AZ

Prezident İlham Əliyev: Azərbaycan-BƏƏ siyasi dialoqu əməkdaşlığı genişləndirmək üçün yaxşı zəmin yaradır

Bakı, TurkicWorld

Qardaşlıq, qarşılıqlı hörmət, etimad və dəstək üzərində qurulmuş Azərbaycan-BƏƏ dövlətlərarası münasibətləri hazırda dinamik və hərtərəfli inkişaf etməkdədir. Fəal siyasi dialoqumuz bütün sahələrdə əməkdaşlığımızı daha da genişləndirmək üçün yaxşı zəmin yaradır.

TurkicWorld xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyana bu ölkənin milli bayramı – Müstəqillik Günü münasibətilə ünvanladığı təbrik məktubunda yer alıb.

Dövlətimizin başçısı qeyd edib ki, BƏƏ Prezidentinin cari il ərzində Azərbaycana həyata keçirdiyi iki səfər ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin yüksək səviyyəsindən xəbər verir.

Son dövrdə ölkələrimiz arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu, əməkdaşlığımızın inkişafında yeni istiqamətlərin müəyyən edildiyini diqqətə çatdıran Azərbaycan Prezidenti əlavə edib: "Enerji sektorunda, xüsusilə də yaşıl enerji sahəsində atdığımız önəmli addımlar məmnunluq doğurur. Bu xüsusda ölkənizin "Masdar" şirkətinin bərpaolunan enerji sahəsində Azərbaycandakı səmərəli fəaliyyətini ayrıca vurğulamaq istərdim".

Eyni zamanda, Azərbaycanın COP29 sədrliyi ilə BƏƏ-nin COP28 sədrliyi arasında təşəkkül tapmış uğurlu əməkdaşlıq münasibətlərini təqdir edən Prezident İlham Əliyev ölkələrimizin bundan sonra da iqlim fəaliyyətinin irəli aparılması istiqamətində birgə çalışacağına inamını bildirib.

"Əminəm ki, Azərbaycan-BƏƏ dostluğunun və etibarlı tərəfdaşlığının möhkəmləndirilməsi, əməkdaşlığımızın həm ikitərəfli, həm də çoxtərəfli əsaslarda genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik", - deyə dövlətimizin başçısı məktubunda vurğulayıb.

Seçilən
6
27
turkic.world

10Mənbələr