AZ

Gürcüstanda etiraz dalğası- Proses nə qədər davam edəcək- Politoloqdan İLGİNC ŞƏRH

Məlum olduğu kimi Tiflisdə müxalifətin təşəbbüsü ilə keçirilən mitinqlər davam edir. Keçirilən etiraz aksiyalarında polisin və vətəndaşların qarşıdurmaları qeydə alınıb. Etirazçılar hökumətin "şəffaflıq qanunu" və digər siyasi məsələlərə dair mövqeyinə etiraz edirlər. Müxalifət hökuməti Avropa Birliyi inteqrasiya prosesini ləngitməkdə ittiham edir. Avropa İttifaqı isə Gürcüstan hakimiyyətinə demokratik islahatları sürətləndirmək üçün çağırış edib.

“Gürcüstanda vətəndaş qarşıdurmasının davamı bu ölkədə gərginliyi artıracaq”. Bu sözləri politoloq Elxan Şahinoğlu mövzu ilə bağlı Musavat.com-a açıqlamasında deyib.

Politoloq xatırladıb ki, yaxın tarixdə Gürcüstan oxşar hadisələr yaşayıb:

“Gürcüstan vətəndaşları 1991-ci ilin aprelində böyük səs çoxluğu ilə Zviad Qamsaxurdiyanı prezident seçdi. Ancaq cəmi 10 ay sonra Qamsaxurdiyanı devirdilər və onu devirən qüvvələr keçmiş tərəfdarları idi. Paytaxt Tbilisidə silahlı toqquşalar oldu və Qamsaxurdiya ölkədən qaçdı. Eyni hadisələr təkrarlanır. Gürcüstanın hazırkı Prezidenti Salome Zurabişvili hakim “Gürcü arzusu” Partiyasının dəstəklədiyi namizəd idi. Salome Zurabişvili “Gürcü arzusu” Partiyasının namizədi olaraq əsas rəqibi keçmiş xarici işlər naziri və keçmiş Prezidenti Mixail Saakaşvilinin dəstəklədiyi namizəd Qriqol Vaşadze üzərində qələbə qazandı. Ancaq bu qələbədən zaman keçdikcə Salome Zurabişvili ilə onu dəstəkləyən hakim partiya arasında fikir ayrılığı yarandı. Hazırda fikir ayrılığı o qədər dərinləşib ki, hakim partiya və hökumət insanları sabitliyə və evlərinə dağılışmağa dəvət edir, Prezident isə əksinə hökumətə qarşı mitinq və küçə yürüşlərini davam etdirməyə səslənir. Gürcüstanda 14 dekabrda Prezident seçkisi keçiriləcək. Hakim partiyanın namizədi var. Buna baxmayaraq, Salome Zurabişvili 14 dekabrdan sonra vəzifəsini tərk etməyəcəyini açıqlayıb. Bu Gürcüstanda gərginliyi daha da artıracaq. Qərb ölkələri nə Gürcüstan hökumətinin və parlamentin legitimliyini tanıyır, nə də yeni dövlət başçısını tanıyacaq”.

Elxan Şahinoğlu qeyd edir ki, Gürcüstanda Qərblə Rusiyanın maraqları toqquşur:

“Gürcüstan hökumətinin Rusiya ilə açıq əlaqələri və diplomatik münasibətləri yoxdur. Buna baxmayaraq, oliqarx Bidzina İvanişvili Rusiyanın rəqibi olan Qərbi Gürcüstan üçün də təhlükə kimi qiymətləndirir. İvanişvili və onun nəzarət etdiyi hakim komanda belə hesab edirlər ki, Gürcüstan Avropa İttifaqına öz gündəmi ilə daxil olmalıdır. Avropa İttifaqı isə əksinə hesab edir ki, əgər Gürcüstan birliyə üzv olmaq istəyirsə, Tbilisi Brüsselin bütün şərtlərini qəbul etməlidir. İxtilaf buna görə yaranıb. Gürcüstan Parlamentinin qəbul etdiyi iki qanun rəsmi Tbilisi ilə Brüsselin yollarını ayırdı. Buna baxmayaraq, Gürcüstan hökuməti Avropa İttifaqına üzvlükdən imtina etməmişdi. Bu baxımdan Gürcüstanın baş naziri İrakli Kobaxidzenin Avropa İttifaqına üzvlüklə bağlı danışıqları 2028-ci ilə dondurmaq qərarı vəziyyəti daha da gərginləşdirdi. Halbuki, bunu elan etmədən də hökumət müstəqil siyasətini davam etdirə bilərdi. Baş nazirin qərarı Ukraynada 2013-cü ildəki hadisələrə bənzədi. Ukraynanın keçmiş Prezidenti Viktor Yanukoviç 2013-cü ildə fikrini iki dəfə dəyişdi. O əvvəlcə Avropa İttifaqı ilə assosiativ saziş imzalamağa hazır olduğunu bildirsə də, Kremlin təzyiqi altında bu fikrindən imtina etdi. Nəticədə Ukrayna gəncləri Kiyevdə davamlı mitinq və küçə yürüşlərinə başladı, tarixə “İkinci Maydan” hadisələri kimi düşən olaylar baş verdi. Bu olayların Ukrayna üçün ağır nəticələri oldu. Rusiya əlinə düşən fürsətdən istifadə edərək əvvəlcə Krımı ilhaq etdi, ardınca hərbi qüvvələri Ukraynanın şimalına daxil oldular, müharibə bu gün də davam edir. İndi Gürcüstanın baş nazirinin qərarı da bu ölkədə Avropa İttifaqı tərəfdarlarını mitinq və yürüşlərə sövq edib. Etirazlara qatılanların sayı getdikcə artarsa, bu Gürcüstan hökumətinin işini çətinləşdirəcək. Ona görə də hökumət müxtəlif yollarla etirazların səngiməsinə çalışacaq. Bu halda Gürcüstan hökuməti üzərində təhlükə tədricən sovuşmağa başlayacaq”.

Elxan Şahinoğlunun fikrincə, buna baxmayaraq, Gürcüstanda Qərb tərəfdarlarının hökumətə və mövcud parlamentə qarşı mübarizəsi davam edəcək:

“ABŞ və Avropa İttifaqı Gürcüstandakı müxalifətə də qeyri-hökumət təşkilatlarına dəstəklərini artırmağa çalışacaqlar. Vaşinqton və Brüsselin Gürcüstan hökumətinə qarşı artan təzyiqi də müxalifətin işinə yarayacaq. Bu vəziyyətdə Gürcüstan hökuməti Qərbə alternativ olaraq Rusiya ilə yaxınlaşmağa çalışa bilər. Mümkünkündür ki, Gürcüstan indiyənə qədər iştirak etmədiyi 3+3 (Türkiyə, İran, Rusiya + Azərbaycan, Gürcüstan, Ermənistan) formatına da qatılsın”.

Politoloq onu da əlavə edib ki, Gürcüstanda xaosun davamı Azərbaycanın maraqlarına ziddir:

“Azərbaycan Gürcüstanda sabitliyin bərqərar olmasını istəyir. Azərbaycanın əsas regional layihələri Gürcüstanla əlaqəlidir, boru xətləri və nəqliyyat yolları qonşu ölkədən keçir. Azərbaycanın Gürcüstanda yatırımları var. Digər tərəfdən Gürcüstanda yaşayan azərbaycanlıların təhlükəsizliyi də əhəmiyyətlidir”. 

Xalidə Gəray
Musavat.com

Seçilən
0
musavat.com

1Mənbələr