Rusiyali muzdluların nəzarətində olan hərbi baza ələ keçirilib
Suriyalı üsyançılar rus muzdluları tərəfindən istifadə edilən hərbi bazada Rusiya bayrağını yandırıblar.
“AzPolitika” xəbər verir ki, bu barədə xarici KİV-də və sosial şəbəkələrdə videogörüntülər yayımlanıb.
Bunun türkyönümlü Suriya Milli Ordusu (SNA) qruplaşması tərəfindən edildiyi bildirilir. Hadisə Suriyanın şimal-qərbində, Hələb və İdlib əyalətlərində müxalifət qüvvələrinin genişmiqyaslı hücumu fonunda baş verib.
Hələb yaxınlığında yerləşən həmin baza Rusiya qüvvələrinin müasir silahları, o cümlədən T-72 tankları, BTR-80 zirehli transportyorları və hava hücumundan müdafiə sistemləri yerləşən strateji obyekt olub. Bazanın ələ keçirilməsi Bəşər Əsəd rejiminə və onun müttəfiqlərinə, o cümlədən Rusiyaya qarşı əməliyyatlarını gücləndirən üsyançılar üçün mühüm simvolik və hərbi uğur sayılır.
Son bir neçə gün ərzində Suriya hökumət qüvvələri geniş ərazilərə nəzarəti itirib və Prezident Əsəd təcili olaraq Rusiya rəsmiləri ilə görüş keçirib, vəziyyəti sabitləşdirmək üçün əlavə dəstək istəyib. Əsədin həmçinin, Rəcəb Tayyib Ərdoğanla əlaqə yaratmağa çalışdığı barədə məlumatlar var.