm də “şiə ayparası”nın böyük qismdə təsir gücünün itirilməsi deməkdir. Hər şeydən əvvəl İran uzun illər boyu özünün sattellitunə çevirdiyi bir ölkədə şiə-molla rejiminə düşmən olan sünni-sələfi bir hakimiyyətlə üz-üzə qalacaq ki, bu da Tehran üçün əslində fəlakətdən başqa bir şey deyil. Bu həmçinin İranın qurudan Livanla, yəni “Hizbullah”la olan əlaqələrinin kəsilməsi demək olacaq ki, bundan da “Hizbullah” və İran kifayət qədər zəifləyəcək.

Vəziyyətin dəyişdirilməsi üçünsə İran SEPAH qüvvələrinin bir hissəsini qurban verməlidir. Açığı demək lazımdır ki, İsrailin HƏMAS VƏ “Hizbullah”la savaşında SEPAH onsuz da ağır itkilər verib. Bundan sonrakı mərhələdə SEPAH qüvvələrinin Suriyda ağır itkilərə məruz qalması əslində İranın müdafiə qüdrətini kifayət qədər zəiflədəcək və qeyd etməliyik ki, İsraillə davamlı müharibə şəraitində olan İran üçün bu, heç də qəbul ediləcək bir risk deyil. Yəni İran Suriyada sələfi müxalifətlə müharibəyə başlasa, bu müharibə əslində İranın hərbi və iqtisadi cəhətdən tükənməsi demək olacaq ki, bu da ABŞ və İsrailin işinə tamamilə yarayacaq.

Bəşər Əsəd rejiminin Rusiya üçün əhəmiyyətindən danışarsaq, deyə bilərik ki, Aralıq dənizində Moskvanın tək hərbi bazası Suriyda, Tartusda yerləşir və əgər Rusiya bu hərbi bazanı itirirərsə, o zaman bu, Moskvanın Aralıq dənizindən çıxarılması demək olacaq. Dünyanın ikinci qütbü olmaq uğrunda Ukraynada Qərbə qarşı müharibə aparan Rusiya üçünsə Aralıq dənizində mövsudluğunu itirməsi, əslində Moskvanın geosiyasi təsirini yarıbayarı azaldacaq.

HTŞ-nin rəhbərliyi altında sünni-sələfi qruplaşmalar Dəməşqi ələ keçirmədən belə Humusu (Homs) almaqla əslində Tartus hərbi bazasının yerləşdiyi Latakiya vilayətinin mühasirəyə alınması demək olacaq ki, bu halda belə Rusiyanın Suriyadakı vəziyyəti heç də ürək açan olmayacaq. Ona görə də, yaxın günlərdə Həma ətrafında baş verəcək döyüş Əsədin, o cümlədın Rusiyaİranın taleyini həll edəcək. Həmanın çöküşü əslində Humus və Dəməşqin çöküşü olacaq ki, bunun da baş verib verməyəcəyini yaxın günlərdə görəcəyik.

İrandan fərqli olaraq, Rusiya sələfi müxalifətlə anlaşmaya gedə bilər. Lakin bunun üçün Bəşər Əsədi qurban verməlidir ki, bu halda belə, gələcəkdə Rusiyanın Aralıq dənizində hərbi cəhətdən mövcudluğu böyük sual altında qalacaq. Bu riskli anlaşmaya getsə belə, Ukraynada min kilometrlərlə uzanan bir cəbhədə müharibə aparan Rusiya üçün Suriyada daha böyük hərbi güc saxlamağı tələb edir ki, bu da Moskvanın yorğanına uyğun gəlmir.

Yəni istər Tehran, istərsə də Moskva Suriyada çox pis məqamda yaxalanıblar ki, bu geosiyasi aktorların vəziyyəti öz xeyirlərinə dəyişə bilmələri heç də inandırıcı görünmür. Digər tərəfdən hesab edirəm ki, ən yaxın zamanda Rusiyaya qarşı Mali, Mərkəzi Afrika Respublikası kimi Afrika ölkələrində də Suriyada olan üsyanşı hərəkətlənmələr baş verəcək. Əgər bu silahlı hərəkətlənmələr də baş verərsə, Rusiyanın geosiyasi imkanları kifayət qədər daraldılacaq.

Bəs terror qruplaşması olaraq tanınan “Həyat Təhrir əş-Şam” qruplaşmasının rəhbərlik etdiyi Surya müxalifət güclərinin arxasında kim dayanır. Təbii ki, bu sualı bu gün hər kəs özünə verir.

60 mindən artıq canlıl qüvvəyə və müasir silahlara sahib olan bu sələfi silahlı qruplaşmalarının arxasındakı güc kimdir? İlk baxışdan göründüyü kimi, Türkiyəmi, ABŞ-mi, yoxsa İsrail və digər geosiyasi aktorlar?

Sələfi qruplaşmalrda PKK-da olan silahlar olmadığı üçün ABŞ və İsrailin birbaşa bu güclırin arxasında olduğunu söyləmək çətindir. Adətən Suriyadakı sələfi qruplaşmaları maliyyələşdirən Səudiyyə Ərəbistanıın və Birləşmiş Ərəb Əmirliklərinin Əsəd rejimini müdafiə etmələri onu deməyə əsas verir ki, ilk baxışda HŞT-nin arxasındakı güc Türkiyə və Qətər görünür. Lakin bu ilk baxışda belədir və əslində ABŞ və İsrail Qətər vasitəsi ilə bu silahlı birləşmələri idarə edir.

Türkiyənin burada aldığı rola gəlincə, Suriyada yaşananların Türkiyəyə birbaşa təsir etdiyini və milyonlarla suriyalı qaçqının artıq Ərdoğan hakimiyyətinin probleminə çevrildiyini nəzərə alarsaq, o zaman Ankaranın Suriyada ciddi və əsas rol alması da təbiidir. Bundan əvvəl “Astana” razılaşmalarının pozulması ilə bağlı dəflərlə Rusiyaya və İrana xəbərdarlıq edən Türkiyə öz maraqlarını müdafiə etməyə məcburdur. Son olaraq Bəşər Əsəd rejiminin Türkiyə ilə razılığa gəlmək istəməməsi də, əslində səbr kasasını dolduran son damla oldu.

Məsələnin digər önəmli tərəfi isə odur ki, hazırda Suriya müxalifətinin nəzarətə götürdüyü coğrafiya “Astana” razılaşmasının yerinə yetirməsidir və Türkiyə uzun illərdir Rusiyaİrandan bu razılaşmanın yerinə yetirilməsini istəyirdi.

Bəs Suriyanın əsas şəhərlərini sürətlə nəzarətə götürən HTŞ doğrudanmı Türkiyənin müttəfiqidir? Əslində bu sualın cavabı HTŞ-nin PKK/YPG-yə qarşı sərgiləyəcəyi mövqedən asılı olacaq. Hazırda Əsədin cəbhəsindən çıxış edən PKK/YPG-nin HTŞ ilə anlaşması mümkün variantlardan biridir və bu, Suriyada ABŞ və İsrail üçün həyati əhıəmiyyət daşıyır. Belə bir anlaşma baş verərsə, HTŞ-nin rəhbərliyi altında olan silahlıqruplaşmaların parçalanması da qaçınılmaz olacaq.

Yəni Suriyadakı geosiyasi şahmat taxtasında mürəkkəb gedişlər hələ qabaqdadır...

Poliqon.info

Seçilən
88
8
poliqon.info

10Mənbələr